Azərbaycanda atmosfer yağıntılarının miqdarı 14 faiz azalıb - Nazir Hadisə

Azərbaycanda atmosfer yağıntılarının miqdarı 14 faiz azalıb - Nazir

İqlimin sürətlə istiləşməsi tendensiyası ölkəmizdə də özünü biruzə verir. Hava-iqlim prosesləri ilə bağlı risklər artır.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, araşdırmalar göstərir ki, 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,40 dərəcə yüksəlib: “İki dövr arasında - 1961-1990 və 1991-2017-ci illər üzrə aparılmış müqayisəli təhlillərə görə, Azərbaycanda atmosfer yağıntılarının miqdarı orta hesabla 14% azalıb. Bu proseslərin qarşısını almaq mümkün deyil, lakin beynəlxalq təcrübə göstərir ki, əvvəlcədən xəbərdarlıq verməklə onların fəsadlarını nisbətən yumşaltmaq olar. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlığı təmin etmək məqsədi ilə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb”.
M.Babayev vurğuayıb ki, hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinə xidmət göstərən müasir müşahidə sistemləri olan radarların, atmosferdə müxtəlif hündürlüklər üzrə baş verən dəyişmələri izləmək üçün radiozondların, dəniz avtomat hidrometeorloji stansiyaların tətbiqi və modernləşdirilməsi işləri görülür.