Ramin Bayramlı: “Karantində 3 mindən artıq vətəndaşımız var” Hadisə

Ramin Bayramlı: “Karantində 3 mindən artıq vətəndaşımız var”

Süni tənəffüs aparatlarına qoşulan koronavirus xəstələrinin çoxu vəfat edir.
Bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, koronavirusa yoluxan xəstələr süni tənəffüs aparatına qoşulan zaman ağırlaşmalar, orqan çatışmazlığı yaranır.
“TƏBİB-in qaydaları sərtləşdirmək üçün Operativ Qərargaha, hökumətə müraciət etmək məcburiyyətində qalmamağı üçün vətəndaşlar qaydalara riayət etməlidir. Bu gün yoluxan 105 nəfərdən biri - yaşlı qadının vəziyyəti ağırdır. Nisbətən gənc yaşda olan xəstələrimizin də xəstəliyi ağır keçirməsi halları var. Vətəndaşlarımızın ən böyük töhfəsi karantin rejiminə əməl etməsi olar. O vətəndaşlara həkimlərimizin geyindiyi kombinzonu, maskanı geyindirsək, 1 saat da belə qala bilməzlər. O geyimdə nəfəs almaq çətindir, eynək belə tərləyir. Həkimlər belə çətinliyə dözür, bunun qarşılığında insanların evlərində ailələri ilə günlərini keçirməkləri niyə çətin olsun?! Vətəndaşlarımızla bərabər tibb işçilərinin də psixoloji dəstəyə ehtiyac var. Bu baxımdan tibbi personalımıza və karantindəki vətəndaşlarımıza dəstək üçün Psixoloji Yardım mərkəzi yaradırıq. Bura təcrübəli mütəxəssisləri cəlb edirik. Karantin rejimində 3 mindən artıq vətəndaşımız var. Hazırda yoluxanların bir qismi karantin rejiminə əməl etməyənlərdir”, - deyə TƏBİB sədri vurğulayıb.