Gəncədə iki polis əməkdaşı həbs edilib Hadisə

Gəncədə iki polis əməkdaşı həbs edilib

Hər iki şəxs Gəncə Şəhər Prokurorluğunda başlanmış cinayət işi ilə bağlı həbs olunublar

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin (RPİ) iki əməkdaşı həbs edilib.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Nizami RPİ-nin post-patrul xidmətinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Nəbiyev Sakin Yaşar oğlu və polis serjantı, 1991-ci il təvəllüdlü Kazımov Tural Rasim oğlu Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinirlər.
Hər iki şəxs Gəncə Şəhər Prokurorluğunda başlanmış cinayət işi ilə bağlı həbs olunublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə açıqlamasında bildirilib ki, adıçəkilən şəxslər keçmiş polis işçiləridir: "Onlar əvvəllər polis orqanlarında sıravi polis vəzifəsində çalışıblar. Hazırda daxili işlər orqanlarında həmin adda şəxslər çalışmır. Onların törətdiyi əməllərin də polislə bir əlaqəsi yoxdur. Çünki onlar bir ay əvvəl mülki şəxs kimi həbs ediliblər".