“Müxalifətdən heç kəs mənə arxa durmadı” Hadisə

“Müxalifətdən heç kəs mənə arxa durmadı”

Elsevər Mürsəlli: "kiminsə məni qınamağa haqqı yoxdur"
"İki gündür azadlıqdayam. Hər şey yaxşıdır. Allah cənab prezidentimizin canını sağ eləsin". Bu sözləri "Media forum" saytına Elsevər Mürsəlli deyib.
Elsevər Mürsəlli deyib ki, azadlıq təəssüratı əladır: "Bundan sonra siyasətlə məşğul olmayacam. Həbsdə olduğum 9 ay müddətində müxalifət nümayəndələrindən heç kəs mənə arxa durmadı, məhkəməmə belə gələn olmadı. Ona görə də kiminsə məni qınamağa haqqı yoxdur. İçəridə olduğum 9 ay ərzində bunların hamısı mənə təsir edib. Yaxın zamanlarda Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün partiyanın sədri cənab İlham Əliyevə müraciət edəcəm. İnşallah, müraciətim qəbul olunar.
Hazırda rayonumuzda – Xaçmazdayam. Bir ay burda istirahət edəcəm. Səhhətimdə problem yoxdur. Yeganə istəyim yaxşı oxuyub sosiologiya və psixologiya sahəsi üzrə təhsil almaqdır".
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən oktyabrın 18-də azadlığa çıxan Elsevər Mürsəllini 2013-cü il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi həbs etmişdi. O, külli miqdarda narkotik saxlamada təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O zaman "Feysbuk" fəalı olmuş Elsevər Mürsəllinin bir sıra müdafiəçiləri onun sosial şəbəkələrdə 2013-cü ilin il prezident seçkisi zamanı müxalif namizəd Cəmil Həsənlini dəstəklədiyinə görə həbs edildiyini bildirirdilər.