“Azərbaycanda Ebola təhlükəsi yoxdur” Hadisə

“Azərbaycanda Ebola təhlükəsi yoxdur”

Taun Əleyhinə Stansiyasının direktor müavini: "Amma virusun xaricdən gətirilməsi mümkündür"

"Ölkəmizdə Ebola təhlükəsi yoxdur". Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov AzərTAc-a belə deyib.
Amma Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, Ebola virusunun Azərbaycana xaricdən gətirilməsi mümkündür: "Odur ki, bu məsələyə çox ciddi yanaşılır. Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, hava limanında Afrika ölkələrindən, eləcə də digər ölkələrdən gələnlər yoxlanılır, onların ünvanları götürülür. Eyni zamanda onlar 21 gün ərzində ərazi poliklinikaları tərəfindən nəzarətdə saxlanılırlar".
Şair Qurbanovun sözlərinə görə, xəstəliyin gizli mərhələsində insanın virusa yoluxduğunu təyin etmək mümkün deyil: "Yalnız gizli dövr keçəndən sonra insanda xəstəliyin əlamətləri özünü göstərə bilər. Azərbaycanın sərhəd-keçid məntəqələrində yaradılmış tibb məntəqələri Dövlət Gömrük Komitəsinin tabeliyindədir. Onlar öz işlərini Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə qururlar. Aeroportdan düşən adamlar çox vaxt yoxlanılmadıqlarını iddia edirlər. Ancaq bu belə deyil. Sərhəd-keçid məntəqələrində, hava limanında quraşdırılmış xüsusi aparatlar insanların hərarətini uzaqdan ölçür".
Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini qeyd edib ki, banan vasitəsilə Ebola virusunun Afrika ölkələrindən Azərbaycana gətirilməsi mümkün deyil, çünki bu virus açıq havada uzun müddət yaşaya bilməz: "Yalnız qarayara virusu uzun müddət yaşaya bilər. Bananın ölkəmizə gətirilməsi isə 1-2 ay çəkir".