Erməni təxribatının qarşısı alındı Hadisə

Erməni təxribatının qarşısı alındı

Müdafiə Nazirliyi: "Qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib"

Ermənistan mətbuatı cəbhə xəttində hələik 4 erməni hərbçinin öldürüldüyünü etiraf edib

Erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan Ordusu tərəfindən məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir itki yoxdur, cəbhə boyu vəziyyətə tam nəzarət edilir.
Artıq erməni mətbuatı Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təsdiqləməyə başlayıb. "Aravot" qəzetinin yaydığı məlumata görə, dünən gecə cəbhə xəttində vəziyyət gərgin olub və 4 erməni əsgəri öldürülüb. Lakin qəzet bunu fərqli şəkildə təqdim edib və iddia olunub ki, guya, hücuma keçən tərəf Azərbaycan Ordusu olub. Aydın məsələdir ki, ermənilər bununla təbliğat aparırlar və ənənəvi olaraq günahı bizim üzərimizə qoymağa çalışırlar. Lakin Azərbaycandakı hərbi mənbələrdən sızan bilgilərə görə, dünən gecə baş vermiş atışmada 7 erməni əsgəri öldürülüb. Onların sayının 11 nəfər olduğu müəyyən edilib. Lakin 4 nəfəri aradan çıxa bilib. Onların kəşfiyyat-təxribat qrupu olduğu isə qəti şübhə doğurmur.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc erməni təxribatının qarşısının alınması üçün Azərbaycanın Müdafiə Nazirliyinin üzərinə düşənlərin öhdəsindən yetərincə gəldiyini qeyd edib: "Məlum avqust hadisələrindən sonra erməni tərəfi bütün cəbhə xəbərlərini çox ciddi süzgəcdən keçirir, onun cəmiyyətə necə təsir göstərəcəyini götür-qoy edir. Hazırda Ermənistandakı ümumi ictimai münasibətlər və dövlətlə etiraz edən siyasi qruplar arasındakı vəziyyət bunu diktə edir. Buna görə də Ermənistanda hərbi senzura hökm sürməkdədir, sonuncu informasiyaların yayılması da məhz bu qəbildəndir".
Deputat qeyd edib ki, ermənilər faktiki olaraq Ağdamda məlum təxribatları zamanı verdikləri itkiləri cəmiyyətdə təlatümə səbəb olmaması üçün hissə-hissə təqdim etdilər. "Təbii ki, meyitlərini meyitxanada saxlayaraq, sonradan hansısa birinin minaya düşməsi, digərinin başqa bir toqquşmada ölməsi və digər buna bənzər açıqlamalar da bunun sübutudur. Bununla özlərini cəmiyyətin qınağından və ittihamlarından qorumağa çalışırlar.
Dünənki məlumatlardan da aydın göründü ki, Azərbaycan Müdafiə Nazirliyi heç bir məsələni gizlətmədən həqiqi vəziyyəti təqdim etdi. Amma qarşı tərəf guya onların əsgərinin Azərbaycan tərəfdən vurulduğunu, həmçinin guya təxribata cavab reaksiyası olaraq Azərbaycan tərəfinin də bir neçə itki verdiyi uydurmasını yaydılar. Bunların hamısı qeyd etdiyimiz şokdan ayılmaq üçündür. Çünki helikopterin vurulması sıradan bir hadisə deyildi. Bu, ermənilərə həm maddi, həm də mənəvi itkilər yaşatdı. Zabit yetişdirmək çətin, uzun illərin işidir, bahalı prosesdir. Onlarsa üç zabitini eyni vaxtda itirdi. Bununla, əslində Azərbaycan tərəfi də göstərdi ki, hədəfi sıravi əsgər deyil. Kimsə zabit qiyafəsində Azərbaycan ərazisinə soxulmağa çalışacaqsa, nəticəsi ağır olacaq. Ona görə düşünürəm ki, Müdafiə Nazirliyinin mətbuat xidməti kifayət qədər intensiv işləyir və bütün informasiya məkanı ilə fəal əməkdaşlıq edir. Belə olan təqdirdə, erməni tərəfi birtərəfli qaydada yaydığı məlumatlarla cəmiyyətlərini inandıra bilməz. Danmaq olmaz ki, erməni tərəfinin də özünəməxsus elitası var. Rəylərindən, mövqelərindən, rütbələrindən asılı olmayaraq, onlar da Azərbaycan tərəfinin məlumatları ilə öz xəbərlərini tutuşdurub müqayisə edir və həqiqəti tapmağa çalışırlar. Ona görə düşünmürəm ki, Ermənistanın Müdafiə Nazirliyinin, yaxud Qarabağdakı separatçı qurumun məlumatlarına böyük inam olsun".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə yalanların yayılmasında erməni lobbisinin rolunun güclü olduğunu diqqətə çatdıırıb: "Ermənilərin çox zəngin, təşkilatlanmış, güclü diasporları var. Bu diasporlar bütün dünyada Azərbaycanla bağlı yalan məlumatlar yaymaqla məşğuldurlar. Onlar bütün imkanlardan istifadə edərək Azərbaycan və Türkiyə barəsində ağlasığmaz yalan məlumatları ictimailəşdirməklə məşğuldurlar. Təbii ki, bizim onlara qarşılıq verəcək güclü diasporumuz yoxdur. Ancaq bizim də diasporumuz yeni-yeni qurulmaq, təşkilatlanmaq üzrədir. Təəssüf ki, bizə yaxın olan Türkiyənin də erməni diasporuna qarşı mübarizə aparacaq güclü təşkilatarı yoxdur. Azərbaycanın əlindəki yeganə vasitə beynəlxalq təşkilatlarda erməni yalanlarını ifşa etməkdir".

Əli