“Rusiyanın 20 Yanvara görə məhkəməyə verilməsi reallıqdan uzaqdır” Hadisə

“Rusiyanın 20 Yanvara görə məhkəməyə verilməsi reallıqdan uzaqdır”

Vəfa Quluzadə: "Bunu günümüz üçün aktual hesab eləmirəm"

Vahid Əhmədov: "Bu addımın müsbət mənada hansısa nəticə verəcəyi inandırıcı deyil"

"20 Yanvar hüquqi bir cinayət əməli deyil. 20 Yanvar siyasi hadisə idi. Mahiyyət etibari ilə Azərbaycan Rusiyanın tərkibindən çıxmaq istəyirdi. Sovet hökuməti, rus imperiyası isə bunun qarşısını almaq istəyirdi. Əgər bu gün cinayət məsuliyyətə cəlb olunması gərəkən bir qüvvə varsa, o da Rusiya imperiyasıdır". Bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. O, 20 yanvar olaylarına görə Rusiya hökumətini məhkəməyə verməyin mümkünlüyünü vurğulayıb: "Təbii ki, bu, hüququn yox, beynəlxalq hüququn predmetidir. Daxili hüquqla bu məsələyə qiymət vermək gülüncdür. Niyə? Çünki biz müstəqil olmaq istəmişik. Ruslar isə buna razı olmayıb. Buna görə də bizi qırıblar. Bu, kriminal bir hadisə deyil ki? Müharibədə insanlar bir-birini öldürür. Müharibədə kimi buna görə məsuliyyətə cəlb edirlər? Sadəcə müharibələrdə beynəlxalq qanunları pozmağa görə məsuliyyət var. Amma müharibədə iştirak edib kimisə öldürməyə görə məsuliyyət yoxdur. Əgər sovet hökuməti qalsaydı, o zaman Bakıya qoşun yeridənlər, bu prosesdə yer alanlar – azərbaycanlı və ya qeyri-azərbaycanlı olsun- onlara böyük mükafatlar, vəzifələr veriləcəkdi. Hətta o zaman 20 Yanvar hadisələrinin törədilməsini istəyən azərbaycanlılara mərkəzi hökumət tərəfindən rütbə və mükafatlar verildi. Bunu hamı bilir. Bu baxımdan biz bu məsələni bu cür həll edə bilmərik. Əgər 20 Yanvar məsələsi ilə bağlı Azərbaycan həqiqətən də düzgün qərar qəbul etmək istəyirsə, həmin hadisələrə görə indiki Rusiya hökumətini beynəlxalq məhkəməyə verməlidir. Çünki Rusiya hökuməti özünü SSRİ hökumətinin qanuni varisi kimi elan edib. SSRİ-yə olan borcları da o alıb, SSRİ-nin ödəməli olduğu borcları da o verib. SSRİ-yə görə də məsuliyyəti Rusiya daşıyır. Bu baxımdan biz bu imperiyanı beynəlxalq məhkəməyə verə bilərik. Amma bununla bağlı daxildə hansısa məhkəmə qurmaq düzgün deyil. Heç bir Azərbaycan qanunu yox idi ki, o zaman bu məsələni tənzimləsin. Bu məsələdə boşluq mövcuddur. Problem yanlış müstəvidə dəyərləndirildiyi üçün, bugünə qədər də buna lazımi qiymət verilməyib".
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə bu məsələni bu gün üçün real hesab etmədiyini vurğulayıb: "Rusiyanın 20 Yanvar olaylarına görə məhkəməyə verilməsi bu gün üçün reallıqdan uzaqdır. Bunu günümüz üçün aktual hesab eləmirəm. Bəlkə bunun da zamanı gələcək. Bütün dünya həmin hadisələrin kim tərəfindən və niyə törədildiyini bilsə də Rusiya xofu bəşəriyyətin canından hələ çıxmadığından hamı susmağa üstünlük verir. Buna görə də məsələ ilə bağlı əlavə şərh vermək zənnimcə düzgün deyil".
Millət vəkili Vahid Əhmədov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib. Millət vəkilinin sözlərinə görə, bu addımın müsbət mənada hansısa nəticə verəcəyi inandırıcı deyil: "Bu hadisələr SSRİ dönəmində baş verib. O vaxt Rusiya SSRİ tərkibindki dövlətlərdən biri idi. Rusiya SSRİ-nin varisi kimi qəbul edildiyinə görə, onu beynəlxalq məhkəməyə vermək olar. Lakin bunun hansısa nəticəsi olacaqmı? Şəxsən mən buna inanmıram. Lakin bunun Azərbaycan-Rusiya münasibətlərində gərginliyə səbəb olacağı şübhəsizdir. Rusiya bizə qonşu olan bir dövlətdir. Rusiya və Azərbaycan arasında normal iqtisadi-siyasi əlaqələr var. Dünyada iqtisadi-siysi böhran gedir. Rusiyanın məhkəməyə verilməsi münasibətlərdə problem yarada bilər. Buna görə də bu barədə hərtərəfli fikirləşmək lazımdır. Məsələnin iqtisadi, siyasi tərəflərini araşdırmaq lazımdır. Elə etmək lazımdır ki, Azərbaycana ciddi ziyan dəyməsin. Hesab edirəm ki, Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə versə belə, bunun hər hansı nəticəsi olmayacaq. Zənnimcə kimlərsə divident qazanmaq üçün bu məsələləri ortaya atır. Dünyanın indiki düzənində bu, o qədər də nəzərəçarpacaq məsələ olmayacaq. Doğrudur, bizim üçün ağır faciədir. Bizim insanlarımız qırılıb, dövlətimizə, millətimizə hücum olunub. Lakin bir şeyin ki, nəticəsi olmayacaq, zənnimcə bunun üzərinə getməyin bir mənası yoxdur".

Əli