ARDNF-in büdcə layihəsi dövlət başçısına təqdim olunacaq Hadisə

ARDNF-in büdcə layihəsi dövlət başçısına təqdim olunacaq

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanın baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda fondun 2015-ci il üçün büdcə layihəsi müzakirə olunub.
İclasda Müşahidə Şurası tərəfindən ARDNF-in 2015-ci il üçün büdcə layihəsinə, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərə dair icraçı direktor Şahmar Mövsümov tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, fondun 2015-ci il büdcəsinin gəlirlərinin 10 246 611,9 min manat, xərclərinin 11 813 909,2 min manat, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərinin 33 318,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb.
Müvafiq olaraq fondun 2015-ci il büdcə layihəsi, o cümlədən ARDNF-in vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması tövsiyə edilib.