“Soyqırım xalq yaddaşında” Hadisə

“Soyqırım xalq yaddaşında”

Bu mövzuda beynəlxalq konfrans keçiriləcək

Uğur


Martın 2-də AMEA-nın "Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi" Komissiyası və AMEA Folklor İnstitutu mütəxəssisləri bir araya gətirmək, azərbaycanlılara qarşı soyqırımlar mövzusu ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Bakı şəhərində "Soyqırım xalq yaddaşında" mövzusunda beynəlxalq konfrans keçirəcək. Konfransın mövzu başlıqları aşağıdakılardır:
- 1905-ci il soyqırımları xalq yaddaşında və tarixi qaynaqlarda;
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və erməni-türk qarşıdurmaları;
- Erməni-Osmanlı münasibətləri və soyqırım məsələləri;
- Urmiya və Salmasda erməni quldurlarının törətdiyi qətliamlar;
- Sumqayıt hadisələri;
- Qarabağ müharibəsi və soyqırımlar;
- Xocalı.
Konfransın məqsədi aşağıdakı kimi vurğulanır: "Dünyanı yenidən bölmək istəyən imperialist qüvvələr Osmanlı dövlətini yox etmək üçün çoxvariantlı planlar hazırlamışdılar. Bu planların tərkibinə ölkəni iqtisadi cəhətdən zəiflətməklə yanaşı, bölgədə yüzillər boyu bir ailə kimi dinc və mehriban yaşayan xalqlar arasında nifaq toxumu səpmək siyasəti də daxil idi.
Zəifləmiş qonşu dövlətlərin ərazilərini işğal edib sərhədlərini cənuba doğru genişləndirən Rusiya İmperiyası müharibədə məğlub olan Osmanlı və Qacarlar dövlətlərindən torpaq qoparmaqla, təzminat almaqla kifayətlənməmiş, xristianları müdafiə etmək adı altında erməni ailələrini Qafqazda yerləşdirib gələcək münaqişələrin və soyqırımların əsasını qoymuşdu. Başqalarının mülklərində yerləşdirilən ermənilər, imperialist dövlətlərin təbliğatına uyaraq, onlara mülklərindən pay vermiş müsəlmanları məhv etmək yolu tutdular.
1905-1907-ci illərdə başlayan erməni-müsəlman davası minlərlə insanın məhvinə, ev-eşiyinin, mal-mülkünün dağılmasına səbəb olsa da, imperialist qüvvələr öz planlarını tam həyata keçirə bilmədilər, nəticədə istər Osmanlı dövləti, istərsə də Rusiya İmperiyası ərazisindəki erməniləri təşkilatlandırmağa və onların silahlı birləşmələrini hərbi sursatla təchiz etməyə başladılar.
Birinci Dünya Müharibəsi başlayanda təşkilatlanmış və silahlanmış erməni əsgəri birlikləri Rus ordusu ilə birlikdə Osmanlı dövlətinə qarşı savaşa başladılar. Onlar Osmanlı ordusunun əsgəri birliklərinə zərbə vurmaqla kifayətlənmir, müsəlmanlar yaşayan kənd və qəsəbələrə basqınlar edir, insanları qoca, qadın, uşaq demədən qəddarlıqla öldürür, onların mal-mülklərini mənimsəyir, bəzən də kəndləri yandıraraq xarabalığa çevirirdilər.
Bolşeviklərin yaratdığı xaosdan istifadə edən erməni silahlı dəstələri nəinki Zaqafqaziyada, eləcə də Türküstanda yüzlərlə müsəlman kəndini dağıdıb, minlərlə insanı məhv etdilər. Onların bu amansız fəaliyyəti öz dövlətlərini qurduqdan sonra da davam etdi".
Konfransın keçirilməsinin məqsədi ilə bağlı o da vurğulanır ki, XX əsr ərzində Azərbaycan xalqına yönəldilmiş soyqırım siyasətinin faciəli təzahürləri müəyyən ərazilərimizin işğalı ilə nəticələnmişdir. Erməni işğalçılarının tarixi Azərbaycan əraziləri olan Göyçə mahalını, Zəngəzur qəzasını və Dağlıq Qarabağı işğal etmələri ölkəmizdə çoxsaylı insan tələfatına səbəb olub. Azərbaycan xalqı böyük müqavimət göstərməsinə baxmayaraq, XX əsrin əvvəllərində, Birinci Dünya müharibəsi dövründə, İkinci Dünya müharibəsindən sonra və nəhayət, ötən əsrin 80-90-cı illərində mürəkkəb ictimai-siyasi şəraitdə qanlı soyqırımların və deportasiyaların ağır və əzablı yollarından keçməli olub: "Bakı, Naxçıvan, Qarabağ, Quba, Şamaxı və Xocalı soyqırımları Azərbaycan tarixinə qanlı səhifələr kimi yazılıb. Göyçə mahalından, Dərələyəz və Zəngəzur qəzalarından, Vedibasardan zorla Azərbaycanın fərqli iqlim şəraitinə malik ərazilərinə köçürülən, ağır məhrumiyyətlərə və işgəncələrə məruz qalan soydaşlarımızın, eləcə də Qarabağ məcburi köçkünlərinin, xüsusən Xocalı əhalisinin acı taleyi barədə düşünməmək, bütün bu hadisələrə siyasi qiymət verməmək qeyri-mümkündür. Təsadüfi deyil ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım hadisələrindən biri kimi qəbul olunub. Erməni quldurlarının törətdiyi qırğınlardan onillər keçsə də, xalq soyqırım haqqında acı xatirələri nəsildən nəslə ötürmüş, tarixi sənədlərdə əksini tapmayan bir çox qırğın faktları məhz həmin xatirələr vasitəsilə bu günümüzədək gəlib çatıb. Xalq yaddaşında yaşamaqda olan acı soyqırım həqiqətlərini üzə çıxarmaq vacib və təxirəsalınmaz işlər sırasına daxildir. Həmin işləri istənilən səviyyədə həyata keçirməkdə, heç şübhəsiz, soyqırım faktlarını sənədlər əsasında, tarixi-siyasi aspektlər müstəvisində yenidən öyrənmək tədbirləri mühüm əhəmiyyət kəsb edir. Xalq yaddaşında hifz olunan şifahi tarixlə arxiv sənədlərində əksini tapan yazılı tarixin ciddi təhlillərdən, siyasi qiymətləndirmələrdən keçirilib ümumiləşdirilməsi azərbaycanlılara qarşı törədilmiş soyqırımlar barədə daha dolğun və obyektiv təsəvvür yaratmağa yaxından kömək edir.
Azərbaycan Milli Elmlər Akademiyası azərbaycanlılara qarşı soyqırımlar tarixini yenidən və əsaslı şəkildə öyrənməyi humanitar və ictimai elmlərimizin mühüm vəzifələrindən biri hesab edir. AMEA Rəyasət Heyəti nəzdində "Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi" adlı, nüfuzlu alimləri birləşdirən xüsusi komissiyanın yaradılması həmin vəzifələrin həyata keçirilməsi sahəsində atılan mühüm addımlardandır".