“Deputatların etik davranış qaydaları ilə bağlı qanunun qəbulu mümkündür“ Hadisə

“Deputatların etik davranış qaydaları ilə bağlı qanunun qəbulu mümkündür“

Siyavuş Novruzov: "Bu yöndə Avropa strukturları ilə dəfələrlə müzakirələr aparmışıq"

"Bələdiyyə qulluğu tamam başqa bir şeydir, bələdiyyənin yuxarı üst qurumu yoxdur".
Bunu Milli Məclisin (MM) deputatı Siyavuş Novruzov "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsi ilə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" mövcud qanunun bir sənəddə birləşdirilməsi yönündə səslənən təkliflərə münasibətini bildirərkən dilə gətirib.
"Hər bir bələdiyyə özünün elə bil ki, rəhbərliyidir. Yəni, özündən yuxarı qurum yoxdur bələdiyyədə. Amma dövlət qulluğunda bu kateqoriyalara bölünür və müxtəlif kateqoriyalar mövcuddur"- deyən, S. Novruzov bildirib ki, ona görə də bu məsələləri eyniləşdirmək və bir qanunda birləşdirmək olmaz.
O, hesab edir ki, bələdiyyə qulluqçularının etik davranış kodeksi yalnız bələdiyyə qulluqçularına şamil olunmalıdır.
Millət vəkillərinin etik davranış kodeksinə gəlincə isə S. Novruzovun dediyinə görə, MM-in Nizamnaməsində bununla bağlı bəzi məqamlar var.
"Amma həmin Nizamnamədəki məqamlar əsasən Milli Məclisin daxilində olan davranış qaydalarını özündə ehtiva edir. Yəni, Milli Məclisdən kənarda, tutalım ki, hər hansı bir millət vəkilinin etik davranış qaydalarına nəzarət etməməsi və sair hərəkətləri ilə bağlı müraciət olunduğu təqdirdə biz bu məsələlərə baxa bilirik. Müraciət olunmadığı təqdirdə, götürək ki, belə bir hal baş veribsə, bunu tənzimləyən bir qanun hələlik yoxdur.
O baxımdan da biz bu yöndə Avropa strukturları ilə dəfələrlə müzakirələr aparmışıq. Avropa Şurasının nümayəndələri ilə də bununla bağlı görüşlər keçirmişik, söhbətlər aparmışıq. Və ayrı-ayrı ölkələrin bu yöndəki qanunvericiliklərini də öyrənirik. Öyrənirik ki, onları ümumiləşdirək və belə bir qanunun qəbul olunmasına nail olaq. Növbəti illərdə də yəqin ki, belə bir qanun olacaq"-deyə, S. Novruzov daha sonra sözlərinə əlavə edib.