Kazanda dəhşətli faciə Hadisə

Kazanda dəhşətli faciə

Ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin arasında Azərbaycan vətəndaşları da var

Dünən Kazanda "Admiral" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insan ölüb və xəsarət alıb.
Hadisə zamanı Tatarıstan FHN-nin Baş İdarəsinin podpolkovniki ölüb. Onun adı açıqlanmır.
Ölənlərin sayının 15 nəfərdən çox olduğu bildirilir. Onlardan 3-ü azərbaycanlıdır.
Yanğın zamanı həyatını itirən soydaşlarımızdan birinin şəxsiyyəti bəlli olub.
Bu, Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Paşayev Pərviz Telman oğludur. Digər iki nəfərin şəxsiyyəti isə hələlik məlum deyil. Təkcə o müəyyən edilib ki, onlar Gürcüstan əsilli azərbaycanlılardır
Yanğın zamanı ağır yaralanan Azərbaycan vətəndaşlarından birinin kimliyi aydınlaşdırılıb. Tatarıstan Respublikası Azərbaycanlılar Konqresinin sədri Ziyafət Qasımov APA-ya açıqlamasında bildirib ki, bu, əslən Masallı rayonundan olan Tağıyev Salam Bəxtiyar oğludur.
Salam Tağıyevin hər iki ayağı sınıb, hazırda o, 7 saylı Kazan şəhər xəstəxanasındadır. Həmyerlimiz ticarət mərkəzində ticarətlə məşğul olurmuş.
Ziyafət Qasımov onu da deyib ki, ticarət mərkəzində ölənlər arasında azərbaycanlıların sayının daha çox olduğu bildirilir və hazırda onların adlarının müəyyənləşdirilməsinə çalışılır: "Bizdə olan son məlumata görə, şəhər morqunda biri azyaşlı olmaqla, iki azərbaycanlının meyiti var. Aidiyyəti orqanların məlumatları məxfi saxlamasına çalışmalarına baxmayaraq, biz onların adlarının dəqiqləşdirilməsinə çalışırıq".