Zərdabi Mətbuat Mərkəzi Lənkəranda “dəyirmi masa” keçirib Hadisə

Zərdabi Mətbuat Mərkəzi Lənkəranda “dəyirmi masa” keçirib

İyunun 10-da Lənkəran Şəhər Mərkəzi Kitabxanasında "Milli Qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr" mövzusunda "dəyirmi masa" keçirilib. "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək olaraq Milli Qəhrəmanların döyüş yolunun təbliğ olunması" layihəsi çərçivəsində baş tutan tədbirdə Lənkəranda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, yerli və ətraf rayonların media qurumlarının təmsilçiləri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Toplantını giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Asif İmanlı açaraq təmsil etdiyi bölgənin azad media dəyərlərinə hər zaman böyük önəm verdiyini vurğulayıb. Ölkədə aparılan geniş abadlıq və quruculuq işlərinin Lənkarandakı konkret nümunələri barədə söz açan A.İmanlı yerli kütləvi informasiya vasitələrinin bu proseslərdə öncül mövqe tutduğunu diqqətə çatdrıb. O, həmçinin qədim və zəngin ənənələrə malik Lənkəranın həmişə qəhrəmanlıq salnaməsi ilə zənginliyini önə çəkib. Rayonun 5 Milli Qəhrəmanın olduğunu vurğulayıb. Müharibədə şəhid və əlil olmuş insanların ailə üzvlərinin qayğı ilə əhatə edilməsinə xüsusi diqqət yetirən A.İmanlı habelə Lənkəranda milli vətənpərvərlik təbliğatının artırılması ilə bağlı gerçəkləşdirilməkdə olan tədbirlərdən söz açıb.
"Zərdabi Mətbuat Mərkəzi" İB-nin sədri, "Milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək olaraq Milli Qəhrəmanların döyüş yolunun təbliğ olunması" layihəsinin koordinatoru Rəhim Hüseynzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilməkdə olan layihə 2015-cü ilin aprel-iyul aylarını əhatə edir. "Lənkərandakı "dəyirmi masa"mız layihə çərçivəsindəki sayca ikinci tədbirimizdir. İlk belə tədbir Salyanda baş tutmuşdu. Bu mövzudakı növbəti toplantının məkanı isə İsmayıllı rayonu olacaq. Azərbaycanın hər bir bölgəsi özündə qəhrəmanlıq salnaməsini yaşadır. Bu mənada Lənkəranın da mühüm rolu var. Məlum olduğu kimi Lənkəran da 5 Milli Qəhrəmanın – Sultanağa Bayramovun, Etibar Əliyevin, Əsgər Əliyevin, Paşa Təhməzovun və Rövşən Abdullayevin doğma yurdudur. Onlar Qarabağ uğrunda döyüşlərdə və dövlətçiliyimizin qorunması yolunda şəhidlik zirvəsinə ucalıblar. Toplantı məkanını seçərkən də mövcud amilə söykəndik. Vətən torpaqları uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsini yaşatmaq təkcə mənəvi borc deyil, eyni zamanda Azərbaycanın gələcəkdə də müstəqil dövlət kimi öz varlığını qoruması baxımdan son dərəcə önəmlidir. Layihəmiz də bu məqsədlə cəmiyyətdə vətənpərvərlik hissinin gücləndirilməsini, Milli Qəhrəmanlarımızın rəşadətli həyat yolunun cəmiyyətə yaxından çatdırılmasını nəzərdə tutan təşəbbüsdür", - deyə R.Hüseynzadə əlavə edib.
"Milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək olaraq Milli Qəhrəmanların döyüş yolunun təbliğ olunması" layihəsinin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxışında cəmiyyətdə mənəvi dəyərlərin qorunmasının vacibliyini əsaslandırıb. O bildirib ki, sağlam ailələrin olduğu cəmiyyətdə Vətən üçün layiqli vətəndaşların da yetişməsi labüddür. "Ümumən vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyac var. Bu təbliğatda media xüsusi missiya yerinə yetirməkdədir", - deyən S.Verdizadə dünya miqyasında vətənpərvərlik təbliğatının müxtəlif forma və metodları barədə də məlumat verib.
"Ərgünəş" Nəşriyyatının direktoru, yazıçı-publisist Oqtay Əliyev Milli Qəhrəmanların örnək səciyyə daşıyan həyat yolunun təbliğinin xüsusən də gənc nəslin mənəvi tərbiyəsi baxımından əhəmiyyətliliyini vurğulayıb. O, müəllifi olduğu "Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları" kitabının da məhz bu baxımdan qələmə alındığını diqqətə çatdırıb. Milli Qəhrəmanlara münasibətin Ulu Öndər Heydər Əliyev nümunəsindən misallar çəkib. Bu dəst-xəttin Prezident İlham Əliyev tərəfindən də davamının bütövlükdə cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb etdiyini dilə gətirib. O, həmçinin Azərbaycan dövlətinin qəhrəman övladlarımızın media müstəvisindəki təbliğinə yönələn layihəyə dəstək verməsini yüksək qiymətləndirib.
II qrup müharibə əlili Ruziyyə Əmirova medianın Vətən uğrunda döyüşlərin iştirakçısı olan qadınların təbliğinə az yer ayırması barədə iradlarını səsləndirib. "Zərdabi Mətbuat Mərkəzi" İB-nin sədri R.Hüseynzadə bu fikirlərin obyektiv səciyyə daşıdığını nəzərə çatdıraraq Lənkəranın çeşidli KİV-lərə malik olduğunu vurğulayıb. O, təklif edib ki, məhz bu amili nəzərə alaraq şəhər rəhbərliyi yerli mediada həmin mövzunun daha fəal və peşəkarlıqla işıqlandırılması üçün müsabiqə təşkil edə bilər.
"Dəyirmi masa"da çıxış edənlərdən "Olaylar" qəzetinin bölgə müxbiri Hafiz Mirzə, Qarabağ Müharibəsi Veteranları Təşkilatının regional bölməsinin sədri Əlisəfa Əliyev, "Lənkəran" qəzetinin baş redaktoru İltifat Əhmədov, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəf Əsgərov, Lənkəran şəhər 10 saylı orta məktəbin direktoru Qadir Axundov, "Astara" qəzetinin baş redaktoru Azər Abdullayev və başqaları "Zərdabi Mətbuat Mərkəzi" İB-nin layihəsinin əhəmiyyətindən söz açaraq cəmiyyətdə vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu bildiriblər. Onlar bu prosesdə medianın roluna dair maraqlı nümunələr göstəriblər.