EPOSDAN ROMANA DOĞRU Mədəniyyət

EPOSDAN ROMANA DOĞRU

("Qarlı aşırım"da epos ənənələri)

3-cü yazı

Boyun məzmunu qorqudşünaslıqdan keçən bir həqiqəti təsdiq edir ki, həqiqətən süjetin inkişaf məntiqi "hünər atınmıdır, yoxsa qəhrəmanın" sualına aydınlıq gətirmək məqsədi daşıyır. Lakin "boy" hünərin atda yox, qəhrəmanda olduğunu tam şəkildə təsdiqləyir. Yuxarıdakı sitat bunu birmənalı ifadə edir. "Bu at Bəkilindir, biz qaçırıq" deyiminin arxasında düşmənin Bəkilin atından yox, məhz onun özündən çəkindiklərini önə çıxarır, "at Bəkilindirsə, deməli, gələn Bəkildir" anlamında qəbul edilir. Təkürun "Bu gələn Bəkilsə, sizdən ögdən mən qaçıram" deməsi burada mübahisəyə yer qoymamaqla bərabər, hünərin qəhrəmana məxsus olduğunu sübut edir. Atın üstündə Bəkilin olacağı təqdirdə qaçmaqdan başqa yol görməyən kafər qüvvələri, atın üstündəkinin bir başqası olduğunu fikirləşəndə vuruşmaq qərarına gəlirlər. Məhz bu məqam "hünər atındır" məntiqini heçə endirir. Bu vuruşda Bəkil oğlu Əmran qalib gəlir. Boyun məntiqində Əmranın qalib gəlməsində atasına məxsus ata əsaslı bir rol verilmədiyi halda, onun Bəkilin oğlu olmasının düşmənə xüsusi tonla çatdırılmasında döyüşdə aparıcı rolun qəhrəmana məxsusluğunu işarələyən, ancaq çətin sezilən məqam da müşahidə etmək olur. Boyda ata digər boylardan mahiyyətcə fərqlənməyən "yardımçı qüvvə" statusu verilməsini birbaşa işarələyən detallar da vardır. Əmran düşmənin üstünə get¬məsi üçün atasından Al ayğırını, dəmir tonunu, iti polad qılıncını, qarğı budağından olan süngüsünü, ağ lələkli iti oxunu istəyir. Bütün bu istənilən şeylərin vuruş meydanında qəhrəmanın köməkçisi, onun igidliyinə təkan verən qüvvə, başqa sözlə, yar¬dımçı qüvvələr statusunda çıxış etməsi aydın bir həqiqətdir. Sadəcə olaraq bu yardımçı qüvvələr içərisində qəhrəmanın atına xüsusi yer ayrılır. Yardımçı qüvvələr sırasında atın birinci yerdə durması da bununla bağlıdır.
Atın eposdakı statusu "Qarlı aşırım"da da öz qüvvəsini saxlayır. Romanda iki at öz adı və sahibi ilə və əksinə, sahibləri də bu atlarla tanınır, öyülürlər. Kəhər – Abbasqulu bəyin atıdır. Xəlilin atı isə iki adla tanınır: Ərəb və Göy ürgə. Roman qəhrəmanlarının ata münasibəti, ata bağlılığı və atla bağlı düşüncələri epos qəhrəmanlarının baxışının XX əsrin əvvəllərinə qədər milli düşüncədə qorunub saxlandığını əks etdirir. Xəlilin "Ərəb"lə bağlı düşüncələri diqqəti çəkir: "Oğlu Nəriman yadına düşdü. Atla oğul birdi. Hər ikisi etibarlı olur, adamı darda qoymur. Görək də, sağlıq olsun". Abbasqulu bəy Xəlilin atını Qıratla müqayisə edir: "O, mənim yanımda yox, mən onun yanında dolanıram. Xəlilin Göy ürgəsi Koroğlunun Qıratına bərabər olub. Daha Koroğluluğu qoyub yerə".
Romanda Abbasqulu bəyin atına verilən rol birbaşa epos düşüncəsindən gəlir və eposda ata verilən rolun reallığını işarələyir: "Qəmlo izin ikincisini axtardı. İrəlidə tapdı. İnanmadı. "At da bu uzunluqda addım ata bilərmi? Koroğlunun Qıratıdı, nədi? İnan ki, atdan düşməsəydi, onu öldürə bilməyəcəkdik. Belə at adamı darda qoymaz. Onu tapam gərək".
Qəmlonun Kəhərlə bağlı düşüncələri eposda ata verilən bu rolun XX əsrə qədərki işləkliyini göstərir və bu sadəcə ata verilən "rol" deyil. Qədim epos düşüncəsi ilə romanda reallaşan düşüncələr arasında bir-birini tamamlayan cəhətlər türkün cəngavərlik tarixinin yeni dövrdə də yaşarılığını göstərir. Eyni zamanda roman qəhrəmanlarının xarakterində, hərəkətlərində və düşüncələrində gerçəkləşən reallıqlar epos düşüncəsinin daha çox tarixi gerçəkliklərdən güc aldığını sübut edir.
Romanda Abbasqulu bəyin ölümünün çəkilməz ağrıya çevrilməsi təkcə onun misilsiz bir qəhrəman olması və xəyanətə düçar olması ilə bağlı deyil. Abbasqulu bəyin müsibətinin üstünə müsibət əlavə edən Kəhərin öz sahibinin ölümü ilə bağlı yaşantılarıdır. At bu ölümü sözün həqiqi mənasında həzm edə bilmir. Müəllif təhkiyəsində və roman qəhrəmanlarının çoxsaylı müşahidələrində Kəhər Abbasqulu bəyin ölümündən sonra əzab və kədər heykəlinə çevrilir. "Qarlı aşırım"da Kəhər "canlı personaj" olmaqdan çıxıb büsbütün insaniləşir. "Abbasqulu bəyin atı qabaqda gəlirdi. Tabutları ona çatmışdılar. At sahibinin iyini almışdı. Onun dabanlarını böyründə hiss eləmək istəyirdi. Daban dəymirdi. Yükü çox ağırıydı. Duymuşdu, hiss eləmişdi ki, bu, canlı sahibi deyil, onun cənazəsidi. İnsan öləndə belə ağırlaşır. Torpaq bu ağırlığa necə tablaşacaq, necə dözəcək. At dözürdü".
Abbasqulu bəyin atının "çatlaması", başqa sözlə, qəhrəmanın atının öz taleyini qəhrəmanla paylaşmasına hesablanan roman düşüncəsi öz başlanğıcını eposdan götürür. Məhz qəhrəmanın atı ilə bağlı romanda baş verən hadisələr etnosun eposda əks olunan tarixi xarakterindən güc alan reallıq və qanunauyğunluq kimi qavranılır. Bu, ilk növbədə, Abbasqulu bəyin atına verilən "qəhrəmanın yardımçısı" rolunda gerçəkləşir. Maraqlı cəhət burasıdır ki, atla bağlı təsvirlər, onun gerçəkləşdirdiyi funksiya estetik düşüncənin məhsulu kimi yox, tarixi reallığın estetik düşüncədə əksi kimi dərk edilir. At-qəhrəman ünsiyyətinin təbii münasibətlər əsasında qurulması roman müəllifinin etnosun həyat və yaşam tərzini estetik düşüncəyə ötürüb, ona necə olursa-olsun yaşarılıq statusu vermək istəyinə yox, hələ də yaşarı olanı iti sənətkar müşahidəsi, fəhmi ilə duymaq və bütün bunları sənətkarcasına əks etdirməyə hesablanır.
At-qəhrəman ünsiyyətinin dərinliyi, qəhrəmanın öz atına bağlılığı tarixin qəhrəmanlıq dövrlərinin həyat qanunu kimi təzahür edir. Atın qəhrəmana səmimi münasibəti at-qəhrəman münasibətlərinin daha dərin qatlarını, daha həssas cəhətlərini üzə çıxarır. Qəhrəmanın ata münasibətində olduğu kimi, atın da qəhrəmana münasibəti sahibinin igidliyi, qəhrəmanlığı ilə bərabər, onun mənəvi dünyası, mərdlik qanununa sədaqəti ilə tənzimlənir. At-qəhrəman münasibətləri onların birgə keçdikləri həyat yolunda formalaşır. Qəhrəmanın atına münasibəti atın öz sahibinin taleyinin həlledici məqamlarında ona nə dərəcədə yardımçı olması, başqa sözlə, atın şücaətlərinin qəhrəmanın şücaətlərini nə dərəcədə tamamlaması əsasında formalaşır. Qəhrəmanın tale yolunun hansı məqamında, məqamlarındasa atın xilaskarlıq funksiyasında çıxışı sahibinin ona münasibətini dəruni məhəbbətə çevirir. Atın qəhrəmana münasibəti isə daha çox psixoloji yönümlüdür. Qəhrəmanın ona nə dərəcədə qayğı göstərməsi, ona həssas yanaşması ilə formalaşır. At sahibinin ona münasibətini heyvani instinktlə və dəqiq müəyyənləşdirir. Ancaq atın öz sahibinə sevgisi, ona ürəkdən bağlanmasının psixoloji əsasında qəhrəmanın cəsarətli və mərd hərəkətləri həlledici rol oynayır. Bütün hallarda qəhrəman-at ünsiyyətinin dərinliyi cəmiyyətin igidlik, mərdlik qanunlarına verdiyi böyük dəyəri, başqa sözlə, cəmiyyətin məhz bu qanunları əsas tutaraq yaşadığını sübut edir. "Qarlı aşırım" romanı sovet hökumətinin gəlişi zama¬nında milli varlığın xarakterinin, həyat tərzinin bu qanunlarla tənzimləndiyini sübut edir. Sahibinin ölümündən sonra Abbasqulu bəyin atına camaatın münasibəti, atın Abbasqulu bəyin ölümünə münasibəti etnosun tarixdən gələn xarakterinin hələ də qüvvədə olduğunu işarələyir.
Abbasqulu bəyin ölümündən sonra Qəmlo heç cür Kəhəri ram edə bilmir. Yaranmış əlverişli situasiyadan istifadə edib, onu minsə də, üstündə duruş gətirə bilmir. Nəfəsin yadlığını hiss edən at onu üstündən atır. Kəhər Qəmlo tərəfindən döyülsə də, "gözlərinin bulağından axan yaş burnunun hər iki tərəfi ilə aşağıya süzülsə" də, o, öz sahibini heç cür və heç bir halda başqası ilə əvəz etmək fikrində deyil. Kəhər yalnız sahibinin qoxusunu hiss edəndə hərəkətə gəlir. Sahibinin papağının, bədəninin qoxusunu aldıqda canlanır, onunla ünsiyyətə can atır:
"Bu ara o (Qəmlo – T.S.) hiss elədi ki, yüyən boşaldı. At həvəslə, tez-tez gəlirdi. Qəmlo addımlarını yeyinlətdi. Kərbəlayıya beş-on addım qalmış at kişnədi. Səs dağlarda əks-səda verdi, dərədə uzandı. Kərbəlayı İsmayıl başını qaldırdı. Məsələnin nə yerdə olduğunu başa düşdü. Qəmloya bir söz demədi. Ata baxdı. Kəhər başını dik tutmuşdu. Burnu köpükləyirdi, tanış iy duymuşdu. Sonra dırnağını qaldırıb yerə çırpdı. Burnunu yerə yaxınlaşdırıb iylədi, irəli getdi. Qəmlo yüyəni dartdı. At dayanmadı, dartındı. Kərbəlayı İsmayılın səsi eşidildi: "Yüyəni boşalt, qoy görək, ay zalım oğlu..."
At Abbasqulu bəyin başı üstünə keçdi. Ağzını onun sir-sifətində, paltarında gəzdirdi. Başını geri atıb dəli kimi kişnədi. Sonra sahibini bir də imsilədi, elə bil Abbasqulu bəyi çağırırdı, oyatmaq istəyirdi. Kərbəlayı İsmayıl üzünü çevirib gözlərinin yaşını sildi". At-qəhrəman bağlılığının bu dərəcəsi etnosun tarixi xarakterinin milli varlıqdakı yaşarılığını, həyati gücünü bir daha təsdiq edir. Sən demə, at-qəhrəman münasibətlərinin məntiqi elə qurulmuşdur ki, bu məntiq qəhrəmanın ölümündən sonra atının yaşamasını məntiqsiz edir. Abbasqulu bəyin ölümündən sonra Kəhərin taleyi el-oba üçün bir ağrıya çevrilir. Üstündəki igidlə birlikdə el-oba arasında əfsanəyə çevrilən Kəhər nə özü-özünə yer tapa bilir, nə də el-oba onunla necə, nə şəkildə rəftar edəcəklərini bilirlər. Sözün həqiqi mənasında Kəhər göz dağına çevrilir. Abbasqulu bəyə də, onun atına da sonsuz məhəbbət bəsləyən Alının düşüncələri qəhrəmanın ölümündən sonra atının yaşamasının psixoloji cəhətdən mümkünsüzlüyünü önə çəkir: "O boyda kişidən yadigar bir at qalıb. Onu arvadı Qönçə xanıma aparmaq həm acıydı, həm də… Yox, yüngüllüyü yoxdu. Hər dəfə qapıda kişnəyəndə evdə ağlaşma qopacaq, ürəklər parçalanacaq. Elə biləcəklər sahibini çağırır, təkliyindən fəryad qoparır. Onu burada qurd-quşa yem kimi qoymaq da nakişilik, namərdlik olar. Gör, dünyanın işlərinə bir bax, yerişinə kəndlərin camaatı tamaşaya çıxan, yəhərində gəzdirdiyi adamın igidliyindən ona da pay düşən at indi lazım deyil heç kimə. Onu heç kəs minməyəcək. Kimin ürəyi gələr. Oğlu minməz, göz dağı olar. Qohum-qardaş yaxın durmaz, min söz-söhbət çıxar. İlxıya qatılası deyil, bazarda satılası deyil… Bu, yetimçilikdən betərmiş ki. İgidin atı qalanda nə pis, nə dəhşət olurmuş".
Alının el-obanın yazılmamış qanunlarından çıxış etdiyini nəzərə alsaq, bu sözlərdə böyük bir həqiqətin ifadə olunduğunu görə bilərik. Romanda qəhrəmanın ölümündən sonra onun atının taleyinə verilən bədii həll – Kəhərin bağrının çatlaması epos düşüncəsində özünə yer tapan qəhrəmanla atının taleyinin birliyi inancına söykənir və atın öz taleyini sahibi ilə paylaşması şəklində gerçəkləşir. Eyni zamanda "Qarlı aşırım"da Kəhərin taleyi ilə bağlı verilən təfsilatlar Beyrəyin Boz ayğırının eposda təfərrüatına varılmayan taleyini əks etdirir və nəticə etibarı ilə at=tabut modelinin haradan və nədən qaynaqlandığına, qəhrəmanın atının qəhrəmanın özü ilə eyni taleyi yaşamalı olmasının psixoloji tərəflərinə aydınlıq gətirir.

Təyyar Salamoğlu
filologiya üzrə elmlər doktoru, professor