Ölkəmiz “Unlimited“ simpoziumunda təmsil olunub Mədəniyyət

Ölkəmiz “Unlimited“ simpoziumunda təmsil olunub

Böyük Britaniyanın London şəhərində "Unlimited" simpoziumu keçirilib. "British Council"un proqramı çərçivəsində Londonun "Unicorn" teatrında təşkil olunan tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsi Teatr sektorunun müdiri Şaiq Səfərov təmsil edib. Simpoziumda incəsənət, bərabərlik, münasibətlər və gələcək mövzuları müzakirə olunub. İkigünlük müzakirə və debatlardan sonra simpozium öz işini "Southbank" mərkəzində keçirilən "Unlimited" festivalı ilə davam etdirib.
Simpoziumun hədəf auditoriyası Böyük Britaniyada və beynəlxalq səviyyədə mədəniyyət sektorunun müxtəlif perspektivlərinə nəzər salmaq və real dəyişikliklər üçün ideyalarını gerçəkləşdirmək istəyən mütəxəssislərdir.
Məlumat üçün bildirək ki, "unlimited" - incəsənət və əlillik sahəsində həyata keçirilən proqramdır və etnik mənsubiyyətindən, fiziki imkanlarından asılı olmayaraq, böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanır. Hazırda bu proqram üzrə seminarlar, maarifləndirici forumlar və s. təşkil olunur. Məqsəd cəmiyyətin bütün təbəqələrinin rifahının təmin edilməsində incəsənət və mədəniyyətin aparıcı rol oynamasını nümayiş etdirməkdir.
Proqram çərçivəsində 2013-cü ildə Londonda fəaliyyət göstərən, məhdud imkanlı və sağlamlıq imkanları normal olan rəqqaslardan ibarət "Candoco" rəqs ansamblı Bakıya səfər edib. Səfər müddətində "Shape Art" incəsənət təşkilatının aparıcı təlimatçısı Barbara Lisiçki Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və Dövlət Rus Dram Teatrında məhdud imkanlı insanlar üçün yaradılan şəraitlə tanış olub. Barbara Lisiçki həmçinin Azərbaycanın teatr mütəxəssislərinə teatrların hər kəs üçün əlçatan olması mövzusunda seminar keçib. Forum-teatr üzrə ekspert Kerin Çepmen isə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri üçün interaktiv teatr metodları mövzusunda seminar təşkil edib.
Bu ilin fevral və mart aylarında "British Council Azərbaycan" təşkilatı tərəfindən ADMİU, Təhsil Nazirliyi və Sabah Qrupu ilə birlikdə Kerin Çepmen və DOM teatrının təsisçisi və rejissoru Tərlan Rəsulovun rəhbərliyi ilə interaktiv teatr texnikalarına əsaslanan layihə həyata keçirilib. Layihə üzrə "Bir günəş altında" pyesi Bakının müxtəlif səhnələrində Azərbaycan dilində nümayiş olunub. Eşitmə qabiliyyəti məhdud olan rəqqaslardan ibarət "Deaf Men Dancing" rəqs ansamblı isə açıq səma altında "Ten" adlı yeni rəqs tamaşası ilə çıxış edib.
Qeyd edək ki, "British Council Azərbaycan" "Unlimited" proqramı üzrə Mədəniyyət Nazirliyi ilə silsilə tədbirlər təşkil edəcək. Bu ilin noyabr ayında "Shape Art" təşkilatından nümayəndələrin Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət ocaqlarına 3 günlük məsləhət səfəri də nəzərdə tutulur.