“Azərxalça”nın Ağstafa filialının uğuru Mədəniyyət

“Azərxalça”nın Ağstafa filialının uğuru

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ilin sonlarında fəaliyyətə başlayan filiallarından biri də Ağstafa rayonundadır. Bu xalça istehsalı emalatxanasında 100 nəfərə yaxın toxucu çalışır.
Ötən il filialda 557,36 kvadratmetr, 133 xalça toxunub. Burada, əsasən, Qazax-Borçalı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir.
Bu gün dünyanın ən məşhur muzeylərinin, şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qazax-Borçalı qrupu xalça örnəkləri qədim Azərbaycan mədəniyyətinin qiymətli nümunələridir. Xarici ölkə kolleksionerlərinin Azərbaycan xalçaları arasında daha çox müraciət etdikləri, maraq göstərdikləri və əldə etməyə çalışdıqları xalça nümunələri sırasında Qazax-Borçalı xalçaları xüsusi yer tutur. Avropalıların "dünyəvi", "mistik", "cazibəli", "təkrarsız", "koloritli" deyə səciyyələndirdikləri bu xalçalar hələ orta əsrlərdən diqqəti cəlb edib, bir çox məşhur rəsm əsərində öz əksini tapıb.
Ağstafa filialının direktoru Raya Eyyubova deyib ki, kollektiv bu xalçaların şöhrətini özünə qaytarmaq, nənələrimizin toxuduğu xalılara layiq xalçalar toxumaq üçün səylə çalışır. Məqsəd gözəl Qazax-Borçalı xalçalarının yeni nümunələrini yaratmaqdır. Əminik ki, istedadlı toxucuların bu gün ərsəyə gətirdikləri xalçalar gələcəkdə beynəlxalq xalça bazarında özünə layiqli yer tutatacaq, bu xalılar da dünya muzeylərinin bəzəyinə çevriləcək. Belə qiymətli xalçaları toxumaq üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Ağstafalı toxucuların heç vaxt belə müasir xalça istehsalı emalatxanası olmayıb. Ona görə də filialda işləmək istəyənlərin sayı hər gün artır.
Filial direktoru bildirib ki, toxucular keyfiyyət amilinə ciddi diqqət yetirirlər. Onlar hər bir ilməni elə vururlar ki, sanki öz evlərinə xalça, doğmalarına cehizlik toxuyurlar.
"Azərxalça"nın digər filialları kimi, Ağstafadakı xalça istehsalı emalatxanasında da çalışaların çoxu gənclərdir. Onlar cəmiyyətin təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Gənc toxucu Lətifə Vəliyeva xalçaçı olmaqdan məmnundur və onlar üçün yaradılan şəraitə görə dövlətimizə minnətdardır. Ağstafada xalça istehsalı emalatxanasının yaradılmasının onun kimi xalçaçılığa marağı olan gəncləri çox sevindirdiyini bildirir: "Bu filial bizim üçün həm iş yeridir, həm də milli dəyərimiz olan xalçaçılığı yaşatmaq ünvanıdır. Filialdakı gənclərin toxuduğu xalçaları mütəxəssislər yüksək qiymətləndirirlər. Deməli, tədris-hazırlıq kursunda bizi yaxşı öyrədiblər. Biz gənc toxucular bu gün də öyrənirik. Filialımızda çalışan təcrübəli, yaşlı toxucular bu sənətin sirlərinə daha dərindən yiyələnməyimiz üçün əllərindən gələni əsirgəmirlər".
Təcrübəli toxucu İradə Süleymanova deyib ki, gənclər xalça toxumağı yaxşı mənimsəyiblər: "Onların arasında elələri var ki, bizdən daha yaxşı xalça toxuyurlar. Onların xalça toxumağını görəndə əmin oluruq ki, Azərbaycan xalçaçılığı etibarlı əllərdədir, bu sənət yaşadılaraq gələcək nəsillərə ötürüləcək. Gənclərin xalçaçılığa yönləndirilməsini, həvəsləndirilməsini, onların xalça toxumağı öyrənməsini, bir sözlə xalçaçılığın yaşadılmasını biz dövlət başçımıza borcluyuq. Əgər "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmasaydı, bütün bunlar olmayacaq, xalçaçılıq sənəti getdikcə unudulacaqdı".
İradə Süleymanova onlara yaradılan şəraitdən də razılıqla danışıb: "Toxucular üçün filialda gözəl iş şəraiti yaradılıb. İşə rahat gəlib-getməyimiz üçün nəqliyyat vasitəsi ilə də təmin olunmuşuq. Qalır yaxşı işləmək, Azərbaycanımıza layiq xalçalar toxumaq".
Xalça həm təfəkkürün, həm də fiziki əməyin məhsuludur. Ağstafalı toxucuların təfəkkürünün və fiziki əməyinin ötənilki nəticəsi uğurlu və məhsuldardır. Bu, filialın 2019-cu ildə daha böyük uğurlar qazanacağını deməyə əminlik yaradır.