“Kitabi-Türkmən lisani” oğuznaməsi  “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsidirmi?! Mədəniyyət

“Kitabi-Türkmən lisani” oğuznaməsi  “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsidirmi?!

2-ci yazı

Bəs “üçüncü əlyazma konsepsiyasında” “nüsxə” məsələsinin işə yaramadığını görən Ə.Duymaz yeni əlyazmanın “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması olduğunu hansı metodla əsaslandırır? Alimə görə, çox “rahat” bir metod var: bu, “Kitabi-Dədə Qorqud”la yeni əlyazmanın “dil, üslub və mövzu” yaxınlığıdır. Bəs prof. Ə.Duymaz bu “eyniləşdirmə” metodu məsələsində özü kimə əsaslanır? Əlbəttə, “bu metodun” yaradıcısı olan prof. Mətin Ekiciyə.
Bu halda biz bütün diqqətimizi əziz dostumuz və həmkarımız prof. M.Ekicinin “eyniləşdirmə” metoduna yönəltməli, onun yeni əlyazmanı hansı metodla (üsul, vasitə, yolla) “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi və üçüncü əlyazması olduğunu əsaslandırmasını dərindən öyrənməliyik. Bu, hər şeydən əvvəl, ona görə vacibdir ki, yeni əlyzamanın “Kitabi-Dədə Qorqud”un üçüncü əlyzaması olduğunu məhz M.Ekici bəyan edib.
Bunun üçün heç bir əziyyət çəkmək lazım gəlmir. Prof. M.Ekici yeni əlyazmanı kitab şəklində çap etdirib və kitabın “Ön söz”ündə “öz metodunu” ətraflı şərh edib. Diqqət edək: “İlk səhifədən başlayan münacat tərzli soylamanı oxuyanda bu nüsxənin Dədə Qorqud mətnləri ilə əlaqəsini qura bilməmişdim. Daha sonrakı səhifələrdə yer alan mətnlərin heç birinin başlığının olmadığı və yaxud fərqli bir qələmlə yazılmadığı üçün ilk baxışda mətnlərin harada başlayıb-qurtardığını anlamaq asan olmurdu. Buna baxmayaraq, mətni başdan-ayağa gözdən keçirməyə qərar vermiş, sonrakı səhifələrdə də digər nüsxələrdən bildiyimiz tərzdə bir mətn görməyincə “Dədə Qorqud”la əlaqəsinin olmayacağını düşünmüşdüm. Ancaq səhifələr irəlilədikcə mətnin içində Dədə Qorqud adının keçdiyi yerləri görmək məni həyəcanlandırmağa başlamışdı. Tapmaq, görmək və oxumaq istədiyim, sadəcə, bu soylama tərzindəki mətnlər deyildi: bildiyimiz və bilmədiyimiz bir Dədə Qorqud söyləməsi idi. Ən azından, bir neçə söyləmə ola biləcəyini düşünməyimə və 48-ci səhifəyə gəlməyimə rəğmən hələ soylama tərzində mətnlər vardı, amma bir dastan söyləməsi yoxdu. Həyəcanımın azalmağa başladığı bir anda oxumağa davam etdiyim 48-ci səhifənin ortasına doğru mətn dəyişmiş, (“Kitabi-Dədə Qorqud” dastanına aid – R.Q., S.R.) öncəki iki nüsxədən tanıdığımız Oğuz qəhrəmanları üçün istifadə olunan epitetlər axmağa başlamışdı. Oxuduqca bu söyləmənin nə olduğuna marağım daha da artmış, onun bizə məlum olan “Dədə Qorqud” boyu olmadığının fərqinə varmış, bunun fərqli bir söyləmə olduğunu düşünərək, mətni oxumağa davam etmişdim. Mətn üzərində ilk oxum bitəndə artıq axtardığımı tapmışdım. Müəyyən bir başlıqla adlandırılmamasına baxmayaraq, bu söyləmə məlum “Dədə Qorqud” söyləmələrindən fərqli bir boy idi. Bu, “Salur Qazanın yeddibaşlı əjdahanı öldürdüyü boy” ola bilərdimi? Əcəba, “13-cü “Dədə Qorqud” boyu ola bilərdimi?”
Prof. M.Ekici daha sonra öz həyəcanını alim dostu, qorqudşünas Dr. Gürol Pəhlivanla bölüşür və o da “bərk həyəcanlanır”. İki dost mətni birlikdə oxuyur və G.Pəhlivan M.Ekicinin bu əlyazmanın “Kitabi-Dədə Qorqud”un üşüncü əlyazması olması, o cümlədən Salur Qazanın əjdahanı öldürməsi haqqındakı oğuznamənin eposun 13-cü boyu olması haqqındakı qənaətlərini təsdiq edərək ona dəstək verir.
Əlbəttə, biz M.Ekicinin mətni oxuyarkən keçirdiyi həyəcanı başa düşürük, çünki özümüz də alimin bu sətirlərini oxuyarkən həyəcanlandıq. Lakin bu yazımızda oxucularla emosional-affektiv təəssüratlarımızı deyil, soyuq başla düşündüyümüz qənaətləri bölüşməyi qərara aldıq.
İndi isə prof. M.Ekicinin “metodunu” ifadə edən yuxarıdakı fikri şərh etməyə çalışaq:
1. Əlyzamanın 48-ci səhifəsinəcən oxuduğu soylama mətnləri M.Ekiciyə bu mətnlə “Kitabi-Dədə Qorqud” arasında əlaqə qurmağa imkan vermir:
Bu, tamamilə təbiidir. Çünki “Kitabi-Türkmən lisani” oğuznaməsinin mətn strukturu və tipologiyası ilə “Kitabi-Dədə Qorqud”un mətn konstruksiyası tamamilə fərqlidir.
48-ci səhifəyə qədər olan soy(lama) mətnləri alimə o qədər fərqli təsir bağışlayır ki, o, həmin mətnləri hətta divan ədəbiyyatındakı münacatlara bənzədir.
2. Lakin alim mətndə ulu ozan Dədə Qorqudun və “Kitabi-Dədə Qorqud” dastanından tanıdığı Oğuz qəhrəmanlarının adlarını, onlar üçün istifadə olunan epitetləri və s. gördükcə bunun “Kitabi-Dədə Qorqud”un yeni bir mətni (“bildiyimiz və bilmədiyimiz bir Dədə Qorqud söyləməsi”) olması qənaətinə gəlir.
Bu nöqtə M.Ekicinin “metodunun” iki ən mühüm istinad nöqtələrindən biridir. Yəni “Kitabi-Türkmən lisani” oğuznaməsində “Kitabi-Dədə Qorqud”la səsləşən poetik struktur elementlərinin (onomastik vahidlər, bədii təsvir vasitələri, paremilər və s.) olması ona bu əlyazmanı “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi hesab etməyə əsas verən iki amildən biridir.
3. İkinci və ən əsas amil isə əlyazmada Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi haqqında kiçik həcmli oğuznamənin olmasıdır. Bununla da, prof. M.Ekici, özünün dediyi kimi “axtardığını tapır”.
İndi isə M.Ekicinin bu iki metodoloji tezisini təhlil etməyə çalışaq. “Kitabi-Türkmən lisani” oğuznaməsində “Kitabi-Dədə Qorqud”la səsləşən elementlərin olması tamamilə təbii və qanunauyğundur. “Kitabi-Türkmən lisani” bir epik mətn kimi bütün hallarda və istisnasız olaraq şifahi “Dədə Qorqud” eposu ənənəsini Türkman/Türkmən epoxasında davam etdirən oğuznamədir. Və hər bir qorqudşünas bilir ki, istər ədəbi-bədii, istərsə də tarixi-xronikal oğuznamələrin hamısını ortaq motivlər birləşdirir. Ona görə ki, oğuznamələr tarixi, yaxud bədii məzmunlu olmasından asılı olmayaraq, ulu əcdad “Oğuz kağan” mifik nüvəsinə bağlanır. “Oğuz kağan” nüvəsi bütün oğuznamələri öz ətrafında düzərək vahid qalaktik sistem yaradır. Bu “Oğuz qalaktikasının” hər bir elementi onun nüvəsinə yaxın-uzaqlığından asılı olmayaraq, ümumi qalaktik motivləri də özündə əks etdirir. Bu cəhətdən, istər “Kitabi-Türkmən lisani” oğuznaməsi, istər Rəşidəddin oğuznaməsi, istər Əbülqazi oğuznaməsi, istər “Mənzum oğuznamə” və s. hamısı bu və ya digər dərəcədə “Kitabi-Dədə Qorqud”la ortaq motivlərə malikdir. Lakin bu ortaq motivlər digər oğuznamələri, tutaq ki, Əbülqazi oğuznaməsini “Kitabi-Dədə Qorqud”la eyniləşdirməyə, onun nüsxəsi saymağa imkan vermir. Halbuki Əbülqazi oğuznaməsində Salur Qazanla bağlı “Kitabi-Dədə Qorqud”la səs-ləşən kifayət qədər məqamlar vardır. Belə bir eyniləşdirməni apara bilməməyin yeganə səbəbi bu oğuznamələrin tamamilə fərqli mətn tipologiyasına malik olmasıdır. Və çox maraqlıdır M.Ekicinin özü 61 səhifədən ibarət mətnin 48-ci səhifəsinə qədər əlyazma ilə “Kitabi-Dədə Qorqud” arasında heç bir əlaqə qura bilmir. Yəni ağlı-məntiqi yerində olan alim kimi görür ki, bu əlyazma ilə “Kitabi-Dədə Qorqud” tam fərqli poetik mətn tipologiyasına malikdir.
Lakin 48-ci səhifədən sonra rast gəldiyi Salur Qazanın əjdahanı öldürməsi süjeti alimi o qədər həyəcanlandırır ki, mətn tipologiyası haqqında malik olduğu bütün professional bilikləri unudub, yeni oğuznaməni “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi və əlyazması, Salur Qazanın əjdahanı öldürməsi haqqında kiçik oğuznaməni isə “Kitabi-Dədə Qorqud”un 13-cü boyu elan etmək qərarına gəlir.
Bu gün qorqudşünaslığın ağsaqqalı, hamımızın sevimlisi prof. Əhməd Bican Ərcilasun xocamız da M.Ekicinin bu metodundan vəcdə gələrək o qədər ruhlanır ki, “Kitabi-Türkmən lisani” oğuznaməsini “Kitabi-Dədə Qorqud”un nəinki üçüncü əlyazması, hətta dördüncü əlyazması hesab edir. Xocamıza görə, “üçüncü əlyazma” Türk Tarix Qurumu Kitabxanasındadır: “Əslində, üçüncü nüsxə olaraq 22 səhifəlik bu əlyazmanı qəbul etmək lazımdır. Əlyazamada müqəddimə və “Əl-hekayətül-əvvəl” başlığı altın-da Dirsə xan oğlu Buğac xan boyunun başlanğıc qismi (8 səhifə) var. Türk Tarix Qurumu əlyzamasının müqəddiməsində, xüsusilə “dörd türlü qadın” bölümündən qabaq 42 sətirlik (3 səhifədən bir az çox) əlavə var”.
Əslində, Ə.B.Ərcilasun öz yanaşmasında daha haqlı görünür, çünki onun bəhs etdiyi əlyazmada “Kitabi-Dədə Qorqud”un Dirsə xan oğlu Buğacdan bəhs edən birinci boyundan, ən azı, 8 səhifə var və bu iki əlyazmada üst-üstə düşən parçalar eyniləşərək, kopyalaşaraq “nüsxə” anlayışından bəhs etməyə imkan verir. Bəs “Kitabi-Türkmən lisani” oğuznaməsi ilə “Kitabi-Dədə Qorqud” arasında nəinki 8 səhifə, heç ard-arda gələn 8 cümlə üst-üstə düşmədiyi halda “üçüncü əlyzamaçılar” yeni əlyazmanı nəyə əsaslanıb “Kitabi-Dədə Qorqud”un nüsxəsi hesab edirlər?
Əlbəttə, yeni əlyazmada olan Salur Qazanın əjdahanı öldürməsi süjetinə görə.
Qeyd edək ki, iki əsr boyunca qorqudşünasların xoş arzusu və məyusluq obyektinə çevrilmiş “13-cü boy” absurdu haqqında irəlidə bəhs edəcəyimiz üçün burada fikirlərimizi qısa şəkildə verəcəyik. “Kitabi-Türkmən lisani” abidəsində mövcud olan “Salur Qazanla əjdaha” oğuznaməsi ilə “Kitabi-Dədə Qorqud”un “Salur Qazan tutsaq olub oğlı Uruz çıqardığı boyı bəyan edər” adlı on birinci boyunda Salur Qazanın özündən bəhs etdiyi soylamada yeddi başlı əjdaha ilə vuruşmasına işarə etməsi bir-biri ilə səsləşir:

Qılağuzsuz yol başaran Qazan ər idim.
Yedi başlı əjdərhaya yetüb vardım.
Heybətindən sol gözüm yaşardı.
Hey gözüm, namərd gözüm, müxənnət gözüm.
Bir yılandan nə var ki, qorxdun! – deyü ögünmədim.

Kitabi-Türkmən lisani” abidəsindəki “Salur Qazanın əjdahanı öldürməsi” oğuznaməsi ilə “Kitabi-Dədə Qorqud”dakı nəğmənin bir-biri ilə bağlılığı heç bir şübhə doğurmur və bu məsələdə “üçüncü əlyzamaçılar” tam haqlıdır: “Görünən kəndə nə bələdçi?!”
Ancaq bu, “Kitabi-Türkmən lisani” oğuznaməsini “Kitabi-Dədə Qor-qud”un nə üçüncü əlyazması və nüsxəsi, nə də “Salur Qazanın əjdahanı öldürməsi” oğuznaməsini “Kitabi-Dədə Qorqud”un 13-cü boyu hesab etməyə, zərrə qədər də olsun, əsas və imkan vermir. Əgər “üçüncü əlyzamaçılar” bu qədər həyəcanlanmayıb, soyuq başla düşünsə idilər, o halda epos poetikası haqqındakı bütün nəzəri bilikləri yadlarına düşər və bilərdilər ki, “Kitabi-Dədə Qorqud”un on birinci boyundakı bu “kontaminativ düyün”(termin bizimdir – R.Q., S.R.) heç vaxt eyni mətn sisteminin (12-lik struktura malik sistemin) müstəqil elementi (13-cü boyu) ola bilməz. Yəni “Salur Qazanın əjdahanı öldürməsi” süjeti istər müstəqil əhvalat/hekayət/oğuznamə halında (“Kitabi-Türkmən lisani”də), istərsə də ona işarə verən epik nəğmə halında (“Kitabi-Dədə Qorqud”da) bütün durumlarda on birinci boyun kontaminativ elementidir.

Ramazan QAFARLI
filologiya üzrə elmlər doktoru, professor

Seyfəddin RZASOY
filologiya üzrə elmlər doktoru, professor