Gənc rəssamın rəng çalarları Mədəniyyət

Gənc rəssamın rəng çalarları

Təbiət rənglər, çalarlarla doludur. Hər rəngin də öz dünyası, öz dili var. Lakin rənglərin dilini tapmaq hamıya qismət olan xoşbəxtlik deyil. Tale belə bir xoşbəxtliyi gənc rəssam Nərmin Əzimzadəyə nəsib edib. O, istedadı, zəhmətsevərliyi və sənətə olan sonsuz sevgisi nəticəsində az vaxtda çağdaş Azərbaycan rəssamlığının tanınmış nümayəndələrindən birinə çevrilib. Onun yaradıcılıq məhsulları bu gün həm Azərbaycanda, həm də onun sərhədlərində çox-çox uzaqlarda da sənətsevərlərin marağına səbəb olub. Gənc yaşlarından beynəlxalq mükafatlara sahib olan Nərmin Əzimzadə əsərləri müxtəlif janrlardadır.
Bakıda dünyaya göz açan Nərmin kiçik yaşlarından rəssamlıq sənətinə maraq göstərib, rənglərin qeyri-adi gözəlliyini sevmək və başqalarına da sevdirmək bu sənətin sirlərini daha dərindən yiyələnməyə çalışıb. Gənc rəssam AZƏRTAC-a müsahibəsində özünün sənətə gəlişindən əldə etdiyi uğurlardan danışıb: “Bizim nəsildə demək olar ki, rəssam olmayıb. Uşaq yaşlarımdan rənglər dünyası məni özünə bağladı. Hər gün öz üzərimdə çalışaraq damla-damla, misqal-misqal al-əlvan rənglərin sirrini öyrənməyə çalışdım və elə bu maraq hissi ilə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil oldum. Universitet illərində tanınmış rəssamlardan aldığım təcrübə məni rəssamlığa daha yaxından bağladı. Rənglərə aludəlik məni magistr təhsili almaq üçün Türkiyədəki Kocaeli Universitetinin rəngkarlıq fakültəsinə aparıb çıxardı. İndi həmin universitetdə təhsil alıram. İndiyədək müxtəlif sərgilərdə iştirak edərək əsərlərimi nümayiş etdirmiş və uğurlu nəticələrə imza atmışam”.
Nərmin fırçasının məhsulu olan əsərlərlə rəsm həvəskarlarının və mütəxəssislərin marağına səbəb olub. O, 2016-cı ildə “Berlin-Bakı” qalereyasının Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Almaniyanın Azərbaycandaki səfirliyi ilə birgə keçirdiyi sərgidə “Bremen musiqiçiləri” əsəri ilə 117 iştirakçı arasında birinci yeri qazanıb. Rəssam müəllifi olduğu əsərlər özünün rəng duyumu, milli koloriti ilə diqqəti cəlb edir. Onun “Gecənin işığı”, “Kül olmuş xəyallar” tabloları bu qəbildəndir. Rəssamın əsərləri bədii-estetik cəhətləri ilə yanaşı, həm də milli adət-ənənələrə bağlılığı ilə də fərqlənir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Nərmin Əzimzadə indiyədək 20-dən artıq müxtəlif beynəlxalq və respublika miqyaslı sərginin iştirakçısı olub. O, kolorist imkanlardan məharətlə istifadə edir, əsərlərində yüksək dekorativ ifadələrə nail olur. Təbiət mövzusunda olan rəsmlər üzərində işləməyi sevən gənc rəssamın yaradıcılığının əsasını lirik-fəlsəfi mövzulu əsərlər təşkil edir. Onun əl işləri “Berlin-Bakı”, “Qız qalası” qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.
Nərminin sənətə öz baxışı var. Onun çəkdiyi əsərlərin hamısında özünəməxsus cizgilər var: “Mənə elə gəlir ki, sırf özüm kimi çəkirəm. Ola bilsin ki, zaman keçdikcə əsərlərimdə müəyyən çalarlar, rənglər, həyata baxış bucağında dəyişiklər olub. Ancaq mən heç kəsə bənzəmədən öz dünyamı yaratmaq istəyirəm”.