Neft Fondu bu il 5,2 milyard dollar qazanıb İqtisadiyyat

Neft Fondu bu il 5,2 milyard dollar qazanıb

Avstraliya dollarına yatırılan investisiyalar isə dəyərdən düşüb…


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz kondensat yatağından bu il əldə edilən gəlirlərini açıqlayıb. Fonddan "Report"a verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında "AÇG" yataqları üzrə ARDNF-yə 4 941 mln. ABŞ dolları, "Şahdəniz" yatağı üzrə isə 247 mln. dollar daxil olub. Məlumata görə, 2001-ci ildən etibarən "AÇG" yataqlar bloku üzrə əldə olunan ümumi gəlirlər 115,092 mlrd. dollar, "Şahdəniz" yatağı üzrə isə 2007-ci ildən etibarən 2,367 mlrd. dollar təşkil edib.
ARDNF Avstraliya dollarına yatırdığı investisiyalar indiyədək 65,148 mln. ABŞ dolları həcmində və ya 31,7% dəyərdən düşüb. "Report"un verdiyi xəbərə görə, 2015-ci ilin əvvəli ilə müqayisədə bu investisiyalar 14,18% və ya 23,174 mln. dollar, təkcə avqust ayında isə 3,96% və yaxud 5,782 mln. dollar məbləğində dəyərsizləşib.
Qeyd edək ki, valyuta ehtiyatlarının diversifikasiyası məqsədilə ARDNF 2012-ci ilin iyul ayında 200 mln. Avstraliya dolları alaraq Avstraliyanın dövlət istiqrazlarına investisiya yatırıb. Həmin il iyulun 4-nə 1 Avstraliya dollarının məzənnəsi 1,02688 ABŞ dollarına bərabər olub. Cari ilin yanvarın 1-də bu göstərici 1 AUD = 0,81701 USD, 1 sentyabr tarixinə isə 0,70114 USD təşkil edib. Xatırladaq ki, sentyabrın 1-də Avstraliya dolları USD dollarına qarşı ucuzlaşaraq 6 illik minimuma düşüb. Belə ki, ən aşağı səviyyə 2008-ci ildə (0,63496 USD) qeydə alınıb.
Bildirək ki, ARDNF-in hesabatına əsasən, Fondun aktivləri 2012-ci il iyulun 1-nə 32,666 mlrd. ABŞ dolları, cari ilin yanvarın 1-nə 37,104 mlrd. dollar, iyulun 1-nə isə 35,783 mlrd. dollar olub.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "ARDNF-in valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında qaydalar"ına əsasən, ARDNF-in investisiya portfelinin vəsaiti G7 (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələr, Rusiya və Türkiyə, həmçinin uzunmüddətli öhdəliklər üzrə "A" ("S&P", "Fitch") və ya "A2"dən ("Moody`s") aşağı olmayan reytinqə malik ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.
Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilib. Fondun investisiya portfelinin məcmu dəyərinin 50%-i ABŞ dolları, 35%-i avro, 5%-i funt sterlinq, qalan 10%-i isə həmin fərmanla təsdiq edilmiş valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Cari il iyulun 1-nə ARDNF-in investisiya portfelinin ümumi həcmi 35 726,2 mln. dollar təşkil edib. Bunun 50,1%-i dollar, 34%-i avro, 5,1%-i funt sterlinq, 1,4%-i Çin yuanı, 1,1%-i Türkiyə lirəsi, 0,6%-i Avstraliya dolları, 1,8%-i Rusiya rublu, 1,2%-i Koreya vonu, 1,5%-i digər valyutalarda cəmlənib. Portfelin 3,2%-i və ya 1,4 mln. dolları isə qızıla yatırılıb.