Vahid Əhmədov ümid edir İqtisadiyyat

Vahid Əhmədov ümid edir

"Davos Forumundan sonra Azərbaycana investisiya axını gözlənilir"

"Prezident İlham Əliyevin Davos Beynəlxalq İqtisadi Forumunda iştirakı indiki dövrdə ölkə iqtisadiyyatının inkişafı üçün xüsusilə əhəmiyyət kəsb edir".
Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vahid Əhmədov bu həftə işə başlayacaq Davos Forumunda Azərbaycan Prezidentinin də iştirakı məsələsinə münasibət bildirərkən söyləyib.
Deputat deyib ki, sözügedən Forumda ABŞ-ın vitse-prezidenti, dövlət katibi, Böyük Britaniyanın baş naziri və ayrı-ayrı nüfuzlu dövlət və hökumət rəhbərləri iştirak edəcəklər.
Onun sözlərinə görə, Davos Forumu Azərbaycanın ikitərəfli beynəlxalq iqtisadi əməkdaşlığı müzakirə etməsi üçün əlverişli məqamdır: "Cənab Prezident hər zaman Davos Forumunda iştirak edəndə daha çox ikitərəfli görüşlər keçirir və Azərbaycana investisiya yatırılması məsələləri geniş müzakirə olunur. Hətta müəyyən müqavilələrin imzalanması üçün razılaşma əldə olunur. Ona görə də düşünürəm ki, ölkə başçısı Davos Forumunda bu dəfə də ikitərəfli görüşlərin keçirilməsinə daha çox üstünlük verəcək.
Eyni zamanda, cənab Prezident Davosda çıxışı zamanı, yəqin ki, dünyada baş verən iqtisadi böhran və neftin sürətlə ucuzlaşmasından doğan problemlər barədə də geniş məlumat verəcək".
V.Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Davos Forumunda iştirakından sonra Azərbaycana investisiya axını gözlənilir: "Çünki Davos Forumunda dünyanın ən böyük şirkət rəhbərləri də iştirak edirlər. Azərbaycanın da strateji əhəmiyyəti və zəngin təbii ehtiyatları olduğu üçün, yəqin ki, həmin böyük şirkətlərlə razılıq əldə olunacaq".