OPEC-in qərarı nəyi dəyişəcək? İqtisadiyyat

OPEC-in qərarı nəyi dəyişəcək?

Vahid Əhmədov: "Neftin qiymətinin artması Azərbaycan üçün vacibdir"

Pərviz Heydərov: "Qərar KİV-də elan olunan kimi neftin 1 barelinin qiyməti yüksələrək 52 dolları keçib"

İlham Şaban: "Neftin qiymətinin kəskin artmasının qarşısını alan digər amil dünya iqtisadiyyatının artım tempinin zəif olmasıdır"

OPEC-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə qərar qəbul ediblər. OPEC neft hasilatının sutka üzrə 1,2 milyon azaldaraq günlük 32,5 milyon barelə çatdırılacağını açıqlayıb. Bu qərarla OPEC ölkələri ucuzlaşmaqda olan neftin dünya bazarındakı qiymətini artırmağı hədəfləyirlər. OPEC-ə üzv olmayan ölkələrə də neft hasilatını azaltmaq təklif edilib. Bu ölkələr arasında Azərbaycanın da adı var. Qurumun dünənki qərarından sonra bu gün dünya bazarında neftin qiymətində artım müşahidə olunub.
OPEC-in neft hasilatını azaltmaqla bağlı qərarı və bu qərarın nə ilə nəticələnəcəyi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüVahid Əhmədov danışıb: "Uzun müddət idi ki, bu qərar layihəsi üzərində iş gedirdi. Energetika nazirimiz Natiq Əliyev də mütəmadi olaraq OPEC-in iclaslarında iştirak edir. Ümumiyyətlə bu qərar Azərbaycan üçün əhəmiyyət kəsb edir. Neftin qiymətinin artması Azərbaycan üçün vacibdir. Çünki neftdən gələn gəlirlər həm dövlət büdcəsinə, həm də neft fonduna daxil olur. Bu isə Azərbaycan əhalisi üçün çox vacibdir. OPEC-in bu qərarı 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bu tarixdən OPEC ölkələri neftin hasilatını sutkalıq 32,5 milyon barel azaldacaq. Qərarın nə qədər qüvvədə olacağını söyləmək mümkün deyil. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın neft hasilatı və istehsalına aid öz fikri, mövqeyi var. Bir çox məsələ də ABŞ-ın yeni administrasiyasının siyasətindən asılı olacaq. Əgər ABŞ yanvardan neft hasilatını artıracaqsa, ondan sonra neftin qiymətinin artmasından söhbət belə gedə bilməz. Neftin qiyməti yalnız birjalarda yox, daha çox kabinetlərdə həll olunur və bu həm də siyasi məsələdir.
Neftin qiyməti nə qədər yüksək olarsa, bu bizim üçün o dərəcədə əhəmiyyətlidir. Bizim həm milli valyutamız, həm dövlət büdcəmiz, həm də əhalimizin maddi rifahı neftdən asılıdır.
Hesab edirəm ki, 2017-ci ildə neft qiymətlərində ciddi artım olmayacaq. Xam neftin dünya bazarlarında qiyməti 45-55 dollar səviyyəsində olacaq. Əgər ABŞ bu məsələyə müdaxilə etsə və neft hasilatını artırsa neftin qiyməti qalxmayacaq".
OPEC-in Azərbaycana neft hasilatını azaltmaqla bağlı təklifinə millət vəkili bildirdi ki, əgər ümumi razılıq olsa Azərbaycan buna gedəcək:
"Onsuz da Azərbaycanda neft hasilatında artım yoxdur. Azərbaycanda hasilat müəyyən qədər aşağı düşür. OPEC Rusiya üçün sutkalıq 300 min barel müəyyən edib. Mümkündür ki, Azərbaycan üçün də müəyyən hasilat kvotası müəyyənləşdirilsin. OPEC-in hasilatı azaltmaqla bağlı təklifinə o zaman getmək olar ki, neftin dünya bazarında qiymətində müəyyən artım olsun. Neftin dünya bazarındakı qiymətində artım olmasa, Azərbaycan bu təklifi qəbul etməyəcək. Çünki artıq İran və İraq neft hasilatını azaltmayacaqları barədə bəyanat veriblər".
İqtisadçı ekspert Pərviz Heydərov isə bildirib ki, nəhayət Neft İxrac edən Ölkələr Təşkilatı, yəni qısa desək, OPEC üzvləri qurumun noyabrın 30-da Vyanada keçirilən görüşündə bütün üzv ölkələr üzrə ümumi neft hasilatını sutkalıq 1,2 milyon barel həcmində azaltmaq barədə qərara gələ biliblər: "Bu, 2008-ci ildən bəri kartel üzrə ilk belə yekdil razılaşmadır. Düz, nə az və nə çox – 8 ildən sonra. Əslində, bu barədə 1 ay öncə Əlcəzairdə keçirilən görüşdə də razılığa gəlinmişdi. Lakin yekun qərarın və ölkələr üzrə kvotaların müəyyən edilməsi mexanizminin 1 ay sonra, yəni noyabrın 30-da Vyanada keçiriləcək toplantıda təsdiqlənəcəyi bildirilmişdi. Qərar KİV-də elan olunan kimi neftin 1 barelinin qiyməti yüksələrək 52 dolları keçib.
Beləliklə, çox maraqlı və olduqca təqdirəlayiq haldır ki, bir neçə həftədir Səudiyyə Ərəbistanı, İrak və İran arasında gedən danışıqlar bəhrəsini verdi. Çünki Vyana görüşündə xüsusən, Səudiyyə Ərəbistanı ilə İran arasında ziddiyyətlər ucbatından yekdil qərara gəlinəcəyi gözlənilmirdi".
Onun fikrincə, Əlcəzair görüşünün nəticələrinə dair yazdığım şərhdə də qeyd etmişdim ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər elədir ki, onların ortaq məxrəcə gəlmələri heç bir halda mümkün görünmür: "Ona görə ki, biri bazara uzunmüddətli fasilədən sonra yenicə girir və ən azı öz köhnə mövqelərini bərpa etməyə çalışır, digəri isə bazarda söz sahibidir.
Odur ki, güman edilir, Səudiyyə Ərəbistanı müəyyən mənada güzəştə gedib. Bu da onun real iqtisadi durumu ilə bağlıdır. Belə ki, əldə olunan xəbərlərə görə də güzəşt məhz ondan ibarət olub ki, Səudiyyə Ərəbistanı istisna olaraq yeganə Tehran tərəfinin gündəlik hasilatı 3,9 milyon/barel artıra biləcəyi ilə razılaşıb. Bu da səbəbsiz deyil: Ər-Riyad maliyyə ehtiyatlarını itirə-itirə gedir.
Bəlkə də elə buna görə idi ki, bütün gözləntilərin əleyhinə olaraq, noyabrın 30-dakı Vyana görüşü ərəfəsində İraqın neft nümayəndəsi də anons etmişdi ki, bu dəfə hər halda yekdil razılığa gəlmək mümkün olacaq".
Ekspertin sözlərinə görə¸ hələlik isə məlum olan budur ki, hasilatın azaldılması 6 ay davam edəcək və buna xüsusi komitə nəzarət edəcək. Və hasilatın azaldılması qeyri-OPEC ölkələrinə də şamil olunacaq: "Gündəlik 600 min barel həcmində…Bəs, bu, qiymətləri çoxmu bahalaşdıracaq?! Təkrar edirəm ki, hazırda neftin 1 bareli təxminən 51 dollardır. Bəri başdan yazım ki, şübhəsiz, yox. Vyana görüşünə dair müsahibəmdə qeyd etmişəm ki, 2017-ci ilin əvvəlində neftin qiyməti 35 dollara qədər enə bilər. Düzdür, onu da əlavə etmişdim ki, bu müvəqqəti xarakter daşıyacaq və qiymət yenidən 40 dollar səviyyəsinə qalxacaq. Amma ümumən götürsək, 2017-ci il ərzində neftin orta qiyməti 44-45 dollar səviyyəsində olacaq, o səbəbdən ki, tələbin genişlənməsi ehtimalı yox dərəcəsindədir. Ümumiyyətlə, OPEC-in sözügedən yekdil qərara gələcəyini gözləmirdim. Lakin görünür, bu, necə deyərlər, son şans idi.
Ancaq, burada bir nüans da var. O da bundan ibarətdir ki, ABŞ-da Federal Ehtiyat Sisteminin (FES) dekabrda keçirəcəyi iclasında faiz dərəcəsini artırılacağı ehtimalı xeyli müddətdir müzakirə olunur. Bu isə neftin dünya bazar qiymətlərinə təsir etmək baxımından ABŞ-ın əlində ən ümdə vasitə və alətlərdən biridir. Yəni, söhbət, dolların kursundan gedir. Belə ki, FES baza faiz dərəcəsini artıran kimi, dollar möhkəmlənir. Bu isə avtomotik olaraq neftin qiymətini aşağı salır.
Odur ki, OPEC əgər, sözügedən Vyana görüşündə də heç bir qərar qəbul etməzdisə, bunun təkcə psixoloji təsiri nefti dərhal ucuzlaşdıracaq idi. Üstəlik FES də dekabrda keçirəcəyi iclasda faiz dərəcəsini artırarsa, nəzərə alınmalı idi ki, neft daha kəskin ucuzlaşmalı idi. Bu isə ABŞ başda olmaqla, bütün dünya iqtisadiyyatı üçün sərfəli deyil.
Belə ki, bu gün istər neft ixracçısı, istərsə də idxalçısı olan ölkələr üçün 40-45 dollar ən minimal qiymət səviyyəsi sayılır. Təkcə bir cəhəti qeyd edim ki, bundan aşağı qiymət ABŞ-da şist sənayesi üçün də "bankrot" deməkdir. Odur ki, güman edirəm, OPEC-in qərarında ABŞ-ın da razılığı olub! Bu isə o deməkdir ki, FES faiz dərəcəsini 99% etimalla qaldıracaq".
"Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, 2008-ci ilin dekabrında keçirilən konfransında OPEC neft hasilatının 2,2 mln barel azalması haqqında qərar qəbul etmişdi: "Onda bu qərar öz bəhrəsini vermişdi. Konfransda qəbul edilənləri inqilabi qərar kimi qiymətləndirmişdilər. Çünki, həqiqətən neft hasilatının belə azalması cəmi bir il sonra, 2009-cu ildə neftin qiymətinin artaraq 90 dollara qədər yüksəlməsinə səbəb oldu. Halbuki, 2008-ci ilin dekabrında neftin qiyməti 39 dollara qədər azalmışdı. Hazırda OPEC-in bu addımını ona bənzədənlər var. Ancaq məsələlər o dövrdəki kimi inkişaf etmək gücündə deyil. Çünki, o zamanlarla müqayisədə neftin qiymətinin kəskin artmasının qarşını alan iki yeni faktor var. Birincisi o zaman şist neft gündəmdə yox idi. Həmin vaxtlar şist neftin maya dəyəri 189 dollar ətrafında idi. İndi isə şist neft 40 dollardan yüksək həddə hasil edilir. İkinci amil alternativ energetika ilə bağlıdır. O zaman alternativ energetika enerji idxalçıları olan inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında çox cüzi rol oynayırdı. İndi isə elə ölkələr var ki, onların enerji balansında alternativ energetikanın həddi 40 faizədək yüksəlib. Bu kimi amillər neftin qiymətinin kəskin sürətlə bahalaşmasının qarşısını alır".
İ.Şaban neftin qiymətinin kəskin artmasının qarşısını alan digər amilin dünya iqtisadiyyatının artım tempinin zəifliyi olduğunu bildirib: "Son 5 ildə dünya iqtisadiyyatının artım tempi 3 faizdən yuxarı idisə, artıq bu rəqəm 2,8 fazidir. Bunun gələn il 2,6 faizə qədər azalacağı proqnozlaşdırılır. İstənilən halda brend markalı neftin cari il üçün orta qiyməti təqribən 43,5 dollar ətrafında ehtimal olunur. Gələn il üçün bu qiymətin 20-22 faiz bahalaşması proqnozlaşdırılır. Optimist rəqəm söyləyənlər isə bunun 25 faizi ötə biləcəyini bildirirlər. Yəni neftin qiymətinin 50-55 dollar arasında olan dəhlizə qədəm qoyacağını qeyd edirlər. Bu isə pis artım deyil. Neft şirkətləri, hasilatçı ölkələr üçün minimum 20 faiz gəlirlərin artması çox yaxşı nəticədir. Düzdür, bu, əvvvəlki illərlə - neftin qiymətinin 100 dollar olan dövrü ilə müqayisədə 2 dəfə azdır. Ancaq nəzərə alsaq ki, 2014-cü ildən sonrakı müddətdə ölkələr, şirkətlər özləri neftin aşağı gəlirlərinə kökləyiblər, bu, yeni zamanın çağırışlarında artıq heç də cansıxıcı bir mühit deyil. Bunu artıq ümidlərə doğru atılan addım kimi qiymətləndirmək olar".
Əli