SOCAR ötən il işə qəbul olunanların sayını açıqlayıb İqtisadiyyat

SOCAR ötən il işə qəbul olunanların sayını açıqlayıb

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun iştirakı ilə Qeyri-Hökumət Təşkilatları (QHT) rəhbərləri ilə insan resurslarının idarə edilməsinə dair görüş keçirilib. SOCAR-dan verilən məlumata görə, SOCAR-ın İnsan resursları departamentinin (İRD) rəisi Asif Bəkirli 2016-cı il ərzində SOCAR-ın insan resurslarının idarə edilməsi ilə bağlı fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış edib. Təqdimatda SOCAR-ın tabeliyində olan idarə və müəssisələrdə təhsil, təlim və karyera imkanları, bu istiqamətdə həyata keçirilən layihələr, vətəndaşların qəbulu, işçilərlə əlaqələr və başqa sahələr üzrə statistik göstəricilər diqqətə çatdırılıb.
Qeyd olunub ki, 2016-cı ildə əməkdaşların 5017 nəfəri başqa işə keçirilib, 1017 nəfəri isə işə yeni qəbul olunub. SOCAR üzrə Tarif-İxtisas Komissiyalarına 1630 nəfər müraciət edib, onlardan 1400-nün iddiası təmin olunub ki, bu da qəbul edilmiş ərizələrin 80%-nin həll edilməsi deməkdir. SOCAR-da işə qəbul prosesinin mövcud əmək qanunvericiliyinə və şirkətdaxili standart və qaydalara əsasən, müsabiqə yolu ilə həyata keçirildiyi, müsabiqələrin İRD tərəfindən təşkil edildiyi və aidiyyəti sahə mütəxəssislərinin iştirakı ilə aparıldığı qeyd olunub, məlumat verilib ki, 2016-cı ildə SOCAR-da elan edilmiş 1244 vakansiya üzrə müraciət etmiş 72 567 nəfərdən 642 nəfər işə qəbul olunub, 246 nəfər isə kadr ehtiyat bazasına alınıb. Bununla yanaşı İRD tərəfindən işçilər arasında mütəmadi olaraq məmnunluq sorğusu da keçirilir ki, bu yolla hər bir əməkdaş tərəfindən tutduğu vəzifənin qənaətbəxşliyi qiymətləndirilir. İl ərzində İRD tərəfindən motivasiya və effektivliyin artırılması məqsədi ilə həm işçilər, həm də təşkilat rəhbərləri üçün müvafiq kurslar təşkil olunub.
Təqdimatda SOCAR-ın xarici və daxili təqaüd proqramları, yay məktəbi, ödənişli yay təcrübəsi proqramları, eləcə də neft sənayesi üçün peşəkar fəhlə kadrlarının hazırlanması üçün təlim mərkəzlərinin fəaliyyəti haqqında məlumat verilib. Toplantıda çıxış edən X. Məmmədov şirkətdə həyata keçirilən kadr siyasəti, müxtəlif layihələr barədə ətraflı məlumat verərək bildirib ki, şirkət üçün insan faktoru mühüm amildir. X. Məmmədov bildirib ki, SOCAR-ın qarşısına qoyulmuş hədəflərin dəf olunması üçün insan resurslarının idarə edilməsi sahəsində dəyişikliklərə ehtiyac var. Nəzərə çatdırılıb ki, Azərbaycanın sosial-iqtisadi həyatında əvəzsiz xidmətləri olan SOCAR müntəzəm olaraq birgə fəaliyyət göstərdiyi beynəlxalq məsləhətçi şirkətlərlə insan resurslarının idarə edilməsi sahəsində proqramlar icra edir və bu da daha effektiv nəticələr əldə etmək, proseslərin şəffaflığını daha da artırmaq üçün əlavə imkanlar yaradır.
Görüşdə iştirak edən QHT rəhbərlərindən "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov və başqaları çıxış edərək, SOCAR-ın həyata keçirdiyi layihə və proqramlardan söz açıb, vətəndaş cəmiyyəti ilə əlaqələrini müsbət qiymətləndirib, QHT ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində təkliflər veriblər.