Qadın sahibkarlığına həsr olunmuş beynəlxalq konfrans keçirilib İqtisadiyyat

Qadın sahibkarlığına həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakıda "Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən AQUPDK sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı artmaqdadır.
Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün ciddi əsaslar yaradılıb: "Biz qadınların cəmiyyətdə rolunun, onların iqtisadi fəallığının artmasına önəm veririk. Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da qadınlar önəmli funksiyaları öz üstlərinə götürməyə hazırdırlar".
Daha sonra BMT Baş katibinin müavini, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Kristian Friis Bax adından bəyanat səsləndirilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, sahibkarlar iqtisadiyyatın lokomotividir. O əlavə edib ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar Azərbaycanda sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafına böyük təkan verib.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstəyin daha da gücləndirilməsinin zəruriliyini qeyd edib.
Özbəkistan baş nazirinin müavini, Qadın məsələləri Komitəsinin sədri Tanziala Narbaeva bildirib ki, qadınlar istənilən cəmiyyətdə mühüm yer tutur: "Qadınlara xüsusi diqqət yetirilməsi bizə xas xüsusiyyətdir. 2006-cı ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət Komitəsi qısa müddətdə böyük işlər görüb. Bu konfransın qadın sahibkarlığının inkişafına təkan verəcəyinə inanırıq".
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qızlar üçün ilk dünyəvi məktəbin Bakıda açılmasını diqqətə çatdırıb.
Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya deyib ki, konfrans çox faydalı bir platformaya çevriləcək. "Qadınların olduğu hər yerdə iqtisadi yüksəlişlə bərabər, sülh, azadlıq və demokratiya var. 2002-ci ildən etibarən Türkiyədə qadınların statusunun gücləndirilməsi ilə bağlı tədbirlər gücləndirilib", - deyə o vurğulayıb.
Tədbirdə bir qrup sahibkar qadın mükafatlandırılıb.
Konfrans sessiyalarla davam etdirilib.