Dövlətin standartı varsa... İqtisadiyyat

Dövlətin standartı varsa...

Ramiz Həsənov: "Elə insanlar var ki, pula görə hər şeyə göz yumur"

Tərlan

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yay mövsümündə sərinləşdirici içki istehsalı müəssisələrində yoxlamalar aparacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. O bildirib ki, artıq dövlət komitəsi nə vaxt və hansı müəssisələrdə monitorinq aparacağı ilə bağlı Ədliyyə Nazirliyinin reyestr xidmətinə məlumat təqdim edib: "Monitorinqlər qazlı və qazsız su istehsalı müəssisələrini əhatə edəcək. Plandan kənar vətəndaşların müraciətinə əsasən belə monitorinqlərin aparılması da mümkündür. Digər tərəfdən, biz özümüz ticarət şəbəkələrindən məhsulları alır, onların keyfiyyətini laboratoriyalarda yoxlayırıq. Bu zaman hər hansı problem ortaya çıxırsa, o halda Ədliyyə Nazirliyinin reyestrindən çıxarış alıb, həmin müəssisədə yoxlama aparırıq. Təəssüf ki, elə insanlar var ki, pula görə hər şeyə göz yumur, pis şəraitdə məhsul istehsal edirlər. Biz də belə istehsalçıları ifşa etməyə çalışırıq".
Azərbaycanda ət kəsimi zamanı İslam dininin qaydalarına riayət edilib-edilmədiyi ilə bağlı nəzarəti həyata keçirəcək Qafqaz Müsəlmanları İdarəsi ilə artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) arasında əməkdaşlıq başlayıb. R.Həsənov deyib ki, Azərbaycanda 3 broyler fabriki "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğun sertifikat almaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) müraciət edib: "Dövlət Komitəsi də Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdi ki, onların nümayəndələri həmin broyler fabrikində kəsimə nəzarət etsinlər. Yekunda da rəy versinlər ki, bu şirkətlərə uyğun sertifikat verə bilərik, yoxsa verə bilmərik. QMİ-nin də bu sahədə tələbləri var və hazırda QMİ-nin rəyini gözləyirik. Biz altı aya yaxındır ki, bu şirkətlərlə monitorinq aparırıq, çünki bu sahədə standartın başqa tələblərinə nə dərəcədə riayət olunduğunu müəyyənləşdirməliyik. Ümumiyyətlə, dövlətin standartı varsa, bu standarta riayət olunmasına da dövlət nəzarət etməlidir. Təbii ki, burada QMİ-nin də müəyyən rolu var".
R.Həsənov xarici ölkələrdən ət məhsullarının istehsalı üçün idxal edilən ətlə bağlı QMİ-nin rəyinin tələb olunmadığını qeyd edib: "Tutaq ki, kolbasa istehsalı üçün ət xaricdən gəlirsə, həmin ət o ölkənin sertifikatı ilə gəlir və biz də o sertifikatı tanıma proseduru həyata keçiririk. Azərbaycanın daxilində kəsimlə bağlı ət məhsulunun halal olmasını QMİ müəyyən edəcək".
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində "halal" sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə başlanıb. İndiyədək SMPDK-da akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) tərəfindən 5 şirkətə "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat verilib.
"Təbii ki, Azərbaycana böyük həcmdə məhsul idxal edən sahibkarın həmin məhsulları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindəki genetik modifikasiya edilmiş məhsullarla bağlı laboratoriyada yoxlatmağa marağı yoxdur. Bu məhsulların GMO ilə bağlı yoxlanılmasını təşkil etmək dövlətin borcudur". R.Həsənov deyib ki, Azərbaycana GMO məhsulların gətirilməsini istəmiriksə, bu sahədə qanunvericiliyin tələbləri sərtləşdirilməli, bu məhsulların sərhəd-keçid məntəqələrində müvafiq laboratoriyalarda yoxlanılması təmin olunmalıdır: "İdxalçıların qarşısında birmənalı tələb qoyulmalıdır ki, bu məhsulların Azərbaycana gətirilməsi qadağandır. Digər tərəfdən, yerli istehsalçılar GMO məhsullar istehsal etməməli, laboratoriyada yoxlamadan keçdikdən sonra məhsullarının üzərinə ekoloji təmiz məhsul olduğu yazılmalıdır. Əgər istehsalçının istehlakçıları aldatdığı üzə çıxarsa, o zaman həmin istehsalçıya qarşı böyük cərimə sanksiyaları tətbiq olunmalıdır. Təəssüf ki, Azərbaycanda cərimələrin miqdarı azdır".
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanda ən böyük cərimə 5 min manatdır: "Ancaq elə müəssisələr var ki, 5 min manat onlar üçün elə də böyük vəsait deyil. Ona görə də cərimələrin miqdarı artırılmalıdır. Dövlət Komitəsi bu məsələni gündəmə gətirmək niyyətindədir. Prezident də müəyyən tapşırıq verib ki, cərimələrin miqdarını artırmaq lazımdır ki, məsuliyyət hissi artsın. Biz bu məsələnin üzərinə çalışacağıq".
Müsbət haldır ki, son vaxtlar müvafiq hökumət qurumları keyfiyyətsiz və saxta məhsul istehsalçılarına qarşı mübarizəni genişləndirirlər. Elə bunun nəticəsidir ki, çörək, yağ, müxtəlif sular, duz, şirniyyat, kolbasa və s. istehsalçılarının fırıldaqçılıqlarının üstü açılır və onlar ifşa olunurlar. Aşkar edilən qanun pozuntuları əsasən istehsal üzrə standartların pozulması, malların markalanmaması, saxlama müddəti keçmiş məhsulların satışı ilə bağlıdır. Amma Azərbaycanda istehlakçılar hüquqlarının pozulması faktını aşkar etdikdə müvafiq orqanlara, məsələn, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə şikayət etmirlər. SMPDK son vaxtlar bu sahəyə nəzarəti gücləndirib və indi deyirlər ki, vəziyyət müsbətə doğru dəyişir, çörəklə bağlı standartların tətbiqindən sonra əhaliyə satılan çörəyin keyfiyyəti yüksəlib.
Bunlarla belə, İqtisadi İnkişaf Nazirliyində hesab edirlər ki, hazırda ölkədə istehlakçıların aldıqları malların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət olmaq, onların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun məlumat əldə etmək və s. hüquqlarının təsbit edildiyi təkmil qanunvericilik bazası formalaşıb.