Mərkəzi Bankın rəhbərliyi xalqın etimadını itirib İqtisadiyyat

Mərkəzi Bankın rəhbərliyi xalqın etimadını itirib

Əkrəm Həsənov,
IJS Hüquq Firmasinin direktoru, vəkil

Beynəlxalq Bankın sədri Cahangir Hacıyev istefa verdi. Səhhəti ilə bağlı. Allah şəfa versin!
Qabaqcadan deyim ki, rəsmi səbəbin həqiqi səbəb olması mümkündür. Məsələn, mərhum təhsil naziri Lidiya Rəsulova da səhhəti ilə əlaqədar istefa vermişdi və bu, həqiqətən belə idi.
Düzdür, adətən bu səbəb həqiqətə uyğun olmur. Misal: Rəsul Quliyev.
Həm də ki, xəstə ola-ola vəzifəsini sonadək icra edən məmurlamız da az deyil. Məsələn, ötən il vəfat etmiş Statistika Komitəsinin sədri Arif Vəliyev, bu il dünyasını dəyişmiş Neft Akademiyasının rektoru Siyavuş Qarayev və s.
Devalvasiyadan sonra bank sisteminin belə gərgin günlərində ölkənin ən iri bankının rəhbəri heç olmasa bir az gözləyə bilməzdi? Axı cəmiyyətdə onsuz da banklara etimad xeyli azalıb, belə xəbərlər isə təşvişi daha da artıra bilər.
Qeyd edilənlər Cahangir Hacıyevin istefasının əsl səbəbi haqda müxtəlif mülahizələr irəli sürülüməsinə əsas verir. Təbii, bütün bu mülahizələr yalnız ehtimaldır.
Bu ehtimallara keçməzdən əvvəl xüsusilə vurğulamaq istəyirəm ki, bu istefa özü-özlüyündə, səbəbindən asılı olmayaraq, Beynəlxalq Bankın öhdəliklərinin (o cümlədən əmanətçilər qarşısında) icrasına təsir edə bilməz. Beynəlxalq Bankın əsas sahibi dövlətdir. Buna görə də Mülki Məcəllənin 950.1-ci maddəsinə əsasən dövlət Beynəlxaq Bankın fiziki şəxs-əmanətçiləri qarşısında məsuliyyət daşıyır. Yəni digər bankların əmanətləri qismən və müəyyən şərtlərlə Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanıbsa, Beynəlxalq Bankda (habelə dövlətin əsas səhmdarı olan digər bankda – Azər-Türk Bankda) olan əmanətlərə bu sığortadan əlavə olaraq dövlət tərəfindən tam qarantiya verilib. Əlavə olaraq dövlət Beynəlxalq Banka daim maliyyə dəstəyi də verir.
Ümumiyyətlə, qabaqcıl ölkələrdə də belə bir qayda var: bank çox iridirsə, dövlətə mənsubiyyətindən asılı olmayaraq, onu batmağa qoymurlar. Bu baxımdan, idarəetmə səviyyəsindən asılı olmayaraq, Beynəlxalq Bank və Azər-Türk Bank ölkənin ən etibarlı banklarıdır.
Təbii, istənilən bank sistemi və istənilən bank piramidadır. Əvvəl-axır bu piramida dağılır. Dünyanın hər yerində və hər zaman. Kimin nə deməsindən, nə söz verməsindən asılı olmayaraq. Ölümə çarə olmadığı kimi, müflis borcluya da çarə yoxdur. Sadəcə məsələ piramidanın nə vaxt dağılmasında və sizin bankınızın həmin piramidadakı yerindədir.
Beynəlxalq Bank isə bizim milli bank piramidasının ən güclü bəndidir. Bəli, devalvasiya, Mərkəzi Bankın son qərarları, onun rəhbərliyinin susması və s. piramidamızı xeyli zəiflədib, risklər və təhlükələr artıb. Bununla belə, Beynəlxalq Bankın əmanətçilərinin riski daha azdır.
Düzdür, etiraf etmək lazımdır ki, idarəetmə səviyyəsi, peşəkarlıq, qanunçuluq, şəffaflıq, saflıq və düzgünlük baxımından Beynəlxalq Bank ölkəmizin ən zəif banklarından biridir. Təəssüf ki, dövlətə məxsus iri bank üçün bu adi haldır (düzdür, qabaqcıl ölkələrdə istisnalar da var, ümid edirəm ki, bizdə də olar bundan sonra).
Mən uzun müddət Rusiyanın belə iri dövlət bankı olan VTB-nin yerli bankının rəhbərliyində işləmişəm və belə bankların vəziyyətinə, məmur-quldurcasına idarə edilməsi prinsiplərinə bələdəm. Bununla belə, istənilən halda Beynəlxalq Bank VTB-dən daha etibarlıdır. Ən azı bizim əmanətçilər üçün. Ümumiyyətlə, əhalimiz bilməlidir ki, bizim banklarımız böhran içində olan Rusiya banklarının yerli bölmələrindən (VTB və Nikoyl) daha etibarlıdır. Çünki bəd ayaqda Rusiya Azərbaycandakı əmanətlərinizi mənimsəyə bilər. Hazırda isə Rusiya uzunmüddətli və sonu görünməyən böhrana qərq olub.
İndi isə keçək Cahangir Hacıyevin istefasının əsl səbəbinə. Yuxarıda Beynəlxalq Bankın problemlərini qeyd etdim. Bu problemlərin hər biri Hacıyevin istənilən anda (bəzən belə söz-söhbətlər də gəzirdi) istefaya göndərilməsi üçün əsas idi (bu baxımdan istefa hər bir halda müsbət haldır). Amma niyə məhz indi – bank sisteminin belə halında, əhalinin təşviş içərisində olduğu dövrdə? Sonra da etmək olardı axı.
Ehtimal edirəm ki (xüsusilə vurğulayıram: bu ehtimaldır!), əsl səbəb manatın devalvasiyasıdır. Fevral devalvasiyasında möhtəkirlərin (spekulyantların) da rolu böyük idi və bunu açıq-aşkar hamı deyirdi. Kim idi bu möhtəkirlər? Onların adını deyən olmadı. Kim ola bilərdi? Təbii, sərəncamında ciddi maliyyə imkanları olan şəxslər, o cümlədən banklar. Buna görə də ola bilər ki, Cahangir Hacıyevin istefası məhz Beynəlxalq Bankın möhtəkirlik fəaliyyəti ilə bağlıdır. Bank həmişə pul qazanmaq istəyir, o cümlədən valyuta alverindən. Bu başadüşüləndir. Amma sırf maliyyə amilindən savayı digəri də ola bilər – Cahangir Hacıyevin Elman Rüstəmovla pis münasibətləri (bankirlər arasında bu fakt çoxdan gizli deyil) və sonuncunu vurmaq istəyi.
Xatırladıram ki, aprelin əvvəlində Rüstəmovun səlahiyyət müddəti bitir. Devalvasiya olmasaydı, Rüstəmovun növbəti 5 illik müddətə təyin olunması şansı yüksək idi. İndi isə xeyli azdır. Deməli, Rüstəmovun əleyhdarları devalvasiyada maraqlı idilər.
Əlbəttə, bütün bunlar Rüstəmovun Mərkəzi Bankda yarıtmaz, naşı və qanunsuz fəaliyyətinə, devalvasiyanı bu şəkildə həyata keçirməsinə, xalqı aldatmasına, devalvasiyadan sonra bankların təzyiqi altında bank sistemini və əhalinin əmanətlərini təhlükə altına qoyan qərarlar qəbul etməsinə, qərarlarını ictimaiyyətə izah etməməsinə, cəmiyyəti maraqlandıran sualları cavabsız qoymasına və digər mənfi əməllərinə haqq qazandırmır. Sırağagün onun Milli Məclisdəki çıxışı isə ən azı gülməli idi. Devalvasiyanın səbəbinin neftin ucuzlaşması ilə bağlı olması hamıya bəllidir. Problem devalvasiyada deyil. Problem onun necə həyata keçirilməsində və sonrakı qərarlardadır.
Təəssüf ki, Mərkəzi Bankın mövcud rəhbərliyi xalqın etimadını tamamilə itirib. Bundan sonra Rüstəmov və onun komandası nə desə, heç kəs inanmayacaq. Buna görə də necə ki, Cahangir Hacıyevin istefası və yerinə daha peşəkar və təmiz insanın gələcəyi Beynəlxalq Bankın sağlamlaşdırılmasına xidmət edəcək, Mərkəzi Bankın da rəhbərliyinin dəyişdirilməsi bank sisteminə etibarın artmasının şərtlərindən biridir. Ümid edirəm ki, aprelin əvvəlində bu məhz belə də olacaq. Buna görə də Cahangir Hacıyevin istefasını bank sisteminin təmizlənməsi prosesinin startı kimi qəbul etməyi, optimist olmağı və ardını gözləməyi tövsiyə edirəm..