Rubl separatizmin xilaskarı rolunda İqtisadiyyat

Rubl separatizmin xilaskarı rolunda

"Eurasia Group": "Rubldan istifadənin getdikcə artması göstərir ki, Rusiya separatçıların nəzarəti altında olan ərazilərdə de-fakto hakimdir"

Cavid

Ötən gün "Bloomberg" agentliyi rus rublunun Ukraynanın şərqində müstəqilliyini elan edən qondarma respublikalarda yeni torpaqlar fəth etməyə davam etdiyi ilə bağlı verdiyi xəbər ardınca geniş reportaj hazırlayıb.
Xatırladaq ki, adıçəkilən agentlik Ukraynanın şərqində rus rublundan istifadənin artdığını qeyd edib: "Donetsk supermarketlərində yalnız rus rublunun istifadə olunduğu kassalar var. Avtobus və tramvay biletlərində Ukrayna qrivnasından Rusiya rubluna keçid baş tutur. Artıq yanacaqdoldurma məntəqələrində də rublla ödəmə qəbul olunur. Çünki separatçı müştərilər zirehli texnikalarını yanacaqla doldurarkən rubldan istifadə edirlər. Ukraynanın şərqində rublun istifadəsinin artması problemli bölgələrin mərkəzi hökumətin idarəsindən daha da uzaqlaşdıqlarını göstərir".
Amerikalı analitik Klif Kupçan isə "rubldan istifadənin artması Rusiyanın Ukraynanın şərqindəki fəaliyyətlərini davam etdirəcəyini göstərir", - deyə bildirib.
"Mağazalarda heç bir problem yoxdur, hər yerdə rubl keçir" – soyadını vermək istəməyən 36 yaşlı saç ustası Natalya deyib: "Düzdür, həmişə xırda pulları olmur, ancaq bunun əvəzinə saqqız və ya alışqan verə bilərlər". Almaniya, Fransa və Rusiyanın vasitəçiliyi ilə bağlanmış sülh müqaviləsi 40 milyondan çox əhalisi olan ölkəni vahidliyi qorumağa çağırsa belə, rublun yavaş-yavaş içərilərə irəliləməsi problemli regionların hökumətin əlindən necə çıxdığını göstərir. Separatçı rəsmilər valyuta planlarını dəqiq bildirməyiblər. Gürcüstandan tutmuş Moldovaya qədər keçmiş Sovet ölkələrindəki nümunə göstərir ki, oxşar dəyişikliklər Rusiya tərəfdarı üsyançıları gücləndirə bilər. Nyu Yorkda "Eurasia Group" şirkətinin sədri Klif Kapçen bildirib: "Rubldan istifadənin getdikcə artması başqa bir göstəricidir ki, Rusiya özünün və separatçıların nəzarəti altında olan ərazi üzərində de-fakto suverenliyi hələ də saxlamaqdadır. Tərəflər ən son atəşkəsə əməl etdikləri halda, çox güman ki, həm qrivna, həm də rubldan, əks halda isə yalnız rubldan istifadə olunacaq". Gürcüstanın Rusiya tərəfindən illərlə dəstəklənən separatçı Abxaziya və Cənubi Osetiya regionları əsas valyuta kimi rubldan istifadə edirlər. Moldovanın separatçı Dnestryanı bölgəsi isə Sovet İttifaqı dağılan vaxt Rusiya qüvvələrinin köməyi ilə milli hökumətə qarşı üsyan qaldıraraq öz rublunu yaratdı. Ötən ilin mart ayında Rusiya Krımı ilhaq etdikdən qısa müddət sonra rublu burda da tətbiq etdi. Ukrayna dünyada yeganə yerdir ki, burda qrivnanın dəyəri 48 faiz düşdüyündən 2014-cü ildə dollarla nisbətdə rublun dəyərinin 46 faiz azalması ondan istifadəni heç də azaltmadı. Rusiya valyutası 2015-ci ildə qismən bərpa oldu. Belə ki, çərşənbə axşamı rublun dəyəri 1,9 faiz artıb. Beləliklə, Donetskdə əksər mağaza və müəssisələrdə rubldan istifadə olunur. Üsyançıların ələ keçirdiyi ərazilərdə bankomatlardan qrivna çəkmək mümkün olmadığından yerli əhali pul çəkmək üçün Ukraynanın digər hissələrinə getməli olurlar.
Qondarma Donetsk Xalq Respublikasının lideri Andrey Purginin fikrincə, Ukrayna valyutasında Kiyev hökuməti tərəfindən qoyulan səyahət məhdudiyyətləri ilə kəskinləşən çatışmazlıq yeni valyuta rejiminə ehtiyac olmasının bir səbəbidir. Rublun eyni zamanda Rusiyadan gələn mallara tələbin artmasına da kömək etdiyini bildirən Purgin müsahibələrindən birində deyib: "Donetskdəki mağazalarda Rusiyadan gələn məhsulların Ukrayna məhsullarını əvəzlədiyini görürük. Ancaq regional əlaqələr olduğuna görə, qrivnadan istifadə tamamilə dayandırılmayacaq." Donetsk respublikasının xarici işlər naziri Aleksandr Kofman isə bu fikirlə razı deyil. O bildirir ki, rubl qrivnanı əvəzləməkdədir və Krımda olduğu kimi tam keçidə doğru irəliləyir. Rusiyanın bu keçidi asanlaşdıran mərkəzi bankı Şərqi Ukraynada rubldan istifadənin artması ilə bağlı göndərilən suallara cavab verməkdən imtina edib. Üsyançılar Rusiya valyutasına inamı göstərmək üçün müharibə nəticəsində hökumət vəsaitləri kəsildikdən sonra bəzi Donetsk sakinlərinə təqaüdlərini rublla ödəməyə başlayıblar. Donetsk respublikasının mətbuat xidməti bildirib ki, ödənilən pullar "xarici mənbələrdən" gəlir. Pulunu almaq üçün beş saat sırada gözləyən və soyadını verməkdən imtina edən 67 yaşlı Fedor deyib ki, pulun rublla ödənilməsi vecinə belə deyil. 10 aydır pulunu ala bilməyən pensiyaçı hansı valyuta ilə olur-olsun, pulunu aldığına məmnun olduğunu bildirib. Digər separatçı region, qondarma Luqansk Xalq Respublikasında ödənişlərin 85 faizi rublla edilir, qrivnadan isə ödənişlərin 12 faizi üçün istifadə olunur. Qalan hissə isə dolların payına düşür. Ukraynanın mərkəzi bankı ölkənin yeganə qanuni valyutasının qrivna olduğunu bildirir. Rubl çox yerdə qəbul edilsə də və ABŞ dolları yığılsa da, Donetskdə hələ milli valyuta üstünlük təşkil edir. Yoldaşı Rusiyada çalışan 31 yaşlı Dina Kopsova deyib: "Kiçik bir mağazada rublla nəsə alanda üç kassir heç vaxt rubl görmədiklərinə görə, baxmaq üçün qaçaraq gəldilər. Supermarketə gedəndə digər müştərilər mənə ya qısqanclıq, ya da qəzəblə baxırlar, çünki rubl sırasında təkcə mən oluram".
Başqa bir dükan sahibi Oleksandr İlyin isə bildirir ki, əsasən pensiyaçılar olmaqla, 10 Donetsk sakinindən yalnız biri rubldan istifadə edir. Bütün bunlara baxmayaraq, bəzi insanlar üçün uyğunlaşmaq çətin olsa da, rubla meyl artmaqdadır.