“Qəbələ”də yeni təyinat, yeni müqavilə Müsahibə

“Qəbələ”də yeni təyinat, yeni müqavilə

"Qəbələ" klubunda yeni təyinat və sponsor müqaviləsi imzalanıb. Apasport.az saytının məlumatına görə, kluba yeni kommersiya direktoru vəzifəsinə Mustafa Aztopal gətirilib. "Qırmızı-qaralar" həmçinin Türkiyənin "Sarar" şirkəti ilə geyim sponsorluğu müqaviləsi imzalayıb. Bununla bağlı bu gün "Qafqaz Point" otelində mətbuat konfransı təşkil edilib. Konfransda Mustafa Aztopal və "Sarar" şirkətinin əməkdaşı Məsut Dəmirtaşla yanaşı, "Qəbələ"nin futbol direktoru Toni Adams və marketinq üzrə menecer Səməd Nəsibov da iştirak ediblər.
Konfransı açıq elan edən Nəsibov öncə yeniliklərlə bağlı danışıb: "Bu gün "Qəbələ" İdman Klubunun tarixində iki önəmli hadisə baş verib. Beynəlxalq brend olan "Sarar" firması ilə 2 illik sponsor müqaviləsi imzalayacağıq. Bu şirkət 5 qitədə, 51 ölkədə fəaliyyət göstərir. Bu da böyük keyfiyyət tələb edir. Futbolun inkişafında təkcə futbolçunun, məşqçinin, klubun xidməti yox, biznes şirkətlərinin və mətbuatın da böyük rolu var".
Daha sonra çıxış edən "Sarar" şirkətinin əməkdaşı Məsut Dəmirtaş bu sponsorluqdan məmnun olduqlarını bildirib: "Biz 1996-ci ildən bəri Türkiyə millisinin əsas sponsoruyuq. "Beşiktaş" və "Qalatasaray"la da əməkdaşlığımız olub. O ki qaldı "Qəbələ"yə, bu komandanın Avropa Liqasının qrupundan növbəti mərhələyə adlayacağına əminik".
Klubla "Sarar" firması arasında imzalanma mərasimi təşkil edildikdən sonra yeni kommersiya direktoru Mustafa Aztopal təqdim edilib. O nitqində Adamsın sayəsində ötən il klubla tanış olduğunu söyləyib: "İki həftə əvvəl Tale Heydərovla görüşümüz oldu. "Qəbələ"nin başlatdığı proyektə daxil olduğum üçün çox xoşbəxtəm. Azərbaycanda çalışacağım üçün xüsusi sevincliyəm. Çünki biz qardaşıq. "Sarar" şirkəti ilə bağlanılan müqaviləni ticari uğur hesab edirəm. Çünki "Sarar" çox önəmli markadı. Hərtərəfli əla bir kollektivə qoşulduğum üçün çox sevinirəm. Burda həvəslə çalışacağımdan əmin ola bilərsiniz".
"Qəbələ"nin futbol direktoru Adams Azərbaycan dilində "xoş gəlmisiniz" dedikdən sonra təyinat və sponsorluq müqaviləsi haqda danışıb: "Panatinaikos"la oyun zamanı klub prezidenti Tale Heydərovla görüşdüm. Bizə yaxın əyləşmişdilər. "Panatinaikos"un geyimi çox yüksək səviyyədə idi. Dedim ki, gərək biz onlardan da yaxşı geyinək. Bundan sonra Almaniya və Rusiyada oyunlarımız olacaq, orda daha yaxşı geyinək, Azərbaycanı gözəl şəkildə təmsil edək. Səməd müəllimə təşəkkür edirəm ki, bu sponsoru kluba gətirdi. "Sarar"a da xüsusi təşəkkür edirəm ki, bizi daha gözəl geyimlə təmin edəcək. Bundan sonra "Sarar"ın brendini fəxrlə daşıyacağıq".
Daha sonra iştirakçılar jurnalistlərin suallarını cavablandırıb.



- Bu gün Azərbaycan futbolundan gəlir əldə olunmur. Siz elə bir iş görə biləcəksinizmi ki, "Qəbələ" klubu gəlir əldə etsin?

- Mustafa Aztopal: Böyük futbol ölkələrində televiziya və azarkeş gəlirləri yüksək olur. Həmçinin klublar böyük sponsorluqlardan gəlir əldə edirlər. Azərbaycanda da bununla bağlı işlər görüləcək, hətta artıq buna başlamışıq. İlk növbədə azarkeşlərə yaxınlaşmalıyıq.



- "Qəbələ"nin əyalət təmsilçisi olması işinizi çətinləşdirmir?

- Mustafa Aztopal: Liverpul universitetində olanda bənzər sualla bağlı araşdırma aparmışdım. İnsanlara "niyə bu kluba azarkeşlik edirsiniz?" sualına müxtəlif cavablar olurdu. "Qəbələ" klubu da 10 il ərzində böyük iş görüb. Biz azarkeşlərlə münasibəti daha da yaxşılaşdırmağa çalışacağıq.



- Klubda ilk işiniz nə olacaq?

- Mustafa Aztopal: Azarkeşlər kluba sahib çıxmalıdı. Biz də klubu onlara daha da sevdirməyə çalışacağıq. İlk hədəfimiz bununla bağlıdı.



- Televiziyada yayımlanmayan oyunlar klubun kanalında canlı yayımlanacaqmı?

- Səməd Nəsibov: Bəli, yayımlanacaq.



- Keçmiş hakim olaraq, azərbaycanlı hakimlər barədə nə deyə bilərsiniz?

- Mustafa Aztopal: Dünənki hakimliyi çox bəyəndim. Bundan sonra daha diqqətlə izləyəcəm.



- "Qəbələ" Futbol Akademiyasının hazırkı işi barədə nə deyə bilərsiniz?

- Toni Adams: Azərbaycanda milli komandaların 50 faizi "Qəbələ" Futbol Akademiyasından çıxır. Bizim əsas məqsədimiz "Qəbələ"nin özünün əsas komandasını akademiyanın uşaqları ilə təşkil etməkdi. Elvin Camalov bir nümunədi. Növbəti hədəfimiz Avropa Liqasında onların daha çox təcrübə toplamalarıdı. Mərhələ-mərhələ onları inkişaf etdirməyə çalışırıq. Xüsusən də, Avrokubokda onlardan yararlanmaq istəyirik ki, xarici klublar bəyənib heyətlərinə dəvət etsinlər.



- Britaniya mətbuatına müsahibənizdə qeyd etmisiniz ki, keçmiş baş məşqçi Dorinel Muntyanunun uğursuzluğu futbolçuların zəif çıxışı ilə bağlıdı. Yəni siz Muntyanuda günah görmürsünüz?

- Toni Adams: Bu müsahibəni xatırlayıram. Həmin vaxt komanda uğurlu çıxış etmirdi. Klub prezidenti ilə görüşəndə o demişdi ki, müəyyən dəyişikliklər edilməlidi. Sonra klub baş məşqçi ilə yollarını ayırdı, heyətdə də dəyişikliklər etdi. O ki qaldı suala, baş məşqçi nəticəyə cavabdehlik daşıyır. Əldə edilən nəticə futbolçuların fərdi keyfiyyətindən də asılı ola bilər.