“Hakim 90 dəqiqə oyunu “naqruzka”da idarə edir” Müsahibə

“Hakim 90 dəqiqə oyunu “naqruzka”da idarə edir”

Anar Salmanov: "Görün, çempionat kimlərin ümidinə qalıb, bu, faciədi"



Sabiq FİFA referisi Anar Salmanovun apasport.az saytına müsahibəsi


- Ölkə çempionatının VI turunda keçirilmiş "Qarabağ" – "Neftçi" matçının hakimi Fariz Yusifovun idarəçiliyini necə qiymətləndirirsiz?

- Çox zəif idarə etdi. Baxmayaraq ki, həmkarımdı, fikir söyləməyim düz çıxmasa da, onun oyunu zəif idarə etdiyini deməliyəm. Biz Fariz Yusifovu təcrübəli FİFA hakimi kimi tanıyırıq, beynəlxalq oyunlar idarə edib. Təəssüf ki, "Qarabağ" – "Neftçi" görüşündə səhvlərlə yadda qaldı. Amma onun bacarığı imkan verir ki, daha yaxşı idarəçilik etsin.



- Son dəqiqələrdə "Neftçi"nin qapısına təyin edilən penalti epizodu çox müzakirə edilir. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da əksəriyyət kimi, orda qayda pozuntusunun olmadığını və penalti qərarının yanlış olduğunu bildirib. Fariz Yusifov isə 12-ci oyun qaydalarına əsasən doğru qərar verdiyini iddia edir...

- Onda gəlin, 12-ci oyun qaydalarına müvafiq olaraq, hər künc zərbəsi zamanı penalti təyin edək də. Çünki kornerlər zamanı futbolçular bir-birlərini itələyirlər, dartırlar. Futbol kontakt oyunudu, mübarizə şəraitində keçir. Buna görə də, hər toxunuşa, hər dartmağa görə oyunu saxlamaq, penalti təyin etmək olmaz. O epizodda penaltidən söhbət gedə bilməz. Fariz Yusifov özü də vaxtilə futbol oynayıb. Təkcə o yox, Əliyar Ağayev, Anar Salmanov, bütün hakimlər səhv edir. Fariz epizodu elə görüb, elə qiymətləndirib. Yaxşı, baş hakim bunu belə qiymətləndirirsə, bəs qapının arxasında dayanan Orxan Məmmədov niyə ona kömək etmir? Çünki köməkçi hakimlər meydana yalnız 400 manat qazanmağa çıxırlar. Amma yadınızdadısa, Əliyar Ağayev "Qızıl oyun"da Rəhim Həsənova necə gözəl kömək etmişdi.



- Axı həmin epizodda Fariz Yusifovun köməyə ehtiyacı yoxdu. Çünki tutduğu mövqe epizodu aydın görməyə imkan verir...

- Lap yaxın mövqe tutmağı o demək deyil ki, hakim mütləq düzgün qərar verəcək. Elə epizod ola bilər ki, futbolçunun çiyini hakimin görmə bucağını bağlaya bilər. Olur da, hakim 90 dəqiqə oyunu "naqruzka"da idarə edir, beyin ola bilsin işləməsin, buna görə də ona köməkçiləri kömək etməlidilər. Bəs 6 hakim sistemi nə üçündü? Orda kömək edə bilərdilər, sadəcə eləmədilər. Yenə deyirəm, Fariz təcrübəli hakimdi, o səhvi etməməli idi. İndi edibsə, səhvdi. Düzdü, "Neftçi" qələbədən oldu, amma nə edəsən? Bugünkü vəziyyət budu da.



- "Sumqayıt" – AZAL oyunundan sonra ev sahiblərinin baş məşqçisi Aqil Məmmədov matçın baş hakimi Rəhim Həsənovun "Sumqayıt"lı futbolçulara həddindən artıq sarı vərəqə göstərməsindən şikayətlənib...

- Açığı, o oyuna baxmamışam. Aqil Məmmədov da vaxtilə futbolçumuz olub. Hakimin bir komandanın 6 futbolçusuna sarı vərəqə göstərməsi o demək deyil ki, o, pis hakimdi. Bu gün dünya futbolunda ən vacib problemlər qırmızı, sarı vərəqə verməmək, penalti və oyundankənar vəziyyətdi. Bunlar ən qlobal problemlər sayılır. Amma vərəqə sayı 6 da ola bilər, 7 də.



- Keçək Rauf Cabbarovun idarə etdiyi "İnter" – "Kəpəz" matçına...

- Bu tur ərzində yeganə oyundu ki, normal hakim idarəçiliyi oldu.



- "İnter"in futbolçusu Dieqo Martinsin meydandan qovulduğu epizodla bağlı nə deyə bilərsiz?

- Hakim qərarında haqlı idi. Futbolçuya ixtiyar verilmir ki, başqa oyunçunu əli ilə bilərəkdən itələsin. Məncə, hakim ikinci sarı vərəqəni düz təyin etdi. Adam düzünü deyər. Rauf Cabbarov "İnter" – "Kəpəz" oyununu yüksək səviyyədə idarə etdi. Orda simulyasiya və penalti ilə bağlı 2 çətin epizod var idi. Buna baxmayaraq, Rauf hər ikisində düzgün qərar verib.



- "Xəzər Lənkəran" – "Zirə" görüşünün hakimi İnqilab Məmmədovun idarəçiliyindən necə, razı qaldızmı?

- Birinci hissədə yüz faizlik penalti epizodu oldu, amma hakim ev sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin etmədi. Oyunun sonlarındakı penalti epizoduna gəlincə, qərar doğru idi. Amma hakim həmin epizodda "Xəzər Lənkəran"lı futbolçuya sarı deyil, qırmızı vərəqə göstərməli idi. Çünki həmin oyunçu "Zirə"nin futbolçusunu aşkar qoldan məhrum etmişdi.



- Qayıdaq "Qarabağ" – "Neftçi" oyununa. Xaqani Məmmədov saytımıza müsahibəsində Fariz Yusifovun cəzalandırılacağını açıqlayıb...

- Adam düzünü deyər. Bu situasiyada qərəzdən söhbət gedə bilməz. Yusifov, həqiqətən də, o oyunda səhvlərə yol verdi. Xaqani Məmmədovun qərəzi olub Anar Salmanova, Babək Quliyevə qarşı. Anar Salmanov 2 il əvvəl "Qarabağ" – "Neftçi" oyununda "Qarabağ"ın əleyhinə penalti təyin edir, 2 il dincəlir, Orxan Məmmədov isə keçən il "Qarabağ" – "Neftçi" oyununda, o cümlədən bu dəfə Fariz Yusifov "Qarabağ"ın lehinə qərar verir, amma onlar 4-5 tur cəzalanırlar. Bu necə olur?



- Son illər İmanxan Sultani, Babək Quliyev və siz cəzalandırılaraq, hakimlikdən uzaqlaşdırılmısız. Maraqlıdı, bu hallarla niyə bir qayda olaraq, təcrübəli referilərimiz üzləşirlər?

- Təcrübəli yox, istedadlı, qabağa gedən hakimlər deyərdim. Onların qarşısını Xaqani Məmmədov kəsir. Çünki bu cür insanlar Azərbaycan futbolunun düşmənidi. Bizim bugünkü hakimliyimiz acınacaqlı vəziyyətdədi. Xaqani Məmmədov bu gün kimləri yetişdirib? Orxan Məmmədov, Ramil Əhmədov və ya Xəlil Xəlilov? Görün, bu gün Azərbaycan Premyer Liqası 4 hakimi çıxmaq şərtilə, kimlərin ümidinə qalıb, bu, faciədi. 3 oyundu Orxan Məmmədov 7.9 qiymətini alır, amma yenə növbəti görüşə ona təyinat verilir. Sənin bu işdə nə marağın var, ay Xaqani Məmmədov? Ona görə də, biz bu gün acınacaqlı vəziyyətdəyik.



- Deməli, bu gedişlə nəinki Çempionlar Liqasının, heç Avropa Liqasının da qrup mərhələsində yaxın illərdə azərbaycanlı hakim görməyəcəyik...

- Bəli, görməyəcəyik. FİFA və UEFA Anar Salmanova dünya və Avropa çempionatının seçmə oyunlarını verirsə, Xaqani Məmmədov kimiləri isə məni o kateqoriyadan məhrum edirsə, UEFA deyir ki, ümumiyyətlə Azərbaycandan olan hakimlərə oyun verməyəcəm. Çünki bunlar ən yaxşı hakimlərini belə edirlər. Niyə bu gün Əliyar Ağayev avrokubokların qrup mərhələsində oyun idarə etmir? Etməyəcək, çünki onun Xaqani Məmmədov kimi Hakimlər Komitəsinin sədri var. UEFA ilə heç bir əlaqəmiz, ünsiyyətimiz yoxdu. Biz hansı inkişafdan danışa bilərik? İnkişaf ancaq o vaxt olar ki, Xaqani Məmmədova hər ay verilən "paket"i kəssinlər, bəlkə onda postundan gedə. Çünki Xaqani Məmmədov heç vaxt 400 manata işləməz.