MTRŞ sədrindən sərt ismarış Müsahibə

MTRŞ sədrindən sərt ismarış

"Yeri gələrsə, bütövlükdə televiziya kanallarından xilas olacağıq, qoy, Azərbaycanda 10 yox, 6-7 kanal olsun"

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik

- Nuşirəvan müəllim, 30 sentyabr – 5 oktyabr aralığında ANS telekanalında yayımlanan 3 veriliş Şura tərəfindən qapadıldı və telekanal xeyli miqdarda cərimələndi. Lakin ANS-dən başqa özəl televiziya kanallarında da xoşagəlməz hallar müşahidə olunurdu. Ancaq Şuranın səlahiyyətləri artırılandan sonra ilk sərt cəza mexanizmi ANS-ə tətbiq edildi. Ümumiyyətlə, verilişlər ANS-ə xəbərdarlıq edilmədən qapadılıb?

- Bildiyiniz kimi, bu məsələ ilə bağlı biz öz fikrimizi ortaya qoymuşuq. Cəmiyyət bilməlidir ki, MTRŞ fəaliyyətə başladığı ilk gündən efirdəki bayağılığa, şitliyə, süni qalmaqallara qarşı ciddi mübarizə aparıb. Bu mübarizə həmişə olub. Qeyd edim ki, 5 il bundan qabaq da "Ümid var", "Adam içində" tipli verilişlərə müəyyən tövsiyələr vermişdik, xəbərdarlıq etmişdik. Amma çox təəssüf ki, onlar həmin verilişlərin adını dəyişdirib başqa ad altında fəaliyyət göstərdilər. Cəmiyyət isə bizdən bu tip verilişlərə, ümumiyyətlə, özəl telekanallarda yayımlanan bayağı verilişlərə qarşı mübarizə aparmağı tələb edir. Lakin MTRŞ-nın səlahiyyətləri o dərəcədə deyildi ki, həmin verilişləri bağlasın. "Televiziya və radio yayımı haqqında" qanuna bu ilin fevral ayında dəyişiklik baş verdi və həmin dəyişikliklə MTRŞ-ya "Televiziya və radio yayımı haqqında" qanunun pozulmasına görə, həm verilişlərin, həm kanalların fəaliyyətini dayandırmaq səlahiyyətləri verildi. Fevral ayında qəbul olunmuş dəyişikliklər hüquqi qüvvəsini sentyabr ayının 16-da MTRŞ haqqında Əsasnaməyə dəyişikliklə öz həllini tapdı və biz sentyabrın 16-dan sonra bu sahədə ciddi işə başladıq. Bundan qabaq isə televiziya kanallarının rəhbərləri ilə ciddi söhbətimiz oldu və biz efirdəki nöqsanların aradan qaldırılmasını onlardan tələb etdik. Bizim verdiyimiz qərar tək ANS telekanalına aid deyil.
Bu bütün televiziya kanallarına aiddir. İlk olaraq, xüsusən sosial problemlərin həllinə dəstək adı altında yaradılmış şou proqramlarına qarşı hərəkətə keçdik. Bu cür proqramlar həm ANS, həm də ATV telekanalında yayımlanırdı. Artıq bu iki kanalın rəhbərliyi bilirdi ki, bu tip verilişlərə qarşı tədbirlər gözlənilir. Elə buna görə də ATV telekanalı Şuranın iclasından iki gün qabaq "Öz aramızda" verilişini bağladı və bu haqda bizə məlumat verdi. Amma çox təəssüf ki, ANS kanalı bunu etmədi və biz belə bir sərt qərar vermək məcburiyyətində qaldıq. Əgər indiyə qədər televiziya kanalları özləri efirdəki nöqsanları aradan qaldırardılarsa, biz ancaq bunu alqışlayardıq. Amma çox təəssüf ki, belə olmadı. Bu gün Azərbaycan efirində, xüsusən də özəl kanalların efirindəki vəziyyət bizi çox narahat edir. Azərbaycanın özəl televiziya kanalları demək olar ki, cəmiyyət üçün ən aşağı növ verilişlər hazırlayır. Televiziya kanalları daha yüksək ideyalarla cəmiyyəti öz arxasınca aparmalıdır. Çox təəssüf ki, televiziya kanalları ən aşağı səviyyəli şoular yaratmaqla bir-birləri ilə rəqabətə girirlər. Keyfiyyətli verilişlər uğrunda yox, keyfiyyətsiz, aşağı səviyyəli verilişlər hazırlamaqla bir-birləriylə yarışdılar və bu da cəmiyyətin haqlı olaraq narazılığına səbəb oldu. Mən elə hesab edirəm ki, heç bir normal ziyalı istəməz ki, onun efirində bu cür bayağı, şit, süni verilişlər olsun. Çox təəssüf ki, Azərbaycanda milli-mənəvi dəyərlər anlayışını bəzi televiziya kanalları ironik şəkildə təqdim edirlər, mənasını bilmədiklərini deyirlər və bu hal xüsusən də özünü ANS televiziyasında göstərir. Bu çox düşündürücü məqamdır. ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu onun sifətidir.

- Amma ANS telekanalının Qarabağla, Azərbaycan həqiqətləri ilə bağlı gördüyü işlər var...
- Razıyam, amma yaxşı işlərlə bərabər, sadaladıqlarım onun efirindən səslənib, onun efirindən göstərilib. Milli-mənəvi dəyərləri bilmədikləri üçün də bu cür verilişlər onların efirindən yayımlanır. Biz Azərbaycan efirini bayağı, şit şou verilişlərindən xilas etməliyik. Təbii ki, şou özü-özlüyündə bütün dünyaya xas olan veriliş tiplərindən biridir. Amma çox təəssüf ki, dünyada artıq şou bütün fəaliyyət sahələrinə aid edilir. Yəni ciddi məsələlər hər yerdə qeyri-ciddiyə çevrilərək şou halına gətirilir. Bu özünü siyasətdə, iqtisadiyyatda, hüquqda, dində, hətta elmdə də göstərir. Çox təəssüf ki, bu belədir. Efirə dəvət olunan din xadimi qısa müddətdən sonra din üzrə şoumenə, hüquqşünas hüquq üzrə şoumenə, psixoloq psixologiya üzrə şoumenə çevrilir. Bu çox pis tendensiyadır. Cəmiyyətdə dəyərsizləşmə gedir. Bir növ insanları zəhmət tələb etmədən, çox asan, ucuz yolla cəmiyyətdə özünə yer, mövqe tutmağa şirnikləndirir. Biz bu tendensiyanın qarşısını almalıyıq. Çox təəssüf ki, ANS kanalı digər kanallardan fərqli olaraq 90-cı illərin ab-havası ilə yaşayır. Sanki onların etdikləri hər şey doğrudur. Heç kim onlara bir söz deyə bilməz. Bilirsiniz, dünənə qədər etdiyin işə görə sağ ol. Amma bu gün gördüyün işə görə cavab ver. Bəli, 90-cı illərin əvvəllərində ANS yeganə özəl kanal idi. O vaxt başqa özəl kanal yox idi. Azərbaycan həqiqətləri ilə bağlı dövlət televiziyasına nisbətən alternativ fikirlər yayımlayırdı. O dövr bu kanal üçün böyük imkanlar yaratmışdı və o kanala yaranmış imkanlardan bu kanal böyüdü. Bəli, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında ANS kanalının xidmətləri var. Amma eyni zamanda, ANS Azərbaycan efirinə ilk dəfə pornoqrafik film gətirən, ilk ən aşağı səviyyəli yumoristik verilişlər verən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir iş kimi göstərən bir kanaldır. Hər ikisi bunda var. Biz görülən işlərə "sağ ol" deyirik, amma bu gün bu nöqsanlar varsa, o nöqsanlara görə cavab verməlisən.

- Mirşahin Ağayev sizin gətirdiyiniz arqumentlərin qarşısında hansı arqumentləri irəli sürdü?

- Təbii ki, iclasda gedən bütün məsələləri tam şəkildə sizə deyə bilmərəm. Amma birinci iclasda bizim arqumentlərimizin bəziləri ilə razılaşdığı və razılaşmadığı məqamlar oldu. O, bunu televiziya işi ilə bağlayır, deyir ki, burda şou yaratmaq üçün bunlar lazımdır, bunlar olmasa şou olmaz. Bildirir ki, söz oynatmaq, saxta ssenarilər, ciddi məsələlərin qeyri-ciddiyə çevrilməsi, yumoristik səhnəciklər – bunların hamısı lazımdır. Amma çox təəssüf ki, buradan çıxanda başqa formada ifadələr işlədir və ona uyğun olaraq da bizim adekvat cavablarımız olur.

- MTRŞ-nin şəbə müdiri Təvəkkül Dadaşov birinci iclasdan sonra qeyd etdi ki, Mirşahin Ağayev Şurada muma, çölə çıxanda isə aslana dönür.

- Mirşahin Şuranın sonuncu iclasında da dedi ki, mən lazım olanda muma dönürəm, lazım olanda aslana dönürəm. Bu onun öz sözüdür.

- Sizin verdiyiniz qərarlar daha çox MTRŞ-ANS qovğası təsiri bağışlayır. Bəzi insanlar sizin qərarlarınızda qərəz olduğunu iddia edir.

- Çox təəssüf ki, bu, ANS-lə MTRŞ-nın arasında olan məsələ kimi qələmə verilir. Bunu ANS özü bu formaya salıb. Bu onların stilidir. Hər hansı bir məsələni onlara qarşı kampaniya kimi qəbul edirlər. Burda hər hansı kampaniya yoxdur. Tam səmimiyyətlə deyirəm burada hər hansı qərəzdən söhbət gedə bilməz. Sadəcə, Azərbaycan efirində küçə mədəniyyəti, küçə tərbiyəsi, küçə psixologiyasında verilişlərin verilməsi onlara haqq qazandırmır.

- 5 il ərzində, Xoşqədəm Baxşəliyeva ilə bağlı ATV telekanalına da hər hansı xəbərdarlıq etmişdiniz?

- Dəfələrlə xəbərdarlıq etmişdik. Həm ATV telekanalının rəhbərliyi, həm də ANS telekanalının rəhbərliyi ilə bu barədə söhbətlərimiz olub. Hətta ATV kanalının rəhbərliyi tərqibən bir il yarım bundan öncə verilişi bağlamaq haqda düşündüyünü söylədi və dedi ki, bizə vaxt verin, biz bu verilişi bağlayacağıq. O vaxt verilişlə bağlı bizə bəzi siqnallar da daxil olmuşdu. Verilişdə saxta ssenarilərin qurulması ilə bağlı əlimizdə bəzi faktlar var idi. ATV kanalı da həmin faktlara görə verilişin fəaliyyətini dayandırdığını bizə bildirdi və həmin faktlar bizə verildi. Biz ANS kanalının rəhbərlərindən olan Mirşahini Şuraya dəvət etdik. Onunla birlikdə həmin süjetə baxdıq və dedik ki, təcili tədbirlər görün. Yay ayları idi, Azərbaycanda I Avropa Oyunları keçirilirdi. Buna görə məsələni sonrakı dövrə saxladıq.
Lakin ANS sırf qapadılan verilişlərlə bağlı hər hansı bir addım atmadı. Sosial problemlərin həllinə dəstək adı altında yayımlanan "Adam içində", "Ümid var" verilişlərinə görə dəfələrlə televiziya kanalları ilə söhbətimiz olub, xəbərdarlıqlar etmişik. Amma o xəbərdarlıqlar çox təəssüf ki, bir nəticə vermədi. Buna görə də bu cür sərt addımlar atmaq məcburiyyətində qaldıq. Eyni zamanda, özəl televiziya kanallarının musiqi redaksiyalarında böyük nöqsanlar var. Bu məsələ də ciddi məsələdir. Azərbaycan musiqisi aşağı səviyyəli müğənnilərin ifa etdikləri musiqi deyil. Biz özəl televiziya kanallarında efiri sağlamlaşdırmalıyıq. Bir sıra televiziya kanalları efirlə toyxananı qarışdırıb.

- Məsələn, "Space" televiziyasında yayımlanan "Sevimli şou"…

- Bəli, "Space" və "Xəzər" televiziya kanallarında yayımlanan o tip verilişlərə görə telekanal rəhbərləri Şuraya çağırılıb, söhbətlər aparılıb. Onlardan bu sahədə ciddi dönüş edilməsi tələb olunub və onlar da bu sahədə ciddi dönüş edəcəkləri haqda bizə söz veriblər və biz də bunu gözləyirik. Mən "Sevimli şou"nun aparıcını da Şuraya dəvət etdim. Özüm birbaşa həm onunla, həm də kanal rəhbərliyi ilə söhbət etdim.

- Aparıcı nə dedi?

- Aparıcı hərəkətlərinə bəraət qazandırdı ki, bu reytinq xətrinə edilən bir işdir. Mən də ona bildirdim ki, reytinq xətrinə bunlar edilməsin. Lazım gələcəksə biz o tip verilişlərdən də xilas olacağıq. Hətta yeri gələrsə, bütövlükdə televiziya kanallarından xilas olacağıq. Azərbaycanda qoy 10 televiziya kanalı olmasın, 6 və ya 7 televiziya kanalı olsun. Amma televiziya kanallarında Azərbaycanı təmsil edən gözəl verilişlər olsun. Azərbaycan efirindəki verilişlərə görə biz hər gün uduzuruq. İstənilən əcnəbi bizim özəl televiziyalara baxıb Azərbaycanın nə səviyyədə olması haqda fikir formalaşdıra bilər. Ona görə də biz ciddi düşünməliyik. Bəli, bu asan məsələ deyil. Televiziya işi çətindir. Biz hər dəfə televiziya kanallarını tənqid edirik. Amma reklam bazarı ilə bağlı mövcud vəziyyət, kadr problemi ciddi məsələdir. Amma bu televiziya kanallarına əsas vermir ki, efirdə keyfiyyətsiz, ucuz verilişlər hazırlasınlar.

- Ancaq "Sevimli şou"nun aparıcısına xəbərdarlıq edildiyi heç hiss olunmur…

- (gülür) Dozasını artırıbsa, dozanı artırmasına uyğun tədbir görüləcək. Amma biz onunla təzə danışmışıq. Ona da vaxt verməliyik.


- Sizin Xoşqədəm Baxşəliyeva və ya digər aparıcı ilə hər hansı bir probleminiz var?

- Çox təəssüf ki, bu da ANS kanalının üslubudur. Artıq ANS kanalının üslubu, metodu hamıya məlumdur. Mən burda dövləti təmsil edirəm və bizim televiziya kanallarında işləyən sıravi insanlarla hər hansı bir problemimiz yoxdur. Bizim problemimiz televiziya kanalının özü ilədir, onu idarə edənlərlədir. Ona görə də bizim hər hansı aparıcı ilə, rejissorla, operatorla işimiz yoxdur. Sadəcə, efirdə qanun pozuntusu varsa, onu televiziya kanallarının rəhbərləri ilə müzakirə edib fikir bildiririk. Bizim heç kəslə problemimiz yoxdur. Nə o tip adamlarla, nə Mirşahin tipli adamlarla, nə də Vahid Mustafayev tipli adamlarla.