“Hər şey normallaşacaq” Müsahibə

“Hər şey normallaşacaq”

Ziya Altunyıldız: "Neft istehsalçısı olan digər ölkələr kimi, Azərbaycanın da gəlirlərində artım olacaq"

Türkiyə parlamentin Sənaye, ticarət, enerji, təbii ehtiyatlar, informasiya və texnologiya komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) Konya millət vəkili Ziya Altunyıldızın APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Qlobal enerji istehsalı və istehlakı məsələləri çərçivəsində Türkiyə-Azərbaycan əməkdaşlığını və xüsusiləTANAP layihəsini necə dəyərləndirirsiniz?

- Türkiyə-Azərbaycan münasibətləri həmişə qardaşlıq hüququ zəminində, məşhur ifadə ilə desəm, "tək millət, iki dövlət" düsturu və məfhumu üzərindən irəliləyən münasibətdir. Azərbaycan bizim can dostumuz və qardaşımızdır. Bütün sahələrdə birgə addımlamaqdan çox məmnunuq. Bundan əlavə, Azərbaycanın ölkəmizə gətirdiyi böyük miqdarda sərmayə var. Münasibətlərimiz iqtisadi və ticari baxımdan da çox yaxşı şəkildə irəliləyir. Bu əməkdaşlıq yenidən formalaşan dünya enerji bazarında Türkiyə ilə Azərbaycanın iki önəmli aktyor olduğunu göstərir. Ciddi koordinasiya şəraitində davam etdirilən əməkdaşlıq yeni dönəmdə də iki qardaş ölkəni dünya bazarının önəmli oyunçuları halına gətirəcək. Bizim nöqteyi-nəzərimizdən TANAP layihəsi son dərəcə əhəmiyyətlidir. Həm Türkiyəyə fasiləsiz şəkildə qaz nəql edəcəyi, həm də Azərbaycan təbii qazının dünya ölkələrinə təhlükəsiz şəkildə çıxarılması baxımından önəmlidir. Uzun vədədə enerji bazarında Türkiyənin önəmli bir mərkəz olması və bunu inkişaf etdirməsi baxımından da mühümdür. Coğrafi mövqeyi etibarilə Türkiyə enerji mənbələri ilə enerji bazarları arasında yerləşmiş ölkədir. Həm enerji texnologiyası, həm də enerji bazarının yaranması baxımından istehlakçı ölkələrlə istehsalçı ölkələr arasında etimadın yaranmasında Türkiyə önəmli bir mərkəzdir. Ona görə də TANAPlayihəsi Azərbaycan, Türkiyə, Avropa və hətta qlobal enerji təhlükəsizliyi baxımından çox mühümdür. Layihənin həyata keçirilməsi sahəsində işlər son dərəcə yaxşı gedir. Layihənin həyata keçirilməsinin sürətləndirilməsi üçün prezidentimiz, hörmətli Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti, hörmətli İlham Əliyev dəfələrlə siyasi iradə və qərarlılıq nümayiş etdiriblər. Ölkələrimiz hər iki prezidentin nümayiş etdirdiyi iradənin arxasındadır. Biz TANAP layihəsinin bir an əvvəl bitirilərək qlobal enerji təhlükəsizliyinə bu çərçivədə də nail olunmasını arzu edirik.

- Türkiyə Xəzər dənizindəki enerji investisiyalarının da önəmli ortağıdır. Qlobal dalğalanmalar nəticəsində investisiyalarda maliyyələşdirmə problemi meydana çıxsa, Türkiyə öz daxili imkanları hesabına dəstək verəcəkmi?

- Qlobal dalğalanmalar daimi deyil. Bu gün neft bazarındakı qiymət dalğalanmalarına görə enerji istehsalçısı ölkələrin gəlirlərində təbii şəkildə azalma olur. Azərbaycanın da neft və təbii qaz gəlirlərində azalma baş verib. Bunu deməliyəm ki, 30 dollara qədər düşən neft qiymətləri hal-hazırda 50 dollara qədər artıb. Ona görə, neft istehsalçısı olan digər ölkələr kimi, Azərbaycanın da gəlirlərində artım olacaq və hər şey normallaşacaq. Əlbəttə, investisiyaların fasiləsiz şəkildə davam etməsi üçün - doğrusu, indi burada bir proqnoz verə bilmərəm - işin əvvəlində imzalanmış sazişlərə və iki ölkənin mənafelərinə uyğun şəkildə Azərbaycan və Türkiyə əməkdaşlığı həm investisiyalar və həm də ticarət sahəsində maksimum səviyyədə davam etdirəcəklər. Bu məsələdə heç bir şübhəm yoxdur.

- Türkiyə ilə Rusiya enerji sahəsində, xüsusilə Mersin nüvə enerjisi stansiyasının inşaatı məsələsində əməkdaşlığı davam etdirəcəkmi?

- Türkiyə həm iqtisadi, həm də təhlükəsizlik məsələlərində öz mənafeyini qoruyan və bunu beynəlxalq qayda-qanunlar çərçivəsinə həyata keçirən ölkədir. Rusiya ilə imzaladığımız nüvə enerjisi məsələsinə dair saziş çərçivəsində Türkiyə öz öhdəsinə düşən vəzifəni yerinə yetirməyə davam edəcək. Sazişdə hər hansı axsamadan söhbət getmir. Tərəflər sazişdən doğan öhdəlikləri yerinə yetirməyə borcludurlar. Bununla birlikdə Türkiyənin düşüncəsi və arzusu qlobal məsələlərdə bölgədəki sülhü və sabitliyi qorumaq və Türkiyənin təhlükəsizliyini maksimum dərəcədə mühafizə etməkdir.