Türkiyə son 90 illik tarixinin ən böyük savaşına girir Siyasət

Türkiyə son 90 illik tarixinin ən böyük savaşına girir

Qabil Hüseynli: "Müharibə sona qədər getməlidir"

Türkiyə bütün Suriya ərazisində Azad Suriya Ordusunun (ASO) qələbəsinin təmin edilməsi üçün mübarizəyə sonuna qədər gedəcək. Bu sözləri açıqlamasında Türkiyənin apardığı anti-terror əməliyyatları barədə danışarkən politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Türkiyə əməliyyatları sona qədər aparmalıdır, əks təqdirdə İŞİD gələcəkdə daha böyük təhlükəyə çevrilə bilər: "Hazırda Türkiyədə vəziyyət olduqca mürəkkəbdir. Faktiki olaraq iki cəbhədə savaş gedir: xaricdə İŞİD və PKK yaraqlılarına, daxildə isə PKK-nı müdafiə edən və içəriyə sızmış terrorçulara qarşı. Türkiyə əsasən Qəndil dağlarını, Suriya ərazisindəki PKK-nın PYD qolunu və onun bazalarını atəşə tutur. Çünki təhlükə daha çox bu mövqelərdən gəlir. Türkiyənin NATO üzrə müttəfiqlərinin yardım etməməsi vəziyyəti bir qədər də gərginləşdirir. Ən xoşagəlməz hal isə PKK-nı şirnikləndirən dövlətlər sırasına İranın da daxil olmasıdır. İrana görə, PKK ilə belə bir zamanda mübarizə ümumi işə zərər vurur. Guya PKK İŞİD-ə qarşı əsas mübarizə aparan qüvvələrdən biridir. Amerika da Türkiyəni bu mübarizdən yayındırmağa çalışır. Ancaq İŞİD-in sıradan çıxarılması ilə PKK öz tutduğu əraziləri genişləndirə bilər. Buna görə də Türkiyə doğru yoldadır. Türkiyə həm yeni Kürdüstanın yaradılmasının qarşısını almalı, həm də daxildə ayağa qalxmış dövlətin qanunlarına tabe olmaq istəməyən PKK-çılara qarşı ciddi surətdə mübarizə aparmalıdır".
Politoloqun sözlərinə görə, Türkiyə İstiqlal savaşından sonra ölkə tarixində ilk dəfədir ki, belə bir vəziyyətlə rastlaşıb: "Bir sözlə, Türkiyənin İŞİD-ə qarşı savaşması mümkündür. Bir şərtlə ki, bu mübarizədə kürdlər yeni ərəb və türkmən torpaqlarını zəbt etməsinlər və müstəqil dövlət üçün əsas yaratmasınlar. Bu, çox önəmlidir. Çünki hazırda Türkiyə öz müttəfiqlərini inandırmağa çalışır və Amerika ilə NATO-nun qərarını gözləyir. Müharibə sona qədər getməlidir. İncirlik hərbi hava bazası da açılıb. Yəni Türkiyə bütün Suriya ərazisində Azad Suriya Ordusunun (ASO) qələbəsinin təmin edilməsi üçün sonuna qədər gedəcək. Əks təqdirdə bu, gələcəkdə daha böyük təhlükəyə çevrilə bilər. Təhlükə elə beşiyindəcə boğulmalıdır".