“Beynəlxalq Hüquq nə zamansa erməni cinayətkarlığına qarşı işə düşə bilər” Siyasət

“Beynəlxalq Hüquq nə zamansa erməni cinayətkarlığına qarşı işə düşə bilər”

Mübariz Əhmədoğlu: "Çünki Xocalı soyqırımı Koçaryanla Sərkisyanın fəaliyyətinin nəticəsidir"

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında Ermənistan prezidenti Serj Sərkisyanın kimliyi barədə diqqət çəkən açıqlamalar verdi. D.Tusk Ermənistanda olarkən prezident S.Sərkisyanla da birlikdə mətbuat konfransı keçirmişdi. O zaman S.Sərkisyan Azərbaycan və onun Prezidentinin ünvanına həzi hədyanlar səsləndirmişdi. S.Sərkisyan D.Tuskdan Azərbaycan haqqında səsləndirdiyi fikirlərə dəstək istəsə də, Avropa rəsmisi Ermənistan prezidentinə dəstək vermədi.
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, S.Sərkisyan özü də etiraf etdi ki, D.Tusk onun Azərbaycan əleyhinə fikirlərinə dəstək vermədi: "Prezident İlham Əliyev D.Tuskla birlikdə keçirdiyi mətbuat konfransında S.Sərkisyanın özündən əvvəlki prezident tərəfindən təyin olunduğunu bildirdi. Bu həqiqətən belədir. S.Sərkisyan və R.Koçaryan hər ikisi Qarabağ klanının rəhbərləridir. İş elə gətirib ki, həmişə S.Sərkisyan R.Koçaryanın dalınca sürünüb. S.Sərkisyan R.Koçaryanın xidmətçisi rolunda çıxış edib. Eləcə də, R.Koçaryana S.Sərkisyanın nəslinin kimliyi də çox yaxşı bəllidir. Ona görə S.Sərkisyan həqiqətən sədaqətli xidmətçi və mühafizəçi rolunda çıxış edə bilib. Nəticədə Dağlıq Qarabağdakı vəzifələri bir yana, S.Sərkisyan Ermənistanın Daxili İşlər və Təhlükəsizlik Naziri, sonra isə uzun müddət Ermənistanın Müdafiə Naziri işlədi. R.Koçaryan S.Sərkisyanı Ermənistanın Baş Naziri təyin etdi".
M.Əhmədoğlu bildirib ki, Ermənistanın o zamankı prezidenti R.Koçaryanın 2008-ci ilin fevral ayında Ermənistan mətbuatına verdiyi müsahibələrin təhlili göstərir ki, Qarabağ klanının başçısı R.Koçaryan S.Sərkisyanı prezidentliyə hazırlayırdı: "Az keçmiş R.Koçaryan özü bunu açıq şəkildə elan etdi. 2008-cil il fevralın 17-də erməni jurnalistinə verdiyi bir müsahibəsində etiraf etdi ki, son 6-7 ayda S.Sərkisyanla birlikdə onun prezidentliyə namizədliyini müzakirə ediblər. Eləcə də, R.Koçaryan indiki prizmadan baxanda çox kəskin diqqət çəkən açıqlama vermişdi: Mən öz ailəmi ancaq S.Sərkisyana etibar edə bilərəm. R.Koçaryan o zaman da bilirdi ki, cinayətkardır, özü və ailəsi gec-tez Ermənistanın daxilində müəyyən qrupların qarşısında cavab verməli olacaq. Bununla yanaşı həm də bilirdi ki, Beynəlxalq Hüquq nə zamansa erməni cinayətkarlığına qarşı işə düşə bilər. Çünki Xocalı soyqırımı R.Koçaryanla S.Sərkisyanın fəaliyyətinin nəticəsidir. Ona görə ailəsini, özünü mühafizə etməkdən ötrü məhz S.Sərkisyanı prezident etdi".
Mərkəz rəhbəri sonra əlavə edib ki, S.Sərkisyan və R.Koçaryan həm də cinayətlər üzrə müttəfiq idilər: "S.Sərkisyan R.Koçaryan ağasına sədaqətlə xidmət etdi. Çünki 2008-ci il 1 mart hadisələri əslində, S.Sərkisyanla R.Koçaryanın birgə cinayəti idi. S.Sərkisyan o zaman istəsə idi, ikinci tura getməklə qandan qaça bilərdi. Amma o ikinci tura razılıq vermədi və Koçaryanın martın 1-də dinc nümayişçilərə qarşı tətbiq etdiyi zorakılığı dəstəklədi. S.Sərkisyan R.Koçaryanın hansı şəraitdə əmr verdiyinin üstünü açmadı. Çünki bu məsələ açılsaydı, R.Koçaryana cinayət işi qaldırıla bilərdi. Sonradan bəlli oldu ki, məhz o zaman "antirusiya" layihələrin hamısının müəllifi R.Koçaryandır".
Politoloq vurğulayıb ki, o zaman R.Koçaryan bilirdi ki, Rusiya tərəfdən müəyyən cəzalar ala bilər: "İndi baş verənlər göstərir ki, R.Koçaryanın Rusiya ilə ciddi problemləri var. Hətta Rusiya ərazisinə qədəm qoya bilmir. Bütün bunlara baxmayaraq, S.Sərkisyan onu möhkəmcə müdafiə edir. R.Koçaryan və S.Sərkisyanın birgə antirusiya fəaliyyəti ilə bağlı digər bir misal. S.Sərkisyan müdafiə naziri işləyərkən Moskva ətrafında (Podmoskovye) xeyli mülkləri, zavodları var idi. O zavodlardan əldə olunan gəlir hesabına Ermənistanın Müdafiə Nazirliyi büdcədən kənar maliyyə əldə edirdi. R.Koçaryanla birgə məsləhətləşdikdən sonra S.Sərkisyan Rusiya ərazisindəki mülklərini satıb tədricən ABŞ ərazisində mülk aldı. ABŞ-da S.Sərkisyanın külli miqdarda mülkü var. Mülk ABŞ-ın mənzil fondundadır və bu mülkləri S.Sərkisyanın qardaşı Saşik Sərkisyan idarə edir".
M.Əhmədoğlunun qənaətincə, S.Sərkisyanın demokratiyası da özünəməxsus demokratiyadır: "Evinin qarşısında nümayişçiləri yanına çağırır və təhqir edir ki, mən sizin prezidentinizəm. Bu o deməkdir ki, mən yatmamalıyam, siz kimsiniz və s. 1 mart hadisələri Ermənistanda demokratiyanın keyfiyyətinin ən bariz nümunəsidir. S.Sərkisyan, eləcə də R.Koçaryan dövründə də heç bir seçki qansız ötüşməyib. Demokratik görüntü S.Sərkisyana iki məsələyə görə lazımdır: 1. Azərbaycana qarşı mübarizə aparmaq üçün Avropadakı, ABŞ-dakı müəyyən dairələri cəlb etməkdən ötrü hökmən demokratik görünməlidir. 2. Demokratiya kasıb Ermənistanın pul mənbələrindən biridir. Aİ demokratiya adı ilə hər il Ermənistana 50-60 milyon avro qrant ayırır".

Əli