“Azərbaycanın Silahlı Qüvvələrində sağlam, savadlı və hərtərəfli hazır rəhbər şəxslər olmalıdır” Siyasət

“Azərbaycanın Silahlı Qüvvələrində sağlam, savadlı və hərtərəfli hazır rəhbər şəxslər olmalıdır”

Üzeyir Cəfərov: "Kim ki, qanunla ona verilmiş səlahiyyətlərdən sui-istifadə edir, Silahlı Qüvvələrimizin döyüş ruhuna öz çirkin əməlləri ilə xələl gətirir, onların yeri yəqin ki, başqa məkan olacaq"

Ölkə başçısı Silahlı Qüvvələr ilə bağlı çox mühüm qərarlar qəbul edib və onların içərisində ən çox diqqəti cəlb edən isə onun bir sıra vəzifəli şəxsləri yol verdikləri ciddi qanun pozuntularına görə tutduqları vəzifədən azad etməsi və sərt xəbərdarlığı olub. Bunu hərbi ekspert Üzeyir Cəfərov öz facebook statusunda qeyd edib.
O, yazır:"Sevindirici haldır ki, vəzifəsindən azad edilən və bu yaxınlarda haqqında ciddi tədbirlər görüləcək bəzi generallar nədənsə özlərini çox arxayın və az qala qanundan kənar hesab edirdilər. Həmin şəxslərin əməlləri dövlət başçısının göstərişinə əsasən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən hərtərəfli yoxlandıqdan sonra onlar barəsində artıq qərar qəbul edilib.
Kimliyindən və dünənə kimi hansı xidmətləri olmasına baxmayaraq ölkə başçısı Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxslərinə sonuncu xəbərdarlığını edib. Onlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun apardığı müsbət işlərdə dəstək olmağı, ona ordunun döyüş hazırlığının yüksəldilməsində, zabit və əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işlərində yardımçı olmağı, hərtərəfli kömək göstərilməsini bir vəzifə olaraq tapşırıb.
Onu da qeyd edim ki, müdafiə naziri özü şəxsən korrupsiya və rüşvətxorluq hallarına yol vermiş şəxslərlə bundan sonra bir yerdə xidmət keçməyin mümkün olmadığını bütün şəxsi heyətə bir daha çatdırıb".
Ü.Cəfərovun daha sonra qeyd etdiyinə görə, Ali Baş Komandan İlham Əliyevin qərarına əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu vəzifədən azad ediliib.
Həmçinin Sİlahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov da tutduğu vəzifədən kənarlaşdırılıb.
"Çox yaxşı haldır ki, Ali Baş Komandan bundan sonra da özbaşınalığa və qanun pozuntusuna yol vermiş hər kəsi kimliyindən asılı olmayaraq ən sərt şəkildə cəzalandıracağını bəyan edib.
Yəqin ki, ordu sıralarında olan bəzi vəzifəli şəxslər üçün də prezidentin dünənki addımı bir siqnal rolu oynayacaq.
Azərbaycanın Silahlı Qüvvələrində sağlam, savadlı və hərtərəfli hazır rəhbər şəxslər olmalıdır.
Kim ki, qanunla ona verilmiş səlahiyyətlərdən sui-istifadə edir, Silahlı Qüvvələrimizin döyüş ruhuna öz çirkin əməlləri ilə xələl gətirir, onların yeri yəqin ki, başqa məkan olacaq" - deyə, Ü.Cəfərov sonda qeyd edib.