ABŞ-dan Azərbaycanla bağlı mühüm qətnamə Siyasət

ABŞ-dan Azərbaycanla bağlı mühüm qətnamə

Qətnamədə ABŞ və BMT-nın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanıdığı və dəstəklədiyi qeyd olunur


ABŞ-ın 50 ştatının qanunvericilərini özündə birləşdirən Amerika Qanunvericilik Mübadiləsi Şurası (American Legislative Exchange Council – ALEC) tərəfindən Azərbaycanın strateji önəmini və sürətli inkişafını vurğulayan geniş qətnamə qəbul edilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, qətnamə layihəsi ilk dəfə bu il iyul ayının 23-də Kaliforniyanın San Dieqo şəhərində keçirilən ALEC-in illik yığıncağında müzakirəyə çıxarılıb. Həmin tədbirə dəvət olunan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ALEC-in beynəlxalq əlaqələr komitəsinin qanunverici üzvləri qarşısında Azərbaycana dair geniş təqdimatla çıxış edib. Təqdimatdan sonra qətnamə layihəsi səsə qoyularaq, yekdilliklə qəbul edilib. Sentyabr ayının 4-də ALEC-in İdarə Heyətinin üzvləri sözügedən qətnaməni təsdiq etdikdən sonra qətnamə qüvvəyə minib. ALEC qətnaməni bütün üzvlərinə göndərərək, müvafiq ştat qanunvericilik orqanlarında bu qətnamənin qəbulunu tövsiyyə edib.
Qətnamədə Azərbaycanın coğrafi-siyasi önəmi vurğulanaraq, ABŞ Hökumətinin ölkəmizlə strateji əməkdaşlıq münasibətlərini gücləndirməsinin və dərinləşdirməsinin zəruri olduğu qeyd olunur. Vurğulanır ki, ABŞ Azərbaycan kimi müttəfiqlərini dəstəkləməlidir.
Qətnamənin ən böyük maraq kəsb edən hissəsi isə Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Sənəddə vurğulanır ki, ABŞ və BMT Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanıyır və dəstəkləyir.
Həmçinin bildirilir ki, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi-demokratik respublika təsis edən Azərbaycan, ABŞ da daxil olmaqla bir çox ölkəni qabaqlayaraq tarixə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən biri kimi düşüb. Yerləşdiyi regionda Azərbaycanın ən böyük iqtisadiyyata malik olduğu qeyd edilərək, ölkəmizin dünyanın ən sürətlə inkişaf edən və müasirləşən ölkələrindən biri və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilir. Qeyd edilir ki, öz geniş neft-qaz resursları ilə Azərbaycan ABŞ-ın, Avropanın və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir. Habelə, sənəddə 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın ABŞ-a güclü dəstək verdiyi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ ilə yaxından əməkdaşlıq etdiyi bildirilərək, Əfqanıstandakı ABŞ və koalisiya qüvvələrinin təchizatının 40%-nin çatdırılması üçün şərait yaratdığı bildirilir. Həmçinin, sənəddə Azərbaycanın qədim tolerantlıq ənənələri təqdir edilir.
Qeyd edək ki, ABŞ-ın siyasi həyatında yüksək nüfuzu ilə seçilən ALEC-in sözügedən illik yığıncağında ABŞ prezidentliyinə bir sıra namizədlər çıxış edərək, öz seçki platformalarını təqdim ediblər.
1973-cü ildə yaradılımış ALEC ABŞ ştat qanunvericilərinin ən böyük təşkilatıdır.