“Avropa Parlamentinin qətnaməsini yersiz və səmərəsiz hesab edirəm” Siyasət

“Avropa Parlamentinin qətnaməsini yersiz və səmərəsiz hesab edirəm”

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Jan Zaharadil BAXCP sədri Qüdrət Həsənquliyevə məktub göndərib


Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of European Conservatives and Reformists - AECR) Avropa Parlamentinin qəbul etdiyi son qətnamə ilə bağlı Azərbaycana dəstəyini ifadə edib.
Avropa Parlamentində deputatlarının sayına görə üçüncü yerdə olan Alyansın prezidenti Jan Zaharadil qurumun üzvlüyünə namizəd olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevə bununla bağlı məktub göndərib.
Qüdrət Həsənquliyevin BAXCP-nin mətbuat xidmətinə verdiyi verdiyi məlumata görə, Jan Zaharadil məktubunda qeyd edib: "Mən, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AMİA) prezident kimi hesab edirəm ki, Avropa İttifaqının milli dövlətçilik məsələlərinə müdaxilələri çox məhdud olmalıdır. Qəbul edilmiş qətnaməni yersiz və səmərəsiz hesab edirəm. Ona görə də sizə məlumat vermək istəyirəm ki, Çexiya nümayəndə heyəti, həmçinin Vətəndaş Demokratik Partiyası (DMV) bu qətnamənin əleyhinə səs verib. Mən belə bir qətnamənin qəbul edilməsinə görə təəssüflənirəm və bu qətnaməni faydalı hesab etmirəm".
Jan Zaharadil bir daha vurğulayıb ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında tərəfdaşlığın və əməkdaşlığın gücləndiriləcəyinə də ümid edir.
BAXCP sədri cavab məktubunda Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirdiyi üçün Jan Zaharadilə təşəkkürünü bildirib.
Xatırladaq ki, bu ilin may ayında Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Londonda keçirilmiş illik konqresində BAXCP-nin bu qurumun üzvlüyünə namizədliyə qəbul olunub. Bu il noyabrın 14-də isə Tunisdə keçiriləcək toplantıda partiyanın quruma üzv olması məsələsinə baxılacaq.
Qeyd edək ki, Avropa Parlamentində deputatlarının sayına görə üçüncü yerdə olan Alyans Avropa siyasi partiyalarının ən böyük və nüfuzlu ittifaqlarından biridir.