“Azərbaycan torpaqlarını hərbi yolla işğaldan azad edə bilər” Siyasət

“Azərbaycan torpaqlarını hərbi yolla işğaldan azad edə bilər”

Rövşən Məmmədli: "Buna da beynəlxalq hüquq tamamilə icazə verir"

Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət hər ötən gün bir qədər də gərginləşir. Ermənilərin müntəzəm olaraq cəbhə boyu təxribata əl atması, atəşkəs rejimini mütəmadi olaraq pozması, buna adekvat olaraq Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi açması artıq genişmiqyaslı hərbi əməliyyatları qaçılmaz edib. Düzdür, cəbhədə yaranmış vəziyyətin müharibə mərhələsinə gəlib çatmasını arzulamayan beynəlxalq güclər, xüsusilə ATƏT-in Minsk Qrupu hər vasitə ilə problemin sülh yolu ilə həllinə çalışsalar da, lakin bunun üçün işğalçı tərəfə konkret heç bir təzyiq göstərilmir. Bütün bunlara baxmayaraq amma hələ də cəmiyyətimizdə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə inanan insanlar az deyil.
Müstəqil ekspert Rövşən Məmmədli deyir ki, Ermənistan Dağlıq Qarabağı işğal edib və ardınca da bu ərazini üzük qaşı kimi əhatə edən bölgələrimizi işğala məruz qoyub: "İndi Ermənistana fürsət lazımdır ki, işğal etdiyi Dağlıq Qarabağı həzm etsin. Hələ iştəhasından Dağlıq Qarabağın ətrafında işğal etdiyi bölgələrimizi də öz ərazisinə qatmaq keçir və hələ də buna çalışır. Ermənistan Minsk Qrupunun fəaliyyətinindən yalnız öz maraqları üçün istifadə edir". Ekspertin sözlərinə görə, Ermənistan Qərbin bu məsələdə sərgilədiyi ikili standartlardan və xristian təəssübkeşliyindən bacarıqla faydalanır, lobbisi vasitəsilə ayrı-ayrı siyasətçiləri, mənsəb sahiblərini ələ alıb onların dili ilə özünə lazım olanı mətbuatlarda, toplantılarda, beynəlxalq qurumların kürsülərində dilə gətirir, Azərbaycan hakimiyyətinə güclü təzyiqlər göstərir: "Onu bu məsələdə güzəştlərə getməyə məcbur edir. 23 ildir Ermənistan qrupun mənasız danışıqlarını öz cığal hərəkətləri ilə açıq-aşkar uzadır və işğal etdiyi bütün əraziləri əsarəti altında saxlayır. Ermənistan sülh danışıqlarını ya öz xeyrinə yönəltmək, bu olmasa danışıqları mümkün qədər uzatmaq mövqeyi sərgiləyir və buna da nail olur. Bu məsələnin həllinə məsul olanlar və beynəlxalq qurumlar, ictimaiyyət isə susur, haqlı olan tərəfi müdafiə etmir, təcəvüzkarla təcavüzə məruz qalanı bərabər tutur. Bəzən də həyasızcasına təcəvüzkarı dolayısı ilə müdafiə edən bəyənatlar verir, fikirlər söyləyirlər". Rövşən Məmmədli bildirib ki, Minsk qrupunun sülh yaratma üzrə vasitəçiləri sözün həqiqi mənasında turistə çevriliblər və Azərbaycanda hamı onlara kinayə ilə baxır və onların sülh yaradacaqlarına inanmayırlar: "Ancaq Ermənistanda bu " turistlər" çox isti qarşılanırlar. Çünki, onlar elə ermənilərin istəyini həyata keçirib cəbhədə "status kvo" nu qoruyur, cəbhə xəttində tez-tez Kaspşik vasitəsi ilə yerli baxış (monitorinq) keçirib Azərbaycan əsgərlərinə 1 metr irəliləməyə belə imkan vermirlər. Bu günlərdə Ermənistan Prezidenti Serj Sərkisyan da İrəvanda toplantıda rəsmi bəyanat verərək Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu göstərdi. Bu o deməkdir ki, Sərkisyan Minsk qrupu, sülh danışığı, BMT-ni ciddi qəbul etmir, dediyini edir, bildiyini sərgiləyir. Belə olan tərzdə Azərbaycanda istər iqtidar, istərsə də müxalifət arasında tanınmış şəxslərin Qarabağ məsələsinin danışıqlar yolu ilə həll olunması imkanlarının hələ də olmasını vurğulamalarını anlamaq olmur. Biz bu düşüncə ilə 23 ildir Qarabağdan, Zəngəzurdan uzaq düşmüşük. İndi yenəmi illəri hədər verməli, doğma torpaqlarımıza həsrət qalmalıyıq? Azərbaycan istədiyi vaxt işğala məruz qalmış torpaqlarını hərbi yolla işğaldan azad edə bilər və yaxud daxili qoşunları vasitəsilə ölkə daxilində seperatçıların və onlara dəstək verənlərin müqavimətini qırıb işğal olunmuş ərazilərində öz Konstitusiyasına uyğun hakimiyyətini bərpa edər. Buna da beynəlxalq hüquq tamamilə icazə verir. 23 ildir Qarabağ məsələsi yaddaşlarda dondurulub. Bütün bunlar da Rusiyanın, Qərbin fəaliyyəti ilə olub. Bu imperialist dairələr hər cürə əməllərə əl atıblar ki, Azərbaycan Qarabağı Ermənistana güzəştə getsin. Ancaq bacarmayıblar". Ekspert qeyd edir ki, son bir-iki ildə həmin qüvvələr Azərbaycan xalqının özünə qayıtdığını, Qarabağı əvvəlkindən də artıq tələb etdiyini və bu torpaqların bir qarışını da ermənilərə verməyəcəklərini görüb yeni-yeni hiylələrə əl atır, müharibə olarsa nəticəsinin pis olacağını və s. deyirlər. Hesab edirəm ki, bunlar hamısı Azərbaycanın əl-qolunu bağlamaq üçündür. Əlbəttə, Azərbaycan bu məsələdə təklənməməlidir .Dövlətimiz istər Qərb, istərsə də Rusiya ilə danışıqlar aparmalı, hər iki tərəflə mehriban, işgüzar münasibətlərini qorumalı, daha da inkişaf etdirməli onların da bu məsələdə maraqlarını imkana uyğun nəzərə almalıdır. Ancaq onlar da Azərbaycanın bu haqlı marağını gözləməli, Azərbaycan öz torpaqlarının azad edilməsi üçün qoşunlarına irəli əmrini verəndə ona hörmət və anlayışla yanaşmalıdırlar. Heç kimə beynəlxalq hüququ pozmaq səlahiyyəti, heç bir dövlətə qonşu dövlətin ərazilərini işğal edib, əhalisini didərgin salmaq icazəsi verilməyib. Odur ki, Azərbaycan dövləti istədiyi an öz ərazilərini azad edə bilər və etməlidir də. Çünki, bunu 50 milyon Azərbaycan xalqı, bunu sülhsevər dünya istəyir. Eyni zamanda bunu bütün dünyanın təhlükəsizliyini təmin edən beynəlxalq hüquq tələb edir". Rövşən Məmmədli Dağlıq Qarabağa vasitəçi dövlətləri sülhməramlı qüvvələrinin yerləşdirilməsi mümkünlüyünə də toxunub və bunu qəbuledilməz hesab edib. Bildirib ki, Minsk Qrupu üzrə həmsədr dövlətlərin sülhməramlı qoşunları Dağlıq Qarabağa daxil ola bilməzlər. Çünki, onların dövlətləri bu məsələdə maraqlıdırlar və həm də Azərbaycana qarşı qərəzlidirlər: "Həmçinin vasitəçilik etdikləri bütün dövr ərzində bu bölgədə ədalətli sülh yaratmaqla yox, öz dövlətlərinin maraqlarını bu bölgədə təmin etməyə çalışmaqla məşğul olublar. Onlar öz haqsız maraqlarına uyğun bu sülhün uzanmasına və mövcud status kvonun qorunub saxlanmasına çalışıblar. Bunun da nəticəsində yüzlərlə dinc azərbaycanlı yaralanıb, həlak olub, çoxsaylı şəhidlər vermişik. İşğal olunmuş ərazilərimizdən bir metr belə azad edilməyib, ermənilər işğala məruz qalmış torpaqlarımızda əsil vandalizm törədiblər. Bütün tarixi abidələrimizi yer üzündən silib, minlərlə kənd, şəhəri xaraba qoyub, sərvətlərimizi talan ediblər. Müharibə, işğal altda olan ərazilərin statusu haqqında qanunların hamısını tapdalayaraq işğala məruz qoyduqları ərazilərimizi əsil xarabalığa çevirib və qanunsuz olaraq orada məskunlaşma aparıblar".