“Bu, Azərbaycana qarşı təzyiqin bir formasıdır” Siyasət

“Bu, Azərbaycana qarşı təzyiqin bir formasıdır”

Akif Nağı: "Ermənistan yenə də özünün aqressiv, təcavüzkar mövqeyindən geri çəkilməyəcək"

"ATƏT-in Minsk qrupu həmsədrləri öz bəyanatlarında bildiriblər ki, Azərbaycan və Ermənistan prezidentləri bu ilin sonunda görüşəcək. Amma mən heç cürə inanmıram ki, ilin sonuna kimi bu görüş baş tutsun". Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. QAT sədrinin sözlərinə görə, görüşdə müzakirə etməyə heç bir məsələ yoxdur: "Hesab edirəm ki, görüşün reallaşması üçün ortada konkret bir zəmin, prinsiplər olmalıdır. Məhz belə olan təqdirdə hansısa müzakirələr aparıla bilər. Ola bilər ki, ənənəvi qaydada hansısa görüşlər baş tutsun. Əgər bu görüş baş tutsa, Ermənistan yenə də özünün aqressiv, təcavüzkar mövqeyindən geri çəkilməyəcək. Bu yaxınlarda hətta Ermənistan prezidenti Serj Sarkisyan açıq şəkildə bildirdi ki, "Dağlıq Qarabağ Ermənistan ərazisidir" və s. Digər tərəfdən həmsədrlər də ənənəvi, qeyri-obyektiv mövqelərində qalırlar. Hiss olunur ki, onlar rəsmi İrəvana deyil, əksinə Azərbaycan tərəfinə təzyiqlər etmək istəyirlər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz açıqlamasında qeyd etmişdi ki, Azərbaycan təzyiq yox, sülh, kompromis yolu üzərində düşünməlidir. Bu, Azərbaycana qarşı təzyiqin bir formasıdır".