Stəkanla külqabını nə birləşdirir? Siyasət

Stəkanla külqabını nə birləşdirir?

Yaxud Pənah Hüseynə atılan külqabı ilə Saakaşviliyə atılan stəkanın "ortaq taleyi"

Ukraynanın Milli İslahat Şurasının iclasında baş verən qalmaqalın son illərin ən maraqlı hadisələrindən biri kimi tarixə düşəcəyi şübhə doğurmur.
Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə daxili işlər naziri Arsen Avakov və onun adaşı baş nazir Arsen Yasenyuk arasında yaşanan qarşıdurma çox güman ki, hələ uzun illər yaddaşlardan silinməyəcək...
Gürcü Mixaillə erməni Arsen arasında baş verən qarşıdurmanın videogörüntülərini milli emosional yüklü başlıqlarla yayımlayan və paylaşan həmkarlarımı anlamağa çalışsam da, eyni ovqat üzərində köklənə bilmədim. Əksinə, 22 il öncə Azərbaycanda baş verən anoloji bir hadisəni xatırladım və Ukraynadakı siyasi böhranın ən kritik və bəlkə də son mərhələyə qədəm qoyduğu qənaətinə gəldim...
Deməli belə, uzun illər boyu Xalq Cəbhəsinin kluarlarında lətifə kimi xatırlanan tükürpədici olay mərhum prezident Əbülfəz Elçibəyin yanında keçirilən müşavirədə baş verib.
...Əbülfəz bəy siqaret çəkdiyi üçün onun yanında keçirilən toplantılara qatılan komanda üzvlərinin vəziyyətdən sui-istifadə edərək siqareti siqaretə calaması kimsəyə sirr deyil.
Təsəvvür edin, ətrafı bürümüş tüstü dumanı, üst-üstə qalanmış və kül içində "boğulan" külqabıda "son anlarını yaşayan" siqaret kötükləri...
Duman pərdəsinin bir tərəfində silueti canlanan baş nazir Pənah Hüseyn papağı və eynəyi zorla seçilən müdafiə naziri Rəhim Qazıyevin fəaliyyətini tənqid edir... Tənqid öz yerini qarşılıqlı ittihamlara və bir neçə mərtəbəli söyüşlərə verir...
Hər zaman olduğu kimi Rəhim Qazıyevin əsəbləri qarşılıqlı "söz savaşı"na tab gətirmir və masanın üzərindəki külqabıdan daha çox siqaret kötüyü təpəciyini xatırladan əşyanı Pənah Hüseynə tərəf atır. Külqabı Pənah Hüseyndən yan keçsə də siqaret kötükləri və kül baş nazirin zahiri görüşündə xeyli dəyişikliyə səbəb olur. Buna dözməyən Pənah bəy Əbülfəz Elçibəyin oturduğu kürsünün arxa tərəfinə keçərək Rəhim Qazıyevi hədələməyə başlayır. Rəhim Qazıyev də öz növbəsində bunun real qarşılığını vermək üçün Pənah Hüseynə tərəf addımlayır. Və elə bu anda vəziyyətdən istifadə edən Pənah Hüseyn kürsünün arxasından sıyrılaraq Rəhim Qazıyevin qarnına möhkəm bir təpik vurur. Rəhim Qazıyev qarnını qucaqlayıb aşağı əyilir, özünə gəldikdən sonra isə Pənah Hüseyi öldürəcəyini bildirir. Deyir ki, "sənin bu binadan yalnız ölün çıxa bilər". Pənah Hüseyn nədənsə Rəhim Qazıyevin hədəsini ciddiyə alır və imkan yaradır ki, qarşı tərəf ondan qisasını alsın... Rəhim Qazıyevin silləsindən sonra Pənah Hüseyn "huşunu itirib" yerə yıxılır... Onun ayılmadığını görən Fazil Mustafa və Əli Kərimli Pənah Hüseynin əllərindən və ayaqlarından tutaraq bayıra çıxarırlar. Qapının ağzına çatanda Pənah Hüseyn gözlərini açıb "narahat olmayın", - deyir: "Özümü bicliyə qoymuşdum. Gördünüz necə ilişdirdim ona?!"
...Əslində sonralar "gülməli" hadisə kimi xatırlanan bu olay həmin toplantıda iştirak edənlər, müəyyən bir zaman kəsiyində isə ölkə üçün "ağlamalı" nəticələrə gətirib çıxardı...
Ukraynada baş verənlərlə xatırlatdığım hadisə arasındakı oxşarlıq, zənnimcə nəticə çıxarmaq üçün yetərlidir... Vaxtilə Əbülfəz Elçibəy "tüpürüm sənin iqtidarına da, müxalifətinə də" deyən naziri vəzifəsindən kənarlaşdıra bilmədiyi kimi, Ukrayna prezidenti Poroşenko da baş nazir Yasenyukun dəstəklədiyi Arsen Avakova qarşı heç bir addım ata bilmir. Gücü yalnız iclası yarımçıq dayandırmağa çatır. Təəssüf...
Şübhəsiz ki, Azərbaycanda hər kəs Ukrayna xalqının yaranmış vəziyyətdən mümkün qədər az ziyanla çıxmasını arzulayır. Amma baş verən son olay vəziyyətin kifayət qədər mürəkkəb olduğunu göstərir. Vaxtilə Yanukoviçi korrupsiyada ittiham edənlər indi korrupsiya "dənizində üzürlər" ...
Birləşmiş Ştatların və Avro İttifaqının Ukraynaya genişmiqyaslı dəstəyini, ABŞ-ın vitse prezidenti Co Baydenin qısa bir zaman kəsiyində bu ölkəyə 5 dəfə səfər etdiyini nəzərə alsaq, o zaman Ukraynanın indiki durumunu 1992-93-cü illərin Azərbaycanı ilə müqayisə etmək mümkün deyil... Hətta bu vəziyyətdə belə haqqında söz açdığımız biabırçı hadisə baş verirsə, ümid yalnız Tanrıya qalır...
Tanrı yardımçınız olsun, əziz ukraynalılar...

Murad Yenigun