“İslahatlar da dərinləşdirilməlidir” Siyasət

“İslahatlar da dərinləşdirilməlidir”

Qüdrət Həsənquliyev: "Elə addımlar atmaq lazımdır ki, insanlar dəyişiklikləri həyatlarında hiss etsinlər."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev müsahibəsini oxucularımıza təqdim edirik


-Prezidentin sonuncu müşavirəsini sonadək dinləmək imkanınız oldumu?

-Mətbuata verilən hissəsini dinləyə bildim.

-Sizcə cəmiyyətin gözlədiyi çoxsaylı sualların hamısına cavab verildimi?

-Hesab edirəm ki, problemlər barədə ciddi açıqlamalar verildi. Amma cəmiyyət həm də həmin problemlər üzrə konkret addımların atılmasını gözləyir. Çox təəssüf ki, bu addımlar yubanır. Söhbət ondan gedir ki, dövlət satınalmalarında şəffaflığın təmin olunması, tenderlərin şəffaf şəkildə həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarında , vergi ödəmələrində şəffaflığın təmin olunması, şişirdilmiş dövlət aparatının ixtisar edilməsi, bir sözlə, bu günə qədər Azərbaycan müxalifətini narahat edən və hər zaman müxtəlif səviyyələrdə dilə gətirdiyimiz məsələlərin həllinin çatdığı barədə artıq prezidentin özü tərəfindən həmin sahələr üzrə islahatların aparılmasına dair göstərişlər verildi. Amma dediyim kimi konkret addımların atılması lazımdır. Özü də bu addımları elə atmaq lazımdır ki, 21 dekabr devalvasiyasından sonra acınacaqlı duruma düşmüş insanlar dərhal dəyişiklikləri görsünlər və həyatlarında hiss etsinlər.

-Belə bir hikmətli xalq məsəlimiz var ki, ağıllı çırmanınca dəli vurub çayı keçdi. Hökumət 20 gündür vəziyyətdən necə çıxmaqla bağlı baş sındırsa da işbazlar bir göz qırpımında qərar qəbul edərək qiymətləri ceyranın belinə qaldırdılar...

-Qiymətlərin qaldırılmasıyla bağlı mən hər zaman fərqli fikirdə və mövqedə olmuşam. Bu günlərdə mən "Amerikada ən çox nifrət olunan adam" başlıqlı bir yazı oxudum ki, bir sahibkar, virus əleyhinə bir dərmanın satış lisenziyasını almış 1 dollarlıq dərmanın qiymətini qaldırıb 786 dollara təklif edir. Hətta prezidentliyə namizədlər Donald Tramp və Hillari Klinton da, eyni zamanda dərman satışı üzrə beynəlxalq təşkilatlar da həmin sahibkara müraciət ediblər ki, belə bir şey olmaz və qiymətləri ucuzlaşdırmaq lazımdır, Amma hökumət ona qarşı heç bir cəza tədbiri görə bilmir. Ona görə ki, həmin sahibkar öz malını o qiymətə satır. Sadəcə olaraq əldə etdiyi külli miqdardakı qazancından dövlət büdcəsinə adekvat olaraq kifayət qədər çox vergi ödəyir. Yoxsa sən sahibkara deyə bilmərsən malını filan qiymətə satmalısan. Bu artıq bazar iqtisadıyyatı olmadı ki. Qiyməti bazar tənzimləməlidir. Burada dövlət sadəcə olaraq rəqabət mühiti yaratmalıdır ki, bazarda qiymət qalxmasın. Nəhayət, insanlarımız anlamalıdırlar ki, bazar iqtiadiyyatı olan ölkələrdə qiyməti dövlət tənzimləmir. Dövlət sadəcə Tarif Şurasının əliylə inhisarçı şirkətlərin qiymətlərini müəyyənləşdirir. Amma qalan digər hallarda müdaxilə yolverilməzdir və bazar iqtisadiyyatının təməl prinsiplərinin pozulmasıdır. Yəni sahibkar çox pul qazanırsa adekvat olaraq büdcəyə də çox pul ödəməlidir. İndi süni qiymət artımı hamımızın leksikonuna düşüb. Gəlin görək süni qiymət artımı ilə bağlı Cinayət Məcəlləsində hansısa maddə nəzərdə tutulubmu? Belə bir maddə yoxdur ki, prokurorluq orqanları gedib hansısa sahibkara "sən qiyməti artırmısan" desin. Bu artıq dövlət özbaşınalığı olacaq. Yəni dövlət sahibkarı qorxudaraq onun fəaliyyətinə qanunsuz müdaxilə etmiş olacaq.

-Siz qanunsuz müdaxilə hesab edirsiniz, amma Baş Prokurorluqla İqtisadiyyat və Sənaye Nazirliyi birgə ildırımsürətli tədbirlər planı hazırladılar da, məsuliyyətə cəlb etməyə sahibkar da tapdılar bir göz qırpımında...

-Hansı tədbirlər planından spöhbət gedə bilər ki? Cinayət Məcəlləsini açıb qarşımıza qoyaq ki, o sahibkar hansı qanunu pozub? Mən məhsul istehsal etmişəm, ona qiymət qoymuşam. Tutaq ki, mən bir qələm istehsal edib onu 10 min dollara təklif edirəm, kim mənə deyə bilər ki, onu 1 manata satmalısan? Bunun harası bazar iqtisadiyyatı oldu? Sən maya dəyəri 1 manat olan məhsulu min manata satırsansa əldə etdiyin 999 manatın vergisini verməlisən dövlətə. Dövlət də əldə etdiyi o vəsaitdən lazım bilsə həmin məhsulu alana əlavə kompensasiya verə bilər ki, alıcıya dəstək vermiş olsun. Təbii ki, sən saxta yollarla malın maya dəyərini şişirdirsənsə və gəlirini gizlədibsənsə, o zaman cəzalandırıla bilərsən.

-Qüdrət bəy, bilirsiniz ki, sahibkarı cinayət məsuliyyətinə cəlb etmək üçün prokurorluq orqanlarının əlində bir düjün bəhanələr var. Yəni prokurorluq hansısa sahibkarı gözaltı edibsə onun qanı batdı, eşələyib bir bəhanə tapmaq onların əlində su içmək kimi asan bir şeydir...

-Ölkədə qanunların aliliyindən söhbət gedirsə heç bir sahibkar qiymətləri aşağı salmağa məcbur edilə bilməız. Yaxud heç xaricdən mal gətirməsin, ölkə daxilində məhsul istehsal etsin, ona zorla "filan qiymətə satmalısan" demək olmaz. Tutaq ki, bir sahibkar pomidor əkib becərib. Deyə bilmərsən ki, bu pomidoru iki manatdan satmalısan. Mən pomidor istehsal etmişəm, bunun kiloqramını min manata satıram, almır almasın, malım qalıb xarab olacaq. Sadəcə sahibkar vicdanla vergi ödəməlidir dövlətə. Mən bayaq Amerikadan misal çəkdim. Görürsünüz, buna görə Amerika dünyada iş görmək üçün ən rahat ölkələrdən biridir. Yəni sahibkarlıq mühiti, biznesin inkişafı üçün ən əlverişli ölkə hesab olunur. Ona görə də bu ölkəyə külli miqdarda investisiya qoyurlar. Hamı bilir ki, əgər pul yatıracaqsa, deməli pul qazanmaq imkanı olacaq və vergiləri vaxtlı vaxtında ödəyəcəyi təqdirdə dövlət bir dəfə də onu qiymətlə bağlı narahat etməyəcək.

-Dərmanlardan söz düşmüşkən, 3 gün öncə keçmiş baş prokuror Əli Ömərov Moderator.az-a zəng edərək həyəcanlı və səhiyyə nazirinə qəzəbli şəkildə bildirdi ki, 10 manata aldığı "Tripliksam" adlı təzyiq dərmanını 25 manata alıb və qiymət fərqindən şoka düşüb. Dərmanların yeni qiymətləri təkcə onu yox, məmləkətin hər bir sakinini şoka salıb. Tarif Şurası bu milləti niyə umsuq edərək hamını doladı?

- Çalışmaq lazım idi ki, Azərbaycana dərmanı çoxsaylı şirkətlər gətirsin. O halda dərmanın qiyməti o qədər qalxa bilməz. Hal-hazırda harda ki, rəqabət var, idxal-ixrac əməliyyatı ilə məşğul olan sahibkarlar malın üzərində 3-5 faiz pul qazananda sevinirlər. Amma harda ki, rəqabət yoxdur, bayaq dediyim kimi 1 dollarlıq dərmanı 786 dollara satanlar tapılacaq. Dövlətin borcu rəqabət mühiti yaratmaqdır. Bir də əgər şirkətlər arasında qiymət sövdələşməsi varsa bu da cinayət məsuliyyəti yaradır. Çünki qanunvericiliklə şirkətlərə qiymətləri öz aralarında razılaşdırmaq qadağan edilib. Yoxsa sovet planlı təsərrüfat sistemində olduğu kimi məhsulu filan qiymətə satmağı tələb etmək bazar iqtisadiyyatından imtina etmək olardı. Nəzərə almalıyıq ki, artıq biz bazar iqtisadiyyatına keçmişik və konstitusiya ilə sahibkarla müvafiq təminatlar verilib.

- Biz kağız üzərində bazar iqtisadiyyatına keçmişik. Reallıqda isə iki sistemin arasındakı məngənədə can veririk...

-Bilirsiniz, aydın məsələdir ki, hər şey mükəmməl deyil, amma bizim Konstitusiyamız var hansı ki, sahibkarliq fəaliyyətinə və hər kəsin əmlakı üzərində sərəncam hüququna təminat verir. Mən hər zaman söyləmişəm ki, bazar iqtisadiyyatında bu qədər dövlət mülkiyyəti olmaz. Son dövrlər Qazaxıstanda çoxlu dövlət müəssisəsi özəlləşdirməyə çıxarılıb. Bu məsələni dəfələrlə qaldırmışam ki, dövlətin çiynindən ağır yük kimi asılmış dövlət şirkətləri təcili olaraq özəlləşdirməyə çıxarılmalıdır. Dövlət universitetlərini, səhmdar cəmiyyətlərini, səhiyyə obyektlərini, müalicə diaqnostika mərkəzlərini, idman olimpiya komplekslərini özəlləşdirməyə çıxarmaq lazımdır. Təsəvvür edin dövlət mülkiyyətində olan müəssiəyə kimlərəsə rəhbər təyin olunub, həmin səlahiyyət sahibləri obyektləri öz dədəsinin malı kimi istifadə edir, amma ona qayğı göstərən, qoruyub saxlayan yoxdur. Ona görə də həmin müəssiələri dərhal özəlləşdirmək lazımdır ki, onu alan adam göz bəbəyi kimi qorusun,həm pul qazansın, həm də dövlətin vergisini versin. Hələ ki, bunlar dağlıb sıradan çıxmayıb, onları dərhal özəlləşdirmək lzımdır. Sizi əmin edirəm ki, bir neçə ildən sonra hökumət o mərkəzləri təmir etməyə vəsait tapmayacaq. Sonda da dövlət məcbur olacaq ki, dağıdılmış həmin obyektləri su qiymətinə satsınlar. Ona görə də nə qədər ki, həmin mərkəzlər normal vəziyyətdə və avadanlıqlar işləkdir, özəlləşdirməyə çıxarılmalıdır.

- Hökumət o zaman xaricdən borc alacaq...

-Mən keçən dəfəki müsahibəmdə də sizə demişdim ki, indi daxili resurslar hesabına vəziyyətin dəyişməsi çətin olacaq. Onun üçün də Azərbaycan Beynəlxalq Valyuta Fondundan, Dünya Bankından vəsaitlər cəlb etməlidir. Bu vəsaitləri də cəlb etmək üçün ilk növbədə ABŞ və Avropa Birliyi ilə münasibətlər yüksək səviyyəyə qaldırılmalıdır ki, əlverişli şərtlərlə kreditlər ala bilək. Obama prezident İlham Əliyevi Vaşinqtona dəvət edib. Hesab edirəm ki, prezidentin səfərinə qədər beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi şəxslər istisnasız olaraq azad olunmalııdır. Yəni dövlət maraqları tələb edən yerdə hakimiyyət öz vətəndaşlarına güzəştə getməyi bacarmalıdır. Onsuz da Leyla və Arif Yunuslar azadlığa çıxdı, onların azadlıqda olması dövlətə, cəmiyyətə və ya hakimiyyətə hansı təhlükə yaradır? O baxımdan digərləri azadlığa qovuşsa hansı təhlükə yarada bilərlər? Ona görə də düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atılmalıdır və paralel olaraq ölkədə siyasi islahatlar da dərinləşdirilməlidir.