“Sarkisyan rejimi müxtəlif üsullarla danışıqlar prosesindən yayınmaqla yanaşı..” Siyasət

“Sarkisyan rejimi müxtəlif üsullarla danışıqlar prosesindən yayınmaqla yanaşı..”

Bəhruz Quliyev: "Hakimiyyətini itirməmək üçün hər cür siyasi fırıldaqçılıqlara gedir"

"Erməni tərəfinin aşkar şəkildə güclü Azərbaycan qarşısında diz çökdü. Bu, faktiki olaraq hər kəsin gözü qarşısında baş verdi". Bu fikirləri SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev "dqr"in tanınması haqqında hazırlanmış qanun layihəsinin Ermənistan parlamentinin növbəti iclasının gündəliyinə salınmamasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, erməni siyasətçilərinin bəyanatları yağış yağdırmayan göy gurultusundan başqa heç nə deyil: "Təkcə bir fakta nəzər yetirək. Sözügedən qanun layihəsinin Ermənistan hökuməti tərəfindən təsdiq edilərək, parlament müzakirəsinə çxıarılması Sarkisyanın razılığı olmadan baş tuta bilməzdi. Yəni bu, bir uğursuz oyundur ki, məhz Azərbaycana qarşı yönəlib. Çünki erməni tərəfi dördgünlük aprel müharibəsində Silahlı Qüvvələrimizin gücünü, qüdrətini, əsgərlərimizin və zabitlərimizin isə şücaətini gördü. Onlar yaxşı bilirlər ki, növbəti dəfə genişmiqyaslı təxribata cəhd göstərsələr daha ağır məğlubiyyətə uğrayacaqlar. Əbəs yerə deyil ki, biz bu gün sağlam düşüncəli ermənilərin də mediaya verdikləri açıqlamaların şahidləri oluruq. Bu gün Azərbaycana qarşı müharibə aparmağı ağılsızlıq kimi qiymətləndirən ermənilər Sarkisyan rejimi tərəfindən xalq düşməni elan olunurlar.
Eləcə də erməni əsgər anaları başqasının torpağı uğrunda övladlarının ölməsini, öldürülməsini istəmirlər. Təbii ki, Sarkisyan və onun komandası bunu yaxşı başa düşür. O, anlayır ki, hazırda beynəlxalq aləm Azərbaycanın ədalətli mövqeyini bu və ya digər şəkildə dəstəkləyir. Belə olan halda Qarabağın "müstəqilliyinin" Ermənistan hakimiyyəti tərəfindən tanınmasını görüntü, ya da Serj Sarkisyann öz hakimiyyətinin müddətini uzatmaq cəhdi kimi qiymətləndirməliyik. Diqqət yetirin, onlar bir tərəfdən "qərar" qəbul edir, o biri tərəfdən isə həmin qərarın "qüvvəyə minməsini" təxirə salırlar, buna cürət etmirlər. Bunu necə anlamaq olar? Təbii ki, zəif Ermənistanın Azərbaycan qarşısındakı məğlubiyyəti faktoru kimi".
Bəhruz Quliyev eyni zamanda deyib ki, bütün bunlara baxmayaraq, Azərbaycan hələ son sözünü deməyib: "Hesab edirəm ki, əgər məsələ ilə bağlı danışıqlar prosesi başlayarsa, artıq Ermənistan bizim qarşımızda heç bir şərtlə danışa bilməyəcək. Çünki söz Azərbaycandadır, Azərbaycanın gücündədir. Ona görə də Sarkisyan rejimi müxtəlif üsullarla danışıqlar prosesindən yayınmaqla yanaşı, hakimiyyətini itirməmək üçün hər cür siyasi fırıldaqçılıqlara gedir. Amma bu yolun da bir məntiqi sonunun olacağı labüdür. Bunu isə biz yaxşı bilirik ki, çox qısa zamanda torpaqlarımız düşmən tapdağından azad olunacaq".
O, xatırladıb ki, mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbulda çıxış edən ölkə başçısı cənab İlham Əliyev bir daha vurğulayıb ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib: "Təbii ki, Azərbaycan xalqının vətənpərvərlik əzmi, yenilməzlik ruhu tarixən olub və indi də mövcuddur. Azərbaycan əsgəri nəyin uğrunda irəli gedəcəyini bilir, torpaqlarını işğaldan azad etmək əmrini gözləyir, amma erməni əsgəri nəyə görə, nəyin və kimin uğrunda öldüyünü, öldürüldüyünü bilmir. Daha doğrusu başqasının torpağı və bu torpaqların işğalında rolu olan Sarkisyana görə ölmək istəmir. Bu səbəbdən də erməni hakimiyyəti indi gah parlamentlərində, gah da hökumətlərində belə bir gülünc oyunlar oynamaqla özləri-özlərini aldatmaqla məşğuldurlar. Onlar anlayırlar ki, həmin "qanun layihəsi" müzakirəyə çıxarılsa və qəbul edilsə faktiki olaraq güclü Azərbaycanla baş-başa qalacaqlar. Vaxt isə Azərbaycanın xeyrinə, Sarkisyan rejiminin isə əleyhinə işləyir"