ABŞ-da Xocalı soyqırımına dair kitab çapdan çıxıb Siyasət

ABŞ-da Xocalı soyqırımına dair kitab çapdan çıxıb

ABŞ hərbi-dəniz qüvvələrinin keçmiş hərbiçisi, beynəlxalq səviyyədə tanınmış yazıçı Raul Loueri Kontrerasın müəllifi olduğu "Dağlarda qətl. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi" adlı kitab ABŞ-ın Los-Anceles şəhərində çapdan çıxıb. "FOX News Latino" və "The Hill" kimi nüfuzlu mətbu orqanları ilə əməkdaşlıq edən, bir sıra məşhur ABŞ televiziya və radio kanallarının şərhçisi, amerikalı jurnalist R.L.Kontrerasın müəllifi olduğu bu kitab Xocalı soyqırımına dair Birləşmiş Ştatlarda nəşr olunmuş və satışa çıxarılmış ilk kitabdır.
Beynəlxalq aləmdə baş verən məsələlərlə bağlı çoxsaylı analitik yazıların və məqalələrin müəllifi olan R.L.Kontreras sözügedən kitabda Xocalı soyqırımı ilə yanaşı, Dağlıq Qarabağın tarixi, onun əzəli Azərbaycan torpağı olması, Ermənistan qoşunları tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunması və azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti, işğalın nəticələri haqqında oxuculara ətraflı məlumat verir.
Keçən il Azərbaycana səfər edən R.L.Kontreras, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə baş çəkmiş, bu təbəqədən olan insanlardan müsahibələr götürmüş, onların başına gətirilən müsibətləri dinləmişdir. Səfər çərçivəsində müəllif Xocalı soyqırımından salamat çıxmış iki məcburi köçkün - Dürdanə Ağayeva və Mehriban Bəkirovanın başına gətirilən faciələri onların öz dili ilə qələmə almışdır. Taleyinə iki dəfə sürgünlük həyatı yaşamaq nəsib olan Mehriban ahiska türkü kimi 1987-ci ildə Özbəkistandan Azərbaycana köç etməyə məcbur olmuşdur. Ermənilər onun həyat yoldaşını qətlə yetirmiş, özü isə 3 az yaşlı uşağı ilə birlikdə əsir düşmüşdür. Mehribanın erməni əsirliyində övladlarının ağır xəstəlik tapması da daxil olmaqla başına gətirilən faciələr erməni vandalizmininin bütün eybəcərliklərini yaxından anlamaqda müəllifə yardım etmişdir. Həmçinin, digər həmsöhbət Dürdanənin başına gələnlər meşəyə qaçıb xilas olmağa çalışarkən güllə yarası alması və nəticədə qardaşı ilə birlikdə ermənilər tərəfindən əsir götürülməsi, əsirlikdə qarşılaşdıqları vəhşiliklər kitabda təfsilatı ilə qeyd olunmuşdur.
R.L.Kontreras hadisə şahidləri ilə yanaşı, bir-sıra beynəlxalq təşkilatların o dövrdə erməni vəhşiliklərini pisləyən bəyanatlarına da istinad etmişdir. Müəllif adıçəkilən kitabında Xocalı faciəsinin qurbanları ilə yanaşı, Ermənistanın işğalı nəticəsində öz yurd-yuvasından didərgin düşmüş digər rayonlardan olan köçkünlərin, eləcə də hadisə şahidlərinin fikirlərinə də yer ayırmış, Ermənistan Respublikasının Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnaməsinin mətinini də yerləşdirmişdir. Müəllif, eyni zamanda erməni terrorizmi, onun yaranma tarixi, erməni terrorçularının Azərbaycan, ABŞ, eləcə də digər ölkələrdə həyata keçirdikləri terror aktları, eyni zamanda, Birləşmiş Ştatlarda fəaliyyət göstərən erməni lobbisi barədə oxuculara ətraflı məlumat verir. R.L.Kontreras kitabın müqəddiməsində yazır: "Bu gün Azərbaycan torpaqlarının beşdə biri hələ də Ermənistanın işğalı altındadır, ermənilərin Xocalını viran qoymasından və onun əhalisini qətlə yetiməsindən 24 il keçir. Bir milyondan artıq azərbaycanlı qaçqın hələ də öz yurduna qayıdacağı günü gözləyir".
Müəllif qeyd edir ki, Ermənistan hökuməti və güclü erməni lobbisi Azərbaycan torpaqlarının qeyri-qanuni işğalına haqq qazandırmağa çalışır ki, nəticədə bundan yüz minlərlə azərbaycanlı qaçqın əziyyət çəkməkdə davam edir.
Real hadisələrə və faktlara əsaslanan bu nəşr hazırda dünyanın ən böyük internet kitab mağazası olan Amazon şəbəkəsində, ABŞ-ın ən böyük kitab mağazası şəbəkəsi olan Barnes & Noble-da və digər şəbəkələrdə satışa çıxarılıb.