Avropa İttifaqı və NATO arasında birgə bəyannamə imzalanıb Siyasət

Avropa İttifaqı və NATO arasında birgə bəyannamə imzalanıb

Varşavada Avropa İttifaqı və NATOarasında birgə bəyannamə imzalanıb.
Sənədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker və NATO baş katibi Yens Stoltenberq imza atıb.
İmzalanma mərasimindən sonra çıxış edən Donald Tusk bildirib ki, NATO-nun 2014-cü ildə Nyuportdakı son sammitdən sonra dünya dramatik şəkildə dəyişib: "Bu gün NATO və Avropa İttifaqı istər şərqdən, istər cənubdan, istərsə də daxildən eyni təhdidlərlə üzləşir. Bu yeni reallıqda bizim vətəndaşlarımız daha güclü təhlükəsizlik tələb edirlər".
Donald Tusk deyib ki, NATO və Avropa İttifaqının daxili və xarici təhlükəsizliyi bir-biri ilə bağlıdır: "Bu gün Avropa İttifaqı-NATO strateji tərəfdaşlığının güclənməsinə dair çağırış edirik. Bizim ən böyük gücümüz dəyərlərimizin və məqsədlərimizin birliyinə əsaslanır".
Daha sonra çıxış edən Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerisə qeyd edib ki, daha güclü NATO daha güclü Avropa İttifaqı, daha güclü Avropa İttifaqı isə daha güclü NATO deməkdir.
Sonda çıxış edən NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, birgə bəyannamənin imzalanması NATO-Avropa İttifaqı əlaqələrinə yeni təkan verəcək: "Nə NATO, nə də Aİ mövcud təhdidlərə ayrılıqda cavab verə bilər. Lakin birlikdə biz güclü komanda ola bilərik. Hər iki qurum arasında həmrəylik və əməkdaşlıq heç vaxt olmadığı qədər vacibdir".
NATO və Aİ-nin Rusiyaya münasibətdə vahid mövqeyə malik olduğunu diqqətə çatdıran Y. Stoltenberq alyansın II Dünya müahribəsindən indiyədək kollektiv müdafiə tədbirlərini ən yüksək səviyyəyə çatdırdığını bildirib.
Qeyd edək ki, Avropa İttifaqı və NATO arasında imzalanan bəyannamə hər iki qurum arasında əməkdaşlığın dərinləşdirilməsi və koordinasiyasını nəzərdə tutur.