“Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub Siyasət

“Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub

Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin "AZAD Sistemlər" müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik "Zərbə" pilotsuz uçuş aparatlarının təqdimatı olub.
Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Müdafiə sənayesi naziri Yavər Camalov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib.
Prezident İlham Əliyev "Zərbə" pilotsuz uçuş aparatı ilə tanış olub. Dövlət başçısı müəssisədə istehsal edilən məhsulların nümayiş olunduğu filmə baxıb.
Diqqətə çatdırılıb ki, məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir.
Yeni yaradılan "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik "K1-Zərbə" mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. Ötən müddətdə müəssisədə müxtəlif sinifli mini PUA-lara texniki qulluq göstərilərək saz vəziyyətə gətirilib və onlar təhvil verilməklə döyüş mövqeləri daim əməliyyat nəzarətində saxlanılır.
Bildirilib ki, 2016-cı ilin aprel hadisələri zamanı müəssisə fasiləsiz iş rejiminə keçib və müxtəlif tipli PUA-lar qısa müddətdə təmir edilərək döyüş zonasına göndərilib.
Dövlət başçısına müəssisədə istehsal olunacaq "Orbitr 4" və "Orbitr 3" müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları barədə də məlumat verilib.
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin muzeyində saxlanmaq üçün hazırlanan pilotsuz uçuş aparatının qanadını imzalayıb.
Sonda dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.