Minsk qrupu missiyası sual altında qalıb Siyasət

Minsk qrupu missiyası sual altında qalıb

Bahar Muradova: "Rusiya və ABŞ arasında yaranmış soyuq münasibətlər ümidlərimizi bir az da azaldır"

Milli Məclis sədrinin müavini Bahar Muradova Krımın Rusiyaya birləşdirilməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və ABŞ arasında müşahidə olunan soyuq münasibətlərin münaqişənin həllinə hansı formada təsir göstərə biləcəyi məsələsinə münasibət bildirib.
APA-nın məlumatına görə B.Muradova bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin koordinasiya olunmuş fəaliyyətlərinin bütövlükdə səmərəsiz qaldığı əvvəllər də dəfələrlə vurğulanıb: "Bugünkü duruma nəzər salanda, baş verənlər, əlbəttə ki, ümidlərimizi bir az daha azaldır və həmsədrlərin vasitəçilik missiyasına nə dərəcədə sadiq olub-olmaması ilə bağlı suallar doğurur. Amma düşünürəm ki, Dağlıq Qarabağ məsələsinə münasibətdə bu ölkələr ümumi dil tapa biləcək. Ən azı, onların nümayəndələri bunu səsləndirməkdədirlər".
Vitse-spiker deyib ki, Azərbaycana təcavüzünə görə Ermənistana qarşı ən müxtəlif təzyiq üsullarından istifadə olunması məsələsi də dəfələrlə gündəmə gətirilib: "Təbiidir ki, istər ATƏT, istər AŞPA üzvü olan ölkələrdən birinin digərinin ərazisini işğal altında saxlaması beynəlxalq hüquq prinsiplərinin ayaq altına atılması deməkdir. Bu, eyni zamanda həmin təşkilatların özünün dəyər və prinsipinə biganə qalmaq, onu saymamaqdır. Ukraynada baş verən hadisələrdən sonra da bu məsələ dünyanın gündəminə daha kəskin şəkildə gəlib ki, həlli uzadılmış, dondurulmuş münaqişələr mütləq müzakirə edilməli, həllini tapmalıdır. Ona görə də ATƏT Parlament Assambleyasının növbəti iclaslarının birində bu tip məsələlərin müzakirəyə çıxarılması təklifi irəli sürmüşük".
Vitse-spiker Ermənistan nümayəndələrinin ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında iştirakı məsələsinə də toxunaraq, onların gəlib-gəlməyəcəkləri barədə məlumat olmadığını bildiriğ. O bildirib ki, iyunun 28-də Bakıda keçiriləcək ATƏT PA-nın 23-cü sessiyası "Regionda insan təhlükəsizliyi" mövzusuna həsr olunub.
B. Muradova Azərbaycanın artıq hazırlıqları yekunlaşdırmaq üzrə olduğunu söyləyib: "Biz 57 ölkədən nümayəndələr gözləyirik. Azərbaycanda birinci dəfədir belə geniş tədbir keçirilir, ona görə də bu tədbirin əhəmiyyətini xüsusi dəyərləndiririk. ATƏT Parlament Assambleyasının məhz belə bir regionda insan təhlükəsizliyi məsələsinə xüsusi əhəmiyyət verməsi təqdirəlayiqdir. Çünki insan təhlükəsizliyi məsələləri bu regionda daha çox narahatlıq doğurur".
Sessiyada Ermənistanın nümayəndələrinin iştirakına gəlincə, B. Muradova qeyd edib ki, bu, ATƏT PA-nın tədbiridir, Azərbaycan bu tədbirin keçirilməsinə şərait yaradır və özü də bu tədbirdə iştirak edir: "Dəvətlər eyni dərəcədə hər kəsə aiddir. Ermənistan nümayəndə heyəti də digər nümayəndə heyətləri kimi, bu tədbirdə iştirak etməlidir. Artıq bir çox otellərdə həmin müddət üçün yerlər tutulub. Ancaq bu günə qədər Ermənistan nümayəndələrinin gəlib-gəlməyəcəyi ilə bağlı məlumat yoxdur".