XİN təqdir edir Siyasət

XİN təqdir edir

Hikmət Hacıyev: "Rusiyanın Qarabağ münaqişəsinin həllini prioritet müəyyən etməsini alqışlayırıq"

Yeni xarici siyasət konsepsiyasında Rusiya tərəfindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin prioritet vəzifələr sırasında müəyyən olunmasını alqışlayır və təqdir edirik.
Bunu mətbuat üçün açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, konsepsiyada münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının 2009-2013-cü illərdə verdikləri bəyanatlarda ifadə olunan prinsiplərin əsas götürüldüyü qeyd olunur.
XİN rəsmisinin sözlərinə görə, bu bəyanatlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində xüsusilə mövcud status-kvonun qəbuledilməzliyi və qeyri-davamlı olduğunu vurğulayırlar:
"Azərbaycan tərəfi prezidentlərin Sankt-Peterburq görüşündə aparılmış müzakirələrə uyğun olaraq, Rusiya və ATƏT Minsk qrupunun digər həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli, qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun tezliklə dəyişdirilməsi istiqamətində konstruktiv addımlarını davam etdirəcək".