Milli Məclis həmsədrləri hesabat verməyə çağırır Siyasət

Milli Məclis həmsədrləri hesabat verməyə çağırır

Oqtay Əsədov: "Təzə bir məsələ çıxarıblar, Dağlıq Qarabağla tərəfdaşlıq... Dağlıq Qarabağ adlı dövlət tanıyan varmı?"
"Minsk qrupunun hesabatının ATƏT PA-nın Azərbaycanda keçiriləcək 23-cü sessiyasına daxil olunmasına çalışmalıyıq"

Dünən Milli Məclisin yaz sessiyanının 7-ci plenar iclası keçirildi. İclasın gündəliyinə 12 məsələ - İnzibati Xətalar, Cinayət Prosessual məcəllələrinə dəyişikliklər, "Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılığa mənsub ola bilən dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında", "Yol hərəkəti haqqında", "Dövlət rüsumu haqqında", Yaşıllıqların mühafizəsi haqqında", "Dövlət reyestri haqqında" qanunlara dəyişikliklər və bir sıra digər məsələlər daxil edilib.
Cari məsələlərlə bağlı çıxışlar zamanı deputat Əli Hüseynli Milli Məclislə bağlı mətbuatda gedən yalan xəbərlərdən şikayətləndi: "Təəssüf ki, bir sıra beynəlxalq təşkilatların mətbuatda parlamentin nüfuzuna xələl gətirən məlumatları dərc olunur. Bunların böyük əksəriyyətinin heç bir əsası yoxdur. Onu da qeyd etmək istəyirəm ki, parlament açıq, şəffaf orqandır. İstənilən məsələni açıq şəkildə müzakirə etməyə hazırıq. Amma bir neçə gün bundan əvvəl "Beynəlxalq Şəffaflıq - Azərbaycan" təşkilatının hesabatı dərc olunub. Hesabatın parlamentə aid olan hissədə qərəz dolu və böhtan var".
Komitə sədri Milli Məclisi şəffaflıq prosesini pozmaqda ittiham edən bu təşkilatı boykot etməyə çağırdı: "Təşkilatın rəhbəri Rəna Səfərəliyevanın özü Azərbaycan dövlətçiliyinin əleyhinə yönələn korrupsiya əməlinə yol verib. Bu günlərdə erməni kəşfiyyatı ilə əlaqədə suçlanan Leyla Yunus külli miqdarda, 100 minlərlə dollar vəsaitin nağdlaşdırılmasının iştirakçılarından biri də şəffaflıqdan danışan Rəna Səfərəliyevadır. Bu hesabata geniş şərh vermək istəmirəm. Amma hesab edirəm ki, onların baş ofisi Azərbaycandakı bu təşkilatla əməkdaşlığı dayandırmalıdır. Azərbaycan parlamentariləri isə bundan sonra həmin təşkilatla heç bir əlaqə qurmamalıdır".
Deputat Musa Qasımlı isə hüquq müdafiəçisi Leyla Yunusun polisə qarşı xoşagəlməz hərəkətlərinə etirazını bildirdi və papağı atılan polisin müdafiəsinə qalxdı: "Hesab edirəm ki, "Polis haqqında" qanuna əlavələr edilməsinə zərurət yaranıb. Parlament polisin nüfuzdan düşməsinə imkan verməməlidir. Dövlətimizin mühüm orqanı olan polisin son zamanlar alçaldılması və papağının ayaqlar altına atılması fikrimcə, ictimaiyyət tərəfindən şiddətlə qınanılmalıdır".
Millət vəkili Qənirə Paşayeva isə Azərbaycanda Hepatit B və C virusuna yoluxanların getdikcə artdığını və bunun insan sağlamlığı üçün böyük faciələrə səbəb olduğunu dedi. Onun sözlərinə görə, Hepatit B və C-nin artmasının qarşısının alınması, bu virusdan əziyyət çəkən insanların müalicəsinə və əməliyyatına dövlət dəstəyini nəzərdə tutan dövlət proqramının qısa zamanda qəbul edilməsi vacibdir: "Mərkəzi Neftçilər Xəstəxanasında qaraciyərlə bağlı həyata keçirilən 58 qaraciyər köçürmə, transplantologiya əməliyyatı zamanı aydın olub ki, 58 xəstənin 45 faizinin qaraciyərinin bu vəziyyətə düşməsi Hepatit C, təxminən 40 faizi Hepatit B mənşəlidir. Təkcə son həftədə Mərkəzi Neftçilər Xəstəxanasının transplantologiya şöbəsində həyata keçirilən qaraciyər köçürmə əməliyyatı zamanı məlum olub ki, xəstələrin üçünün qaraciyərinin ağır vəziyyətə düşməsinə səbəb Hepatit C olub. Bu əməliyyatların qiyməti isə aşağı və orta əmək haqlı Azərbaycan vətəndaşı üçün həddindən artıq bahadır".
Hepatit C-yə yoluxan xəstələrin qaraciyər köçürmə əməliyyatının 45 min manata, Hepatit B-li xəstələrdə isə qaraciyər əməliyyatında immunoqlobilinə ehtiyacı olduğu üçün 60 min manata başa gəldiyini deyən deputat bildirib ki, dünyanın hər yerində, o cümlədən ölkəmizdə də bu əməliyyatların baha olduğunu, eyni zamanda icbari tibbi sığortanın tətbiqinə hələ nail ola bilmədiyimizə görə və Hepatit B və C-nin getdikcə artdığını nəzərə alaraq bir çox məsələləri özündə əks etdirən dövlət proqramına ciddi ehtiyac var.
Deputat Fəzail Ağamalı isə dedi ki, Azərbaycanda erməni kəşfiyyatına işləyənlərin adları bəlli olub. Leyla Yunus anti-Azərbaycan qüvvələri və ermənilərlə birgə Azərbaycana qarşı mübarizə aparır. Necə olur ki, belə insanlara 5 illik viza verilir? Mən bütün millət vəkillərinə və ictimaiyyətə müraciət edirəm ki, bu məsələyə həssas yanaşsınlar. Mən bir millət vəkili olaraq Leyla Yunusun Azərbaycana qarşı ermənilərlə apardığı mübarizə haqqında dəfələrlə danışmışam. Artıq bu öz təsdiqini tapıb. Leyla Yunus erməni xüsusi xidmət orqanlarının təsiri altındadır. Erməni lobbisinin ayırdığı vəsaitlə Azərbaycana qarşı müxtəlif təxribatlar aparır".
YAP-çı deputat Siyavuş Novruzov bəzi hakimləri tənqid etdi: "Dövlət öz büdcəsindən hansısa bisavada və yaxud düzgün qərar verməyən birinə görə kimlərəsə vəsait ödəməməlidir. Avropa məhkəmələrinin bizdə olan məhkəmələrə tutduğu iradlardan biri də bəzi məhkəmələrdə prosedur qaydalarının pozulması nəticəsində prosesləri qeyri-obyektiv hesab etmələridir. Bunun nəticəsi olaraq Azərbaycan dövləti, Azərbaycan vətəndaşının vergiləri, gəlirləri hesabına topladığı büdcədən həmin insana təzminat ödəyir. 15-30 min avro. Protokolda da göstərilir ki, məsuliyyət yerli məhkəmələrin üzərinə düşməlidir. Əgər bu məsuliyyət düşürsə və o düzgün qərar qəbul etməyəcəksə, həmin təzminat onun əmək haqqından, əmlakından tutulsun və ödənilsin. Nəyə görə dövlət öz büdcəsindən hansısa bisavada və yaxud düzgün qərar verməyən birinə görə kimlərəsə vəsait ödəməlidir? Hesab edirəm ki, bu məsələyə yanaşmanı bu cür qoymalıyıq".
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev də qeyd etdi ki, Leyla Yunusun fəaliyyəti başdan-ayağa Azərbaycan dövlətinin əleyhinə yönəlib: "Təəssüf ki, xalq diplomatiyası adı altında çirkin oyunlar aparılır. Bu insanlar az qala bu məsələni inhisara alıblar. Həmin adamlardan biri olan Leyla Yunus Azərbaycan dilini necə təhqir edir? Özü deyir ki, bu dildən ancaq söyüş söyəndə istifadə edir. Bu gün bəzi səfirlər də bunun ətrafında sıx birləşib. Biz bütün QHT-lərə imkan yaratmışıq. Ancaq bu o demək deyil ki, bundan sui-istifadə edib dövlətçiliyimizin əleyhinə getməlidirlər".
Spiker Oqtay Əsədov deputatın dediklərinə belə reaksiya verdi: "Mənə maraqlıdır, siz həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının sədrisiniz, QHT-lərə layihələr üçün qrantlar ayırırsınız. Bəs sizin nəzarətiniz olurmu ki, kim nəyi necə həyata keçirir? Layihələr varsa, onlar axıra çatmalıdır. Mən demirəm ki, bu, bir nəzarət kimi olmalıdır. Amma hər halda, bu məsələyə diqqət yetirmək lazımdır. Çünki vicdanlı, vicdansız QHT-lər də var. Mən təəssüf etdim ki, "Şəffaflıq Azərbaycan" İctimai Birliyi araşdırma təşkilatı olduğunu iddia etsə də, əslində qarşıdurma təşkilatıdır. O, bəzi təşkilatlar kimi qarışdırma ilə məşğuldur. Onlar öz hesabatlarında küçə yazılarını götürüb dərc edirlər. Bəzən bunun günahı bizim özümüzdə olur. Çünki onların dediklərinə reaksiya vermirik. Parlamentə qarşı haqsız iradlar bildirir, Milli Məclisi çox pis vəziyyətdə göstərirlər".
Oqtay Əsədov Minsk qrupunun həmsədrlərinin fəaliyyətini də tənqid etdi. O, bildirdi ki, həmsədrlər yeni bir "mövzu" ortalığa çıxarıblar, Dağlıq Qarabağı "tərəf" kimi göstərirlər: "Təzə bir məsələ çıxarıblar, Dağlıq Qarabağla tərəfdaşlıq... Dağlıq Qarabağ adlı dövlət tanıyan varmı? Həmsədr təklif edir ki, Dağlıq Qarabağ tərəfdaş kimi olsun. Əslində məsələ bu cür qoyulmalıdır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunsun. Hətta bu yaxınlarda ABŞ-da bir tədbir hazırlanmışdı, orada amerikalı həmsədrin də iştirakı gözlənilirdi. Belə hallara yol vermək olmaz".
Spiker dedi ki, hətta bu yaxınlarda ABŞ-da erməni diasporu belə bir tədbir keçirməyə hazırlaşırdı: "Bizim hörmətli amerikalı həmsədr həmin tədbirdə iştirak etməli idi. Şükürlər olsun ki, başa düşüb iştirak etmədi. Belə hallara yol vermək olmaz".
Oqtay Əsədov ATƏT-in Minsk qrupunun hesabatının ATƏT PA-nın Azərbaycanda keçiriləcək 23-cü sessiyasına daxil olunmasını təklif etdi: "Hesab edirəm ki, biz buna çalışmalıyıq. Hesabatın sessiyaya daxil edilməsi ölkəmiz üçün çox faydalı olacaq".
Daha sonra spiker deputatlara iradını bildirdi: "Televiziyalar parlamentə qarşı haqsız iradlar bildirirlər. Son vaxtlar mən də hiss edirəm ki, nəyin ki, QHT-lər, hətta TV-lər belə parlamentə qarşı haqsız iradlar bildirirlər. Bizdə buna qarşı hər zaman dözümlü olmuşuq. Deputatlardan xahiş edirəm ki, edirəm diqqətli olsunlar. Elə televiziyalar var ki, Milli Məclisi çox pis formada təqdim ediblər. Üç-dörd gün sonra isə deputatlar gedib həmin kanallara müsahibə verirlər. Sizə belə münasibət göstərirlərsə, nə üçün, gedib müsahibə verirsiniz?!"
Spiker "Beynəlxalq Şəffaflıq - Azərbaycan" təşkilatının hazırladığı sənədlə bağlı da danışdı: "Çox təəssüf edirəm ki, belə bir araşdırma təşkilatı olan adam araşdırma ilə deyil, qarışdırma ilə məşğuldur. Bu məsələlər arasında fərq çoxdur. Araşdırma aparanda 1 və 2 il əvvəli araşdırırlar. Bu hesabatda küçə yazılarını götürüb araşdırma kimi yayırlar".
Parlamentin sədri mətbuata da etirazını bildirdi: "İşimizi-gücümüzü qurtarmışıq, o bundan yazdırır, bu da ondan yazdırır. Qurtarmaq lazımdır, bunları... Bəzən mətbuatı açanda utanıram ki, bütün bunlar Azərbaycanda baş verir. Azərbaycan mətbuatında ürəkaçan heç bir şey, analitik material yoxdur. Elə bizimkilərə də aiddir. Bəsdir, bunlara son qoymaq lazımdır! Bizim yüz dərdimiz var, dünyada aləm bir-birinə qarışıb, onunla məşğul olmalıyıq".

CAVAHŞİR