“Rusiya-Türkiyə münasibətləri maraqlar üzərində qurulan mürəkkəb toru xatırladır” Siyasət

“Rusiya-Türkiyə münasibətləri maraqlar üzərində qurulan mürəkkəb toru xatırladır”

Vüqar Zifəroğlu: "Lakin bəlli prinsipial məqamlarda manevr etmək üçün bir-birilərindən kənarda da dura bilmirlər"

Fəzail İbrahimli: "Bu, əslində diplomatik zərurətdən irəli gələn görüşdür"

Dünya mediasının da maraqla izlədiyi Ərdoğan Putin görüşü baş tutdu. Tərəflər narazı qaldıqları və hələ də həllini gözləyən problemlərlə bağlı müzakirələr apardılar. Xüsusən Suriya, eyni zamanda da terrorçularla bağlı məsələnin gündəmdə olacağı bildirilirdi.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı Soçiyə niyə dəvət edib görüş keçirdiyi doğrusu tam aydın olmadı. Onun sözlərinə görə, prezidentlər bir ay əvvəl Moskvada görüşmüşdülər və münasibətlərin bütün parametrlərini müzakirə etmişdilər: "Düşünmək olardı ki, Putin Ərdoğanı Soçiyə ona görə dəvət edib ki, hansısa problemli məsələnin həllində nəsə təklifi var, irəriləyiş gözlənilir. Ancaq bu görüşdən sonra bəlli oldu ki, Moskva Türkiyənin bəzi kənd təssərrüfatı məhsullarına, o cümlədən haqqında daha çox danışılan pomidora qoyduğu embarqonu ortadan qaldırmaq fikrində deyil. Putin bunun səbəbini belə izah etdi ki, iki ölkə arasında münasibətlər gərginləşəndə Rusiya hökuməti yerli pomidor istehsalçılarına dövlət kreditləri verib və onlar bazarı doldurmalıdırlar. Yəni Putin demək istəyirdi ki, Türkiyə pomidorunu Rusiya bazarına buraxsalar, Rusiya pomidorlarını alan olmayacaq. Türkiyənin Rusiyadan taxıl alıb-almayacağı da bəlli olmadı. Ayrıca, Putinin sözlərindən o da bəlli oldu ki, Türkiyə vətəndaşlarına tətbiq olunan viza da ortadan qaldırılmır". Elxan Şahinoğlu deyib ki, Putinin Ərdoğanın Suriyadakı silahlı kürdlərə dəstək verib-verməyəcəyi haqqında həssasiyyətini nəzərə alıb-almayacağı da bu görüşdən sonra bəlli olmadı: "İki ökə arasındakı enerji layihələri tam gücüylə davam edir. Ancaq bu Putin-Ərdoğan görüşündən öncə də məlum idi. Bizə aid olan isə odur ki, Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında xüsusi fikir mübadiləsi aparmadılar. Bu gözlənilən idi. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiya-Türkiyə dialoqunun əsas mövzularından biri deyil".
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu isə diqqətə çatdırıb ki, Rusiya ilə Türkiyənin münasibətlərini rəqabət içində fərqli hədəfləri olan iki böyük qüvvənin xarici və daxili şərtlərin təsiri ilə yaranmış ittifaqı kimi qiymətləndirmək olar. O bildirib ki, bu münasibətlərin hansı dərəcədə ciddi müttəfiq səviyyəsinə qalxmasını müəyyənləşdirən amillər, məhz xarici təsirlərdir: "Hazırkı dönəmdə istər Yaxın Şərqdə, istər post-Sovet məkanında baş verənlər, eləcə də Qərb-Rusiya, Qərb-Türkiyə münasibətləri, bu münasibətlərin konturlarını cızan başlıca amillərdir. Təbii ki, şərtlər bu iki dövlətin biri-biri ilə yaxınlaşmasını indiki vaxtda az qala məcburi xarakter almasına səbəb olur. Hər halda belə yaxınlaşma, heç şübhəsiz ki, bir çox məsələlərə öz təsirini göstərəcək. Rusiya-Türkiyə münasibətləri həm iqtisadi, həm də siyasi maraqlar üzərində qurulan mürəkkəb toru xatırladır. Onların biri-birindən xoşu gəlmir, lakin bəlli prinsipial məqamlarda manevr etmək üçün bir-birilərindən kənarda da dura bilmirlər". Politoloq hesab edir ki, hazırda münasibətlərin normallaşmağa doğru gedəcəyini düşünmək olar: "Lakin bir daha təkrar edirəm. Bu münasibətlər son dərəcə mürəkkəb elementlərin təsiri ilə formalaşmış münasibətlərdir və dayanıqlı əsaslara malik deyil. Türkiyə və Rusiyanın prinsipial məsələlərdə razılığa gəlməsi çətindir. Çünki hər iki ölkə regionda – Yaxın Şərqdən tutmuş, Qafqazlara, Balkanlara qədər oturuşmuş ənənəvi siyasi baxışları olan iki böyük imperiyanın varisləridir. Hər ikisi iddialıdır. Hər iki dövlətin maraqları, hədəfləri var".
Millət vəkili Fəzail İbrahimli bildirib ki, Türkiyə və Rusiya liderlərinin görüşü bir-birinə səmimi münasibətindən irəli gələn görüş deyil. Onun fikrincə, bu, əslində diplomatik zərurətdən irəli gələn görüşdür: "Mən təkcə nəticəni deyil, eyni zamanda bu görüşün reallaşmasını müsbət addım hesab edirəm. Bu gün Rusiya dünyada sanki təklənmiş vəziyyətdədir. Qərb dünyası tərəfindən bu ölkəyə qarşı sanksiyalar tətbiq olunur. Bu gün demək olar ki, Türkiyə də Rusiya kimi Qərb tərəfindən təklənib və dışlanmaqdadır". Millət vəkili hesab edir ki, bu gün beynəlxalq və regionda yaranmış durum, eyni zamanda Türkiyəyə olan təhdidlər. Ankaranı Moskva ilə yaxınlığa vadar etdiyindən, münasibətlərin indiki şəraitdə yaxınlığı hər iki ölkənin maraqlarına cavab verir: "Ən azından bu yolla özlərini bu təcriddən qoruya bilir və müqaviməti təşkil edirlər. Hesab edirəm ki, Türkiyə ilə Rusiya yaranmış durumu dəyərləndirib əlaqələrini daha sıx inkişaf etdiməlidirlər. Bu hər iki ölkənin maraqlarına xidmət edir. Ən azından hər iki ölkənin lideri vəziyyəti dəyərləndirib regionda sabitliyə nail olmalıdır". Millət vəkili sonda bildirib ki, Rusiya Türkiyə arasındakı yaxınlaşma Avropa tərəfindən qısqanclıqla qarşılanır: "Bir zamanlar Türkiyə ilə Rusiya arasında gərginlik yaradan ölkələr və qüvvələr bu gün bu münasibətlərin yaxınlaşmasından ciddi əndişə keçirirlər. Odur ki, mən görüşü tək iki ölkə münasibətləri baxımından deyil, eyni zamanda Türkiyə-Azərbaycan-Rusiya münasibətləri baxımından da müsbət hal kimi dəyərləndirirəm".