“Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimləri çox vacibdir” Siyasət

“Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimləri çox vacibdir”

Üzeyir Cəfərov: "Zabit və əsgərlərimiz döyüş hazırlığını yüksəldirlər"

"Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimləri çox vacibdir. Azərbaycan üçün bu təlimlərin önəmi ondan ibarətdir ki, zabit və əsgərlərimiz döyüş hazırlığını yüksəldirlər. Gürcüstana bu təlimlərin əhəmiyyəti NATO-ya üzv olmağa hazırlaşan bir ölkənin hərbi qüvvələri üçün Türkiyə kimi alyansın tanınmış ölkəsinin bilik və bacarığından yararlanmaq imkanı olacaq". Bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov səsləndirib: "Bundan əlavə, bu üçlük gələcəkdə üç ölkənin iqtisadi maraqlarına görə birgə fəaliyyət göstərəcək və əlaqəli şəkildə işlərini koordinasiya edəcəklər. Bakı-Tiblisi-Ceyhan enerji, Bakı-Tiblisi-Qars nəqliyyat məsələlərində birgə fəaliyyət göstərəcəklər. Çoxalan təhlükələrin fonunda birgə təlimlərin əhəmiyyəti ondan ibarətdir ki, istənilən ölkənin ərazisində ən azından bir-birinə dəstək olacaqlar və bir-birini məlumatlandıracaqlar. Demirəm ki, bu üçlük döyüş əməliyyatlarında birgə iştirak edəcəklər. Sırf lokal xarakterli, terrorçuların zərərsizləşdirilməsi, təhlükənin öncədən proqnozlaşdırılması və aradan qaldırılmasında birgə fəaliyyət göstərə bilərlər".
Rusiyanın bu məsələlərə hansı reaksiya göstərməsi məsələsinə gəldikdə isə hərbi ekspert bildirib ki, rəsmi Moskva bu tip məsələlərə qarışa bilməz: "Rusiya prezidenti Vladimir Putin çıxışında dedi ki, ABŞ hər bir bölgəyə müdaxilə edir. Rusiya bilir ki, Gürcüstanın yolu qətidir, Gürcüstan bu yoldan dönməyəcək. Türkiyə NATO ölkəsidir. Türkiyə-Rusiya münasibətləri normal məcrada gedir. Azərbaycana gəldikdə isə, Azərbaycanın öz dövlət maraqları var.
Düşünmürəm ki, Rusiya üçtərəfli münasibətlərlə bağlı ciddi reaksiya verəcək, çünki bu münasibətlər hər hansısa bir ölkəyə qarşı yönəlməyib. Bu münasibətlər hər bir ölkənin daxili, milli, iqtisadi maraqlarını, təhlükəsizliyini təmin etmək üçündür".