“Ermənistanın “İsgəndər” raketlərini vurmağa qadirik” Siyasət

“Ermənistanın “İsgəndər” raketlərini vurmağa qadirik”

Azərbaycan Ermənistanda yerləşən "İsgəndər" komplekslərinin raketlərini vura biləcək raket əleyhinə silahlara malikdir.
Bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.
"Müdafiə naziri olaraq bəyan edirəm ki, bizim "İsgəndər" raketlərinə qarşı sistemimiz var. Bizim də raketlərimiz var, onların sayı 50 dəfə çoxdur. Dediklərimə görə tam məsuliyyət daşıyıram. Təsəvvür edin, onlar bunu tətbiq etmək fikrinə düşsələr, hərbi hədəflərə və infrastruktura cavab atəşi necə olacaq?", - deyə o vurğulayıb.
Zakir Həsənov qeyd edib ki, Azərbaycan həmin raketləri Rusiyadan almasa da, keyfiyyət baxımından analoqlarından geri qalmır: "İsgəndər" yaxşı raket sistemidir. Lakin bir neçə sual var. İlk növbədə bu hansı "İsgəndər"dir? Onların bir neçə növü var. İkincisi, həmin "İsgəndər"lərin vəziyyəti necədir. Üçüncüsü, kim o "İsgəndər"ləri idarə edir. Dördüncüsü, onlar "İsgəndər"ləri tətbiq edə biləcəklərmi? Hərbçi olaraq, biz həmişə ən pis variantı nəzərdən keçiririk, ona hazırıq. Düzdür, biz o raketləri Rusiyadan almamışıq, lakin keyfiyyətinə görə heç də geri qalmır. Mən sizə deyim, biz döyüş atəşləri həyata keçirmişik, nəticə əladır. Əminik ki, yaşayış məntəqələri və Silahlı Qüvvələrimizi müdafiə edə bilərik".
Müdafiə naziri qeyd edib ki, b iz ermənilərin nəyə ümid etdiyini bilirik: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaqla, Ermənistan digər ölkələri öz təxribatlarının girovuna çevirir. Onlar bilirlər ki, əgər heç kim situasiyaya müdaxilə etməsə, heç 3 gün davam gətirə bilməyəcəklər. 2016-cı ildə artıq bu, baş verib. Bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq sındırılacaqdı. Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik".
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandıran nazir bildrib ki, Azərbaycan problemin sülh yolu ilə həllinə sadiqdir: "Lakin bu o demək deyil ki, danışıqlar sonsuzluğa qədər davam edə bilər. Onlar çox uzandı. Danışıqlar naminə danışıqlar bizə lazım deyil. Ətrafa diqqət yetirin, beynəlxalq qanunlar artıq işləmir, hamı gücə amilinə arxalanır. Əlbəttə ki, biz buna reaksiya verməliyik".