“Ermənistan güzəştə getməsi üçün ilk növbədə hərbi təzyiqləri artırmalıdır” Siyasət

“Ermənistan güzəştə getməsi üçün ilk növbədə hərbi təzyiqləri artırmalıdır”

Məhəmməd Əsədullazadə: "Mümkün vasitələrdən istifadə edilməlidir"

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin cari ildə regiona səfərləri demək olar ki, münaqişə ətrafında vəziyyəti nizama salmaq əvəzinə vəziyyət daha da mürəkkəbləşdi". Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib: "Ermənistan silahlı qüvvələri cəbhə xəttində geniş təxribatlar həyata keçirərək mülki əhalini hədəfə aldılar. Təbii ki, işğalçı ölkənin bu fonda davam edən destruktiv mövqeyi hərbi toqquşmaların baş verməsini yaxınlaşdırır. Brüsseldə həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə müsbət nəticə olmasada danışıqların aparılması qərara alındı. Amma bu danışıqların hansı formatda keçirilməsi açıqlanmayıb. Növbəti görüşün Nyu-Yorkda yenidən keçirilməsi razılaşdırılıb. Həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin ilin axırına kimi görüşü də nəzərdə tutulub. Hazırda Ermənistan bir ildi danışıqlar prosesindən çəkilib. Alxanlı təxribatından sonra müəyyən qədər danışıqlara başlamağa razılıq verən işğalçı ölkə Azərbaycanın mümkün hərbi təzyiqlərindən nəticə çıxarmış olub. Qeyd edim ki, sentyabrda xarici işlər nazirlərinin və prezidentlərin gözlənilən görüşündə ciddi nəticələrin olacağı gözlənilmir. İlk növbədə Ermənistan substantiv danışıqlara razı olmalı, mərhələli həll variantına razılaşmalıdır. Bu aspektdə gedən danışıqlarda müsbət nəticə ola bilər. Amma Ermənistan danışıqlara qatılsada bu o demək deyil ki, işğalçı ölkə əraziləri boşaldacaq. Bu ilin axırına kimi nəticə yalnız danışıqların davam etdirilməsi olacaq. Serj Sarkisyan bir müddət bundan əvvəl verdiyi müsahibədə güzəştə getməyəcəklərini, yalnız kompromisə gedə biləcəklərini qeyd edir. Hesab edirəm ki, Ermənistanın güzəştə getməsi üçün ilk növbədə hərbi təzyiqləri artırmalı, mümkün vasitələrdən istifadə edilməlidir".