“İranda indi başa düşürlər ki...” Siyasət

“İranda indi başa düşürlər ki...”

Mübariz Əhmədoğlu: "Ermənistan onunla "Araz" AİZ çərçivəsində əməkdaşlığa meylli deyil"


"Ermənistanın iqtisadiyyat və investisiya naziri Karayanın sentyabrın 19 da "Araz"-AİZ lə tanışlıq məqsədi ilə İrana səfərə hazırlaşdığı vaxtda İranın Şəhərsalma və Yol naziri Abbas Axundi sentyabrın 17 də Ərdəbildə oldu. Axundinin məqsədi Ərdəbil-Parsabad- Aslandüz (Horadiz) nəqliyyat layihəsinin reallaşdırılmasının vəziyyəti ilə tanış olmaq idi. Ərdəbil-Parsabad- Aslandüz (Horadiz) avtomobil və dəmir yolu İranın çoxdan reallaşdırmaq istədiyi layihədir. Bu layihədə ilkin addımlar atılıb. Məqsəd Ərdəbil ostanın məhsullarını İran ərazisi vasitəsilə mümkün qədər daha qısa məsafə ilə Azərbaycanın ərazisinə çıxarmaqdır. İran gələcəkdə avtomobil və dəmir yolunu Horadizdən Gəncəyə, oradan Gürcüstanadək uzatmaq istəyir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun fikrincə, çox böyük ehtimalla bu marşrut Ərdəbillə məhdudlaşmayacaq: "Gələcəkdə Şərqi Azərbaycan (Təbriz) və Qərbi Azərbaycanın (Urmiya) da yükləri bu nəqliyyat koridoru vasitəsilə daşına bilinər. Təbrizdən Ərdəbilədək olan məsafə Təbrizdən Qəzvinədək olan məsafədən qat-qat qısadır. Bu ideyalar çoxdan mövcud olsa da İran Ermənistanın da qonşu kimi maraqlarını nəzərə aldığı üçün layihənin sürətini zəiflətmişdi. Maliyyə problemi də özünü göstərirdi.
İran Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlıq məqsədilə "Araz" AİZ-in yaradılması təşəbbüsünü irəli sürdü və ilkin addımlar atıb. "Araz" AİZ-in reallaşması Arazqırağı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını diktə edirdi. Bu səbəbdən də Ermənistan İranın təklif etdiyi layihədən imtina etdi və vəziyyəti müvəqqəti də olsa öz xeyrinə dəyişdirə bildi. "Mehri" AİZ-lə bağlı sənəd imzalandı: İran və Ermənistan Mehri-Nordüz keçid məntəqəsində ticarət edəcəkdilər. Lakin sonradan İran Azərbaycanın özünün iqtisadi layihələrdə iştirakının əhəmiyyətini nəzərə alaraq mövqeyini dəyişdi. Mehri-Nordüz gömrük zonası ilə bağlı müqavilə imzalanmasına baxmayaraq Ermənistanı yenidən "Araz" AİZ-ə qoşulmağa vadar etdi. İndi "Mehri" və "Araz" AİZ-ləri arasında əməkdaşlığın genişləndirilməsi adı ilə İran Ermənistanı "Araz" AİZ-ə qoşmaq istəyir".
Onun sözlərinə görə, İranda indi başa düşürlər ki, Ermənistan onunla "Araz" AİZ çərçivəsində əməkdaşlığa meylli deyil: "Son aylarda Ermənistan İsraillə əlaqələrə daha çox üstünlük verir və bunun nəticəsində İran Ərdəbil-Parsabad-Aslandüz (Horadiz) nəqliyyat koridorunu sürətləndirmək istəyir. Bu koridorun fəaliyyətə başlaması Ermənistanın izolyasiyası deməkdir. Aslandüz-Horadizdən İranın qatarları artıq keçmiş Moskva-Tehran dəmir yoluna çıxacaq."Araz" Azad İqtisadi Zonanın fəaliyyətə başlaması Arazqırağı ərazilərin işğaldan azad edilməsini və Mehri dəmir yolunun işə başlamasını diktə edir. Əgər qısa müddətdə Ermənistan rəsmən razılıq verməzsə Ərdəbil-Parsabad-Aslandüz-Horadiz nəqliyyat marşrutu işə başlayacaq".